102 yaşlı Cümhuriyyətin 114-cü yerdəki futbolu – Acı gerçəklik

102 yaşlı Cümhuriyyətin 114-cü yerdəki futbolu – Acı gerçəklik

Amal Abuşov

Mayın 28-i qəlbi Azərbaycan sevdasıyla döyünən hər bir vətəndaşımız üçün özəl gün idi. Canımız qədər sevdiyimiz, varlığı ilə qürur duyduğumuz, adını hər yerdə fəxrlə çəkdiyimiz Azərbyacanımızın yaranış gününü bayram edirdik.

Düz 102 il əvvəl dəyərli kişilər yoxdan bir Cümhuriyyət var etdilər, onu qurdular, yaratdılar, dünyaya tanıtdılar. Cəmi 23 ay yaşamağı bacaran həmin o Cümhuriyyət dünya tarixində heç vaxt silinməsi mümkün olmayan izlər buraxdı. Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının bu tarixi əsəri müsəlman şərqində ilk Xalq Cümhuriyyəti, yəni Demokratir Respublika olmaqla yeni bir səhifənin başlanğıcı oldu. Həmin dövrün qarışıqlığı, dünyanın siyasi xəritəsinin yenidən formalaşmağa başlaması, mürəkkəb coğrafiyada yerləşməyimiz, qonşularımızın varlığımızı həzm edə bilməməsi, Bakı neftini əldən buraxmaq istəməyən Rusiya İmperiyasının içimizdəki xainlərlə dil və işbirliyinə varması Azərbaycan Xalq Cümhuriyyərinin ömrünü qısa etdi. Amma artıq yeni tarix yazılmışdı və Rəsulzadənin səpdiyi müstəqillik toxumu, yüksəltdiyi üçrəngli bayrağın ideologiyası mütləq yenidən cücərəcək, o bayrağı yenidən yüksəklərə qaldıracaqdı. Elə də oldu. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Həmin tarixi gündə elan olunan konstitusiya aktında çox vacib bir bənd yer alırdı: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidi”. Deməli, 1918-ci ildə olduğu kimi, 1991-ci ildə də Azərbaycanda çox böyük kişilər yaşayıb. Həmin kişilər vacib məqamda Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının qurduğu Cümhuriyyəti unutmayıb, özlərini bu missiyanın davamçısı elan ediblər. Missiyanın adı isə müstəqil Azərbaycan dövlətini gücləndirmək, yaşatmaq, onu dünyaya tanıtmaq, imzaların içinə imzamızı yazmaq idi. İlk vaxtlar bunu çətinliklə də olsa, bacardıq. Müstəqil ölkə kimi dünya birliyinə inteqrasiya etdik, özümüzü tanıtdırmağa başladıq, kövrək addımlarla irəliləməyə, böyüməyə başladıq. Hərə öz sahəsində müstəqil ölkəmizə töhfəsini verməyə çalışdı, əlindən gələni etdi. "Hər şey Azərbaycan üçün” şüarı dilimizin əzbərinə, qəlbimizin hakiminə çevrildi. Elə bu həmrəyliyin, elin gücünü selin gücünə çevirmək çabalarının sayəsində öz ayaqlarımızın üzərində möhkəm durmağı bacardıq, imzamızı izmaların içində göstərə bildik.

Bütün başqa sahələrdə olduğu kimi, futbolda da müstəqilliyimizi göstərməyimiz vacib idi. O vaxtın futbol funskionerləri, futbolçuları ilə dəfələrlə bu mövzuda söhbətləşmişəm. AFFA-nın o vaxtkı təsis konfransının Neft Akademiyasının akt zalında necə keçirilməsindən, məhz Avropanın futbol ailəsinə daxil olmağımız üçün necə prinsipiallıq göstərilməsindən xəbərdaram. Məhz həmin vacib və uzaqgörən addımla Azərbaycan Asiya ölkələrinin arasında itməyib, özümüzü Avropaya pərçim edə bilmişik. Elə bunun da sayəsində günümüz ərəblərlə top-top oynamaqla keçməyib, Almaniya, İngiltərə, İtaliya kimi futbol ölkələriylə bir sırada dayanmışıq, bu komandaları Bakıya gətirmişik. Klublarımız "köhnə dünya”nın klub turnirlərinə qatılıb, Azərbaycan çempionu dünyanın ən nüfuzlu idman yarışlarından biri sayılan Çempionlar Liqasının qrup mərhələsində oynamaq, bununla da özünü tanıtmaq imkanı qazanıb. Hələ rəhmətlik Fuad Musayevin necə mürəkkəb şəraitdə milli komandanı formalaşdırmasını, Gürcüstanla yoldaşlıq görüşünü tez-tələsik təşkil edib, oyunun protokolunu UEFA-ya göndərməsini demirəm. Bu tələskənlik ona görə idi ki, tarix boyunca yırtıcı dişlərini üstümüzə qıcayan ruslar bizdən asanlıqla əl çəkmək istəmirdilər. Azərbaycan futbolunun yetirmələri Nazim Süleymanovu, Vəli Qasımovu qamarlamaq istəyən şimallılar onları şirin vədlərlə yoldan çıxarmaq, bizdən uzaqlaşdırmaq fikrində idilər. Bəlkə də heç öz milli komandalarında da oynatmayacaqdılar, əsas niyyət Azərbaycanı zəiflətmək idi. Yaxşı ki, rəhmətlik Musayevin uzaqgörənliyi və qətiyyəti, Süleymanovla Qasımovun əsl vətəni seçməsi rusların bu niyyətini gözlərində qoydu.

Bütün bunlar yaxın və uzaq keçmişin dərsləridi. Fədakar və vətənpərvər insanların sayəsində müstəqilliyimizi qorumaq, nüfuzlu təşkilatlarda özümüzü qəbul etdirmək mümkün olub. Bunları düşünəndə qürurlanırıq, qəlbimiz fərəh hissiylə dolur. Çox təəssüf ki, Azərbaycan adının FİFA-nın reytinq sıralamasında yazıldığı pilləni görəndə bu fərəh hissinin yerini xəcalət tutur. 114-cü sıra, Farer adalarından, Zimbabvedən, Nigerdən, Mozambikdən, Fələstindən, Haitidən... mənfur qonşularımız ermənilərdən geridə qalmağımız, onlara aşağıdan yuxarı baxmağımız bizi utandırır, qəlbimizi incidir, qürurumuzu əzir. Çox təəssüf ki, hazırda AFFA-ya rəhbərlik edənlər, hər il bu qurumun büdcəsinə neft pullarından ayrılan milyonları havaya sovurub, ciblərini dolduranlar xəcalət çəkmirlər. Pulumuzu Foqtsa, Prosineçkiyə, Lippertə, Yurçeviçə və bu tip gəlmələrə yedirənlər tarix, vətən qarşısında məsuliyyət hissindən uzaq adamlardı. Məhz onların pula hərisliyi, futbola uzaqlığı, vurdum-duymazlığı sayəsində 102 yaşlı Azərbaycanın adı dünya sıralamasında 114-cü sıradadı. Qoy AFFA-nın başbilənləri bu biabırçı duruma görə 102 il əvvəl Cümhuriyyəti quran kişilərdən, 1991-ci ildə onu bərpa edənlərdən, elə xalqımızdan da üzr istəsin. Özünüzdə cəsarət tapın!

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR