"19 yaşım olanda Premyer Liqada oynayırdım və həftəlik 85 funt maaşla iki uşağa baxmalı idim" - Stiven Ayrlendlə birə-bir

2001-2010-cu illər aralığında (2005-ci ildən sonra professional kimi) "Mançester Siti"də çıxış edən Stiven Ayrlend karyerasının əvvəllərində yaşadığı problemlərdən bəhs edib:
 
"18 yaşımda artıq iki uşaq atası idim və onlara təkbaşına baxmalı idim. Çünki ikinci uşağımız 8 aylıq olanda, qızdan ayrıldım və o, İrlandiyaya qayıtdı. Həmin an həyatım alt-üst oldu. 17, 18, 19 yaşlar, iki uşaq və sən... - çətin idi, həm də çox.

Klubdan dəstək vermirdilər. 19 yaşım olanda Premyer Liqada oynayırdım və həftəlik 85 funt maaşla iki uşağa baxmalı idim. Qızım 8, oğlum isə təxminən 22 aylıq idi. Ailəmdən də dəstək almırdım. Anamla atam ayrılmışdılar. Anam İngiltərədə idi - mənimlə danışmırdı -, atam isə İrlandiyada. Atama yüklənə bilmirdim. Bütün təzyiq üzərimdə, çıxılmaz vəziyyətdə qalmışdım.

Taksi ilə oyunlara gedirdim. Körpə uşaq qolumda, bir əlimdə çanta... - belə vəziyyətdə stadiona daxil olurdum. "Bu manyak kimdi, görəsən?" - yəqin ki, azarkeşlər belə düşünürmüşlər.

"Mançester Yunayted" kimi güclü komandalara qarşı oynayırdım, matçlar televiziyada canlı yayımlanırdı. Oyunlar vaxtı uşaqlar oyunçular üçün ayrılmış istirahət otağında qalırdılar. Onlara Trevor Sinkleyrin qohumu baxırdı.

Mayka Riçards, Co Hart və digərləri oyunlardan sonra bir yerə yığışıb, qələbələri filan qeyd edərdilər. Məni də çağırardılar: "Stiven, bu gecə gəlirsən?" Getmək imkanım yox idi. Çünki şənbə gecələri evdə uşaqların pampersini dəyişirdim və çöldən aldığım yeməkləri yeyə-yeyə televizora baxırdım. Yaşı ikidən az olan iki uşaqla təkbaşınasan, məyus halda... - özünü, qeyd ediləsi bir şey olduğuna belə, inandıra bilmirsən".
 


"Mançester Siti"dən ayrılması və Mançini faktoru haqda:

"Özümü Roberto Mançiniyə bəyəndirmək üçün əlimdən gələni edirdim. Təsəvvür edin, hətta ona yaxınlaşıb demişdim: "10 nömrə" kimi oynadığını xatırlayıram, zərbə məşqindən sonra birə-bir çalışa bilərik? Mənə bir-iki şey öyrədərdin". Ümid edirdim ki, öyrənməyə meyilli olduğumu düşünəcək. Təəssüf ki, bəzən futbolda işlərin qaydasında getməsi üçün istəmədən də olsa yaltaqlıq etməli olursan. Sadəcə, "Mançester Siti" mənim üçün çox böyük məna ifadə edirdi.

Yay boyunca üzərimdə işləmişdim. "Mançester Siti"ni tərk etməyəcəyimə özümü inandırmışdım. Ürəyimdəki klubdan söhbət gedir. Orada uzun müddət qalmaq istəyirdim. Mançinini sevməsəm də, sırf "Siti"yə görə onunla anlaşmağın bir yolunu tapmağa çalışırdım.

ABŞ-da idik. Formada idim, hər şey qaydasında gedirdi. Mançini hər oyunda kapitanlıq sarğısını mənə tapşırırdı. Hətta xanımıma və dostlarıma demişdim: "Deyəsən, onu ələ ala bilmişəm".

Yeni mövsüm hazırlıqları bitmək üzrə idi, son matçımıza çıxacaqdıq. Mançini ilə görüşdük. Bəzi şeyləri tərcümə etmək üçün Deyvid Platt (Mançininin köməkçisi) da orada idi. Söhbətə başladım: "Aramızda müəyyən ədavət var idi, ancaq düşünürəm ki, artıq hər şey qaydasına düşüb. Həqiqətən də, rəhbərliyin altında yaxşı mövsüm keçirmək istəyirəm". Gülməyə başladı. İsterik şəkildə gülürdü. Mən də öz-özümə düşünürdüm: "Görəsən, gülməli nəsə demişəm?"

Mən Deyvid Platta, o da mənə baxırdı. Mançini dilləndi: "Qulaq as, adını Premyer Liqanın iştirak ərizəsinə salmayacağıq. Mövsüm başlamamış klubdan ayrılsan, yaxşı olar, yoxsa bir il boyunca gənclərlə birlikdə oynamalı olacaqsan".

O an çökdüm. Uşaqlarımın canına and içirəm ki, otağa qayıtdım və göz yaşlarımı saxlaya bilmədim. Sonra xanımıma zəng etdim. İnanın, olanları ona deyəndə sözlər boğazımda düyümlənib qalmışdı.

Həmin gün "Siti" forması ilə son matçıma çıxdım. Əslində, oynamaq istəmirdim, halım yox idi. Hətta Mançiniyə yaxınlaşıb demişdim: "Bu gün oynamasam, olar?" Cavab verdi: "Yox, kapitansan". Mən də əlavə etdim: "Klubdan ayrılmalı olduğumu deyirsənsə, heç olmasa, izin ver, bunu necə edəcəyimə özüm qərar verim". Yenə "yox" dedi.

Bir neçə ay sonra təsadüfən onunla rastlaşdım. Məni qucaqladı və dedi: "Necəsən? Yaxşıdı hər şey?" Yoluma davam edə-edə öz-özümə düşündüm: "Mənə qarşı necə belə ola bilir? Bir neçə ay əvvəl komandada olanda məndən zəhləsi gedirdi".
 


Ayrlend hazırda işsizdi. Nə qədər çalışsa da, klublar ona şans vermək istəmir:

"Hələ də İngiltərədə elit səviyyədə asanlıqla oynaya biləcəyimi düşünürəm. Problem ondadı ki, məndən başqa heç kim buna inanmır. Hətta Çempionşip və Birinci Liqa klublarından da təklif almamışam. Bu, qorxuncdu. İnanırsız, klubların bəzilərinə özüm demişəm ki, məni 6 aylıq sınaqdan keçirin. Həmin müddətdə pulsuz oynamağa da razıyam. Çünki dərdim pul deyil, sadəcə, futbol oynamaq istəyirəm".



OXŞAR XƏBƏRLƏR