19 yaşlı idmançımızdan növbəti qızıl medal gəldi!

19 yaşlı idmançımızdan növbəti qızıl medal gəldi!

Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. 

Sport7.az xəbər verir ki, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.
 
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha 2 üzvü tatami üzərinə çıxıb. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Ağakişiyeva qüvvəsini sınayıb.

Kişilər
68 kq
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonsales Bonilya (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
 
"Neftçi" İdman Klubunun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.
 
Ayxan finalda polşalı Karol Robakla üz-üzə gəlib. Görüş taekvondoçumuz üçün yaxşı başlamasa da, uğurla yekunlaşıb. İdmançımız 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza qızıl medal qazandırıb.
 
Bu yığmamızın 11-ci "qızıl”ı, ümumilikdə isə komandamızın 23-cü mükafatı olub.
 
Qadınlar
57 kq
Mübarizəyə ilkin mərhələdən başlayan Günay Ağakişiyevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olub. Görüş Günay üçün məğlubiyyətlə başa çatıb. Daha təcrübəli Qladoviç 8:4 hesabı ilə qalib gəlib. Lakin o növbəti döyüşdə uduzduğundan Ağakişiyeva təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
 
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında III yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR