Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

Sport7.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Cavid Cavadov dünya çempionatına inamlı qələbəylə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Özbəkistan idmançısına yenilib. Rəqib finala yüksəldiyi üçün Cavid iyulun 30-da təsəlliverici görüşdə qüvvəsini sınayıb və monqolustanlı həmkarına qalib gəlib. Ancaq hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib. 
 
Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və 1/4 finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub. 
 
Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü əzmkar qələbə qazanaraq dünya çempionu olub!
 
Fərid Cabbarov gərgin keçən görüşdə amerikalı güləşçiyə uduzub.
 
Hamlet Nəsibli ilk görüşdə ukraynalı həmkarıyla bacarmayıb.

48 kq

1/8 final - Cavid Cavadov - Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)
1/4 final - Cavid Cavadov - Kamronbek Kadamov (UZB) 4:8
Təsəlliverici görüş - Cavid Cavadov - Otqonbaatar Boldbaatar (MGL) 9:7
Bürünc medal görüşü - Cavid Cavadov - Udit Udit (İND) 2:11

55 kq

Təsnifat - Zirəddin Bayramov - İvan Xramika (BLR) 10:0
1/8 final - Zirəddin Bayramov - Simone Vinçentso Piroddu (İTA) 10:0
1/4 final - Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 2:4

65 kq

Təsnifat - Cəbrayıl Hacıyev - Mikayıl Topal (TUR) 11:5
1/8 final - Cəbrayıl Hacıyev - Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:3
1/4 final - Cəbrayıl Hacıyev - Ryosuke Kera (JPN) 6:4
1/2 final - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) *7:7
FİNAL - Cəbrayıl Hacıyev - Batirbek Tsxovrebov (RUS) 6:4

80 kq
 
Təsnifat - Fərid Cabbarov - Klayton Edqar Ulrey (USA) 4:4*

110 kq
 
1/8 final - Hamlet Nəsibli - David Mçelidze (UKR) 0:2
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR