Koronavirus fasiləsindən sonra 4 avtoqol - Almaniyada

Koronavirus fasiləsindən sonra 4 avtoqol - Almaniyada

Təxminən 3 aylıq fasilənin ardından, mayın 16-dan etibarən Almaniyada futbol yarışlarının keçirilməsinə icazə verildi. Koronavirusdan sonra bərpa olunan ölkənin əsas və 2-ci Bundesliqasında avtoqollar diqqət çəkib.
 
Sport7.az-ın araşdırmasına görə Almaniyanın əsas və 2-ci Bundesliqasının bərpasından sonra geridə qalan iki turda futbolçular ümumilikdə 4 dəfə qapıların yerini dəyişik salıb. Qollardan biri 26-cı, qalan üçü isə 27-ci turda vurulub. 

Budesliqanın 26-cı turunda baş tutan "Hoffenhaym" - "Herta" matçının 58-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kevin Akpoquma rəqibi sevindirib. O komandasını hesabda geri salıb. Bundan sonra "Herta" daha iki dəfə fərqlənərək meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

27-ci turda isə avtoqol "Bavariya" - "Ayntraxt" matçında qeydə alınıb. Münhen təmsilçisinin 5:2 hesablı qələbə qazandığı görüşdə son nöqtəni məhz "Ayntraxt"ın futbolçusu Martin Hinteregger qoyub. O, 74-cü dəqiqədə öz qapıçısını məyus etməklə, "Bavariya"nın sevincinə sevinc qatıb.

Digər avtoqollar isə 2-ci Bundesliqanın 27-ci turunda vurulub. Millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi Aue təmsilçisi "Ertsebirge" səfərdə "Nürnberq"in qonağı olub. Matçın 51-ci dəqiqəsində məhz Nazarov komandasını önə çıxarsa da bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. Belə ki, 63-cü dəqiqədə millimizin üzvünün komanda yoldaşı Soren Qonter rəqibi məğlubiyyətdən xilas edən qola "imza atıb". Nəticədə görüş 1:1 hesabı yekunlaşıb.

"Osnabrük" - "Hannover 96" matçında isə meydan sahiblərinin futbolçusu Jost van Aken diqqət mərkəzinə düşüb. Onun komandası 6-cı dəqiqədə hesabda irəli çıxsa da bu sevincləri uzun çəkməyib. Cəmi 5 dəqiqə sonra Aken "bərabərlik qolu"nu vurub. Qarşılaşma isə "Hannover 96"nın 4:2 hesablı qələbəsi ilə bitib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR