4-4-0 və ya 1 xala yönələn məzlum baxışlar - ARAŞDIRMA

4-4-0 və ya 1 xala yönələn məzlum baxışlar - ARAŞDIRMA

4 oyun 4 məğlubiyyət, 0 xal. Ya da futbol dili ilə desək, 4-4-0. Necə də rahat, intonasiyalı səslənir, deyilmi? Elədi, çünki futbolda taktikanın rəqəmli anlayışı məhz bu cür səsləndirilir. Ancaq, çox üzücüdü ki, bu, yığmamızın, daha doğrusu, Azərbaycanın adından oynayan AFFA-nın komandasının cari tsikldə göstərdiyi nəticədi. Millətlər Liqasından fərqli, Avro-2020-nin təsnifat mərhələsində bəlkə də ən çətin qruplardan birinə düşən komandadan əslində gözləntilərimiz o qədər də böyük deyildi. Baxmayaraq ki, AFFA rəhbərliyi Qurban Qurbanovun əvəzinə Nikola Yurçeviçi məhz final mərhələsinə vəsiqə qazanmaq üçün gətirmişdi. Təəssüf ki, son 4 matçda, elə təsnifat mərhələsinin ilk oyunlarından sonra bütün ümidlər suya düşdü. Açığı, adamın futbolçulara da yazığı gəlir. Hər məğlubiyyət, oyun zamanı təzyiqlər, hətta təhqirlər.. Daha nə qədər olar?  Qısası, ölkənin ali futbol qurumunun yarıtmaz starategiyasının nəticəsi olaraq, millimizin hazırkı durumu ürəkdağlayandı.

Digər tərəfdən, komandamız bu göstəricidə tək deyil. Bu məqsədlə kiçik araşdırma aparmağı qərara aldıq. Ortaya çıxan nəticəni də sizinlə bölüşmək istərdik. Avro-2020-nin seçmə mərhələsində Yurçeviçin komandası kimi xal üzünə həsrət qalan başqaları da var. Aşağıda hazırkı duruma əsasən ötən turlar müddətində meydana çıxdığı matçlarda 1 xal belə qazana bilməyən komandaların siyahısı yer alır. 

C qrupu - Estoniya. Dünya reytinq sıralaması - 100. Şimali İrlandiya, Almaniya, Hollandiya, Belarusla eyni qrupda yer alan estonlar ilk qarşılaşmalarında britaniyalılara səfərdə 0:2, evdə isə 1:2 hesabı ilə məğlub olub. Növbəti oyunda səfərdə almanlardan 8 cavabsız qol buraxan Estoniya, sonuncu görüşdə evdə Belarusa da 1:2 hesabı ilə yenilib.

D qrupu - Cəbəllütariq. Dünya reytinq sıralaması - 198. İrlandiya, Danimarka, İsveçrə və Gürcüstan yığmaları ilə eyni qrupda mübarizə aparan Cəbəllütariq britaniyalılara səfərdə 0:2, evdə isə 0:1 hesabı ilə yenilib. Növbəti səfər matçında gürcülərə 0:3 hesabı ilə uduzan komanda, doğma meydanda danimarkalılardan 6 cavabsız qol "yeyib". Sonuncu matçda, səfərdə İsveçrəyə 0:4 hesabı ilə uduzub.

E qrupu - Azərbaycan. Dünya reytinq sıralaması - 109. Yığmamız qrupun ilk matçında, yəni Xorvatiyada 1:2 hesabı ilə uduzub. Ardıcıl 2 ev matçında, əvvəlcə Macarıstana 1:3 məğlub olan komandamız, Slovakiya ilə görüşdə biabrçı hesabla yenilgiyə uğrayıb - 1:5. Bir neçə gün öncə isə Yurçeviçin kollektivi Kardiff şəhərindən də əliboş qayıdıb - 1:2.

F qrupu - Farer Adaları. Dünya reytinq sıralaması - 108. Reytinqdə bizə ən yaxın pillədə qərarlaşan Farer Adalarını da vaxt var idi lağ obyektinə çevirmişdik. Ancaq görünən odu ki, qısa zamanda irəliləyiş oldu və reytinq sıralamasında bizə yaxınlaşdılar, hətta qabaqladılar. Lakin bu tsikldə hələ ki, bizim kimi xal üzünə həsrət qalan ada təmsilçisi İspaniya, Malta, Norveç, İsveç Rumıniya ilə birlikdə mübarizə apardığı qrupun ilk matçında səfərdə Maltaya uduzub - 1:2.  Daha sonra səfərdə rumınlara evdə isə İspaniya yığmasına 1:4 hesabı ilə məğlub olan komanda doğma meydanda Norveçə də uduzub - 0:1. Sonrakı ev matçında İsveçrədən 4 cavabsız qol buraxan Farer Adaları səfərdə İspanlara da eyni hesabla məğlub olub.

G qrupu - Latviya. Dünya reytinq sıralaması - 134. Son illərdə gözləniləndən də aşağı səviyyədə çıxış edən latviyalıların qrupunuda Polşa, Avstriya, Sloveniya, İsrail, Makedoniya yer alıb. Qrupun ilk iki səfər matçında Makedoniyaya 1:3, Polşaya 0:2 hesabı ilə məğlub olan Latviya, ardından evdə İsrailə də uduzub - 0:3. Ardınca doğma meydanda Sloveniyadan 5 cavabsız qol "yeyən" Latviya, Avstriyada darmadağın edilib - 0:6.

H qrupu - Andorra. Dünya reytinq sıralaması - 136. Fransa, Türkiyə, İslandiya, Albaniya, Moldova ilə eyni qrupda yer alan Andorranı da daim yığmamızla müqayisə etmək istəməmişik və adı gələndə gülümsəyib "zəif"di demişik. Ancaq yəqin ki, hazırda bu ölkə ilə aramızda reytinq olmasa da, futbol oynamaq baxımından böyük fərq qalmayıb. Qrupun ilk iki matçında evdə İslandiyaya 0:1, Albaniyaya isə 0:3 hesabı ilə uduzan Andorra, ardınca, Moldova səfərindən yenik qayıdıb - 0:1. Daha sonra evdə Fransadan 4 cavasız qol buraxan komanda, 2 gün öncə Türkiyə səfərindən də məğlub dönüb - 0:1. 

I qrupu - San Marino. Dünya reytinq sıralaması - 211. FİFA-nın reytinq sıralamasında ən sonuncu pillədə yer alan San Marinoya hər düşdüyü qrupda "6 xallıq" gözü ilə baxılır. Yəni, rəqib baş məşqçilərin, yaxud futbolçuların danışanda üzdə "hörmət edirik", daxildə isə sevinclə "6 xalımız var" dediyi bizim AFFA-nın yığması kimi. Belçika, Rusiya, Qazaxıstan, Şotlandiya, Kiprlə eyni qrupda yer alan San Marino bu mövsüm də Yurçeviçli millimiz kimi, qarşılaşdığı rəqiblərə sevinc bəxş edib. İlk iki oyunda səfərdə Kiprdən 5 cavabsız top buraxan, cırtdan ölkə təmsilçisi evdə Şotlandiyaya da uduzub - 0:2. Daha sonra ardıcıl iki səfər görüşündə əvvəlcə rusların 0:9 hesablı darmadağınına məruz qalan komanda, Qazaxıstandan da 4 cavabsız qol buraxıb. Sentyabrın 6-da isə Belçika yığmasını qoanq edən San Marino 4 cavasız qolu da doğma azarkeşləri önündə "yeyib".

Bax belə, yəqin ki, bu da futbolumuzu idarə edənlər üçün təsəllidi. Görün vəziyyət hansı yerə gəlib çıxıb ki, ancaq belə statistikalarda təsəlli axtarırıq. Hərçənd, bizimkilər kimi 1 xalı məzlum-məzlum gözləyən yığmaların əksəriyyəti reytinqdə daha aşağı pillələrdə dayanıb. Elə çempionat baxımından da vəziyyət eynidi. 8 komandalı, heç kimin maraq göstərmədiyi bərbad çempionatımızın "ölüsü" belə bu ölkələrin liqalarından daha yüksəkdə durursa, deməli millimiz də ən azı bir yox, bir neçə xal qazanmalı idi. Hər halda, ümidimiz var ki, biz də bu tsikldə heç olmasa bircə dəfə yaxşı oyun göstərib xal qazacağıq. Ancaq onu da anlayırıq, həmin qazanacağımız xal və ya xallara, yəqin ki, Avro-2020-nin final mərhələsinə vəsiqəni təmin etmiş rəqiblərimizin artıq ehtiyacı olmayacaq. 

P.S. Hər kəs Ermənistanı misal çəkib necə oynadığını və bizimlə müqayisə apardığını deyir. Ermənilərin Avropanın top klubları səviyyəsində çıxış edən ən azı bir futbolçusu var, yəqin ki, söhbətin Henrix Mxitaryandan getdiyini anladız. Dığaları bir kənara qoyaq. Məlumunuz olun ki, vaxtilə bizim yığma ilə müqayisə belə edilməyən, demək olar hər qarşılaşmada təpə-qapaz etdiyimiz, hazırda reytinq sıralamasında 182-ci pillədə yer alan Lixtenşteyn də dünən Yunanıstan səfərində ilk xalını qazanıb...

Səbuhi NƏRİMANOĞLU

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR