ABŞ-dan kubokla qayıdan idmançılarımız hava limanında belə qarşılandı - VİDEO

ABŞ-dan kubokla qayıdan idmançılarımız hava limanında belə qarşılandı - VİDEO

ABŞ-ın Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri vətənə qayıdıblar. 

Sport7.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüb. 

Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Saypulla Absaidov qazanılan nəticənin uğurlu olduğunu bildirib: "Biz Dünya Kubokunda əsas favoritlərdən sayılırdıq. Məqsədimiz yarışdan qızıl medalla qayıtmaq idi. Lakin bu, baş tutmadı və nəticədə biz bürünc medal qazandıq. Düşünürəm ki, bu da uğurlu nəticədir. Bu yarışı qarşıdan gələn Avropa Oyunlarının bir növ hazırlığı kimi də qiymətləndirmək olar. Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq. İnanıram ki, Avropa Oyunlarında qazanacağımız qələbələrlə azarkeşlərimizi çox sevindirəcəyik". 

Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın çıxışını qənaətbəxş hesab edib: "Komandamız yaxşı hazırlaşmışdı. Güləşçilərin ümumilikdə çıxışını qənaətbəxş hesab edirəm. Çox güclü komandalar içərisində yığmamız ilk "3-lük"də yer aldı və bürünc medal qazandı. Bu da dövlətimizin uğuru, şəxsən cənab prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür. İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər. Mən fürsətdən istifadə edərək, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə öncə Los Ancelesə səfər üçün şərait yaratdılar. Hədəfimiz böyükdür. Qarşıda bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq. Məşqlərdə hər zaman olduğu kimi bu dəfə də ümumi fiziki hazırlıq, xüsusi fiziki hazırlıq və nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las Veqasda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edib, bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik". 

Dünya Kubokunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran, İran yığması ilə görüşdə ikiqat dünya çempionu Reza Yazdanini məğlub edən olimpiya çempionumuz Şərif Şərifov yarışa qızıl medal qazanmaq üçün getdiklərini deyib: "Yarışa çox ciddi hazırlaşmışdıq. Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq. Lakin həvəsdən düşmək lazım deyil. Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq. Azarkeşlərimiz bizi dəstəkləməkdə davam etsinlər". 

Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə II, 2010, 2011 və 2015-ci illərdə isə III yerdə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR