AFFA bu boyda pulu hardan tapır və ya milyonçular məclisi...

AFFA bu boyda pulu hardan tapır və ya milyonçular məclisi...

Amal ABUŞOV

Nəhayət ki, arzularına çatdılar. AFFA-nın daxilindəki iki qruplaşmadan biri uzun illərdi ki, məğlub olurdu. Dünən illərdi məğlub olan həmin o qruplaşma möhtəşəm qələbə çaldı. Yəqin ki, Bakı ətrafı bağ evlərinin birində axşam möhkəm yeyib-içmək olub...

Bəlli, AFFA-nın daxilində iki barışmaz qrup var. Biri "almanlar”dı, o biri isə "italyanlar”. İcraiyyə Komitəsini boş verin, Məşqçilər Komitəsini də. Bu adamlar Azərbaycan futbolunda bir qara qəpiklik nüfuza, kəsərli sözə sahib deyillər. Hər şeyə həmin o iki qruplaşmanın üzvləri qərar verirlər. Birincilər alman futbolunun fanatlarıdı. Məhz onların əliylə Berti Foqts, Robert Prosineçki uzun illər Azərbaycan millisinin baş məşqçisi postunu tutublar, işbazlarla birlikdə qazı vurub, qazanı da doldurublar. "İtalyanlar” "almanlar”ın hər məğlubiyyətinə özlərinin şansı kimi baxıb və əmin olublar ki, bir gün mütləq Azərbaycan millisinin başına italyan mütəxəssisi otuzdura biləcəklər. Həmin gün yetişdi. Koronavirus pandemiyası imkan versə, ən azı yaxın 18 ay ərzində Azərbaycan millisini italiyalı mütəxəssis Canni De Byazi çalışdıracaq.

Sözsüz ki, De Byazi özüylə birlikdə əcnəbi köməkçilərini də gətirəcək. Adətən, belə əcnəbilər "yeməyə” tək getmirlər. Heç şübhəniz olmasın ki, tezliklə aşağı yaş qruplarındakı əcnəbiləri də yola salacaqlar. Onların əvəzinə De Byazinin təklif etdiyi gəlmələr çalışacaq. Bununla da Azərbaycanda yeni futbol erası başlayacaq. Amma nəticə baxımından heç nə dəyişməyəcək. Bilirəm ki, arif oxucularımızın sözlərimə şübhəsi yoxdu. Azərbaycan futbolunun bünövrəsi yoxdu. Bünövrəsiz binanın damını və fasadını Almaniyadan, İtaliyadan gətirilmiş süni örtüklə qapatsan, Türkiyədən televizyonçu gətirib, binayla bağlı rəngarəng video-çarxlar hazırlasan da, boşunadı.

Canni De Byazinin məşqçi kimi fəaliyyətini, onu Azərbaycanda nələrin gözlədiyini, italyanların Bakıya səfərinin futbolumuza nə verə biləcəyini gələcək yazılarımızda mütləq araşdıracağıq. İndi bunlara toxunub, yazımı qəlizləşdirmək istəmirəm. Bu dəfə sözüm AFFA İcraiyyə Komitəsinin üzvlərinədi. Daha doğrusu, italyan mütəxəssisin gəlişinə əl qaldıran səkkiz nəfərə. Bütün dünyanı pandemiya səbəbindən maliyyə böhranı bürüyüb. O cümlədən də Azərbaycanı. Hamı koronavirusla mübarizəyə köklənib, neftin sürətlə ucuzlaşması da vəziyyəti pisləşdirir. AFFA İcraiyyə Komitəsinin üzvləri isə özlərini bundan xəbərsiz kimi aparırlar. Sanki milyonçular məclisidi, ölkədə baş verənlərin bunlara aidiyyatı yoxdu.

İndi sadə vətəndaşı bir sual düşündürür: AFFA əcnəbilərə yedizdirməyə bu boyda pulu hardan tapır? Yerli klublara, mütəxəssislərə, uşaq futboluna xərcləməyə gələndə pul yoxdu, vəziyyət çətindi deyirlər. Elitada klub sayını artırmırlar, əcnəbiyə qucaq açırlar. Bölgələrdə futbol yoxdu, seleksiya işləri aparılmır, məşqçilərə 300 manat maaş verilir, onlar da öz qarınlarının hayında olurlar, futbolun yox. Aprelin son günlərində UEFA 55 futbol federasiyasına 236,5 milyon avro pul ayrıdı. AFFA da hər bir federasiya kimi 4,3 milyon avro yardım aldı. Bu pul koronavirus pandemiyasının zərərlərini qarşılamağa, futbola dəstək olmağa verilmişdi. AFFA həmin pulu neynədi? Səkkiz Premyer Liqa klubunun hər brinə koronavirus testindən keçmək üçün 5000 manat ayırdılar, bir də hakimləri boş yerə yoxlanışdan keçirdilər. Vəssalam! Bu da oldu koronavirusla mübarizə. Qalan pulun aqibətindən xəbər-ətər yoxdu.

Olmaya, həmin 4,3 milyon avronu Canni De Byazi ilə birlikdə bölüşdürəcəklər?!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR