AFFA naxçıvanlıları mükafatlandırdı

AFFA naxçıvanlıları mükafatlandırdı

Bu gün Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında cari mövsümdə Azərbaycan Region Liqasında bürünc medal qazanan "Araz-Naxçıvan” futbol komandasının mükafatlandırma mərasimi keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə komandanın idarə, məşqçi və futbolçu heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib və muxtar respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Gənclər və idman Nazirliyi ilə Futbol Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublika bir sıra beynəlxalq və ölkə miqyaslı yarışların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı şəhərində keçirilən Azərbaycan Region Liqasında muxtar respublikanı "Araz-Naxçıvan” komandası təmsil edib və böyük uğura imza ataraq liqanın bürünc medallarını qazanıblar. Bütün futbolçuları və məşqçilər korpusunu təbrik edirəm.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə isə çıxışında vurğulayıb ki, bu gün ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində idmanın inkişafına xüsusi diqqət göstərilir və Azərbaycan dünyada idman ölkəsi kimi ad qazanıb. Hər bir regionda olduğu kimi Naxçıvan Mutar Respublikası da idman sahəsində qazanılan uğurlar qürurvericidir. Naxçıvanın tarixi futbol ənənələri var və bu ənənə yaşamaqdadır. Həmçinin, Naxçıvanın "Araz” komandası müstəqillik illərində ölkə çempionatında mübarizə aparıb, futbol üzrə Birinci Divizionun qalibi olub. Bu, onu göstərir ki, Naxçıvan hər zaman Azərbaycan futbolu üçün istedadlı futbolçular yetişdirib. İnanıram ki, gələcəkdə naxçıvanlı futbolçular müəyyən yaş qruplarında millimizin heyətinə dəvət olunacaq, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklər. Region Liqasında da mübarizə aparan "Araz-Naxçıvan” komandasını qazanılan uğur münasibətilə təbrik edir, gələcək oyunlarda uğurlar arzulayıram”.

Çıxışlardan sonra Azərbaycan Region Liqasında uğur qazanan komandanın üzvlərinə diplom və medallar təqdim edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR