AFFA-nın avstriyalı kadrı Əsasnaməni pozdu

AFFA-nın avstriyalı kadrı Əsasnaməni pozdu
Azərbaycan futbolu sanki cəngəllik qanunları ilə idarə olunur. Kimin kefi necə istəyir, o cür də addım atır. Nə Əsasnaməyə riayət edən var, nə də öz yazdıqları qaydalara əməl edən. Əslində isə kağız üzərində hər şey mükəmməldi. Təəssüf ki, kağız üzərində.

Hakim və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Stuxlikin təyinatından sonra premyer-liqa və divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim-inspektorlar arasında ixtisarların aparıldığını xəbər vermişdik. Avstriyalı funsioner və komitədə yer alanlar özlərindən yeni qaydalar müəyyənləşdirib, bəzi meyarlar yazıb hazırlamışdılar ki, oyunlara təyinat alan nümayəndələr məhz həmin tələblərə cavab verməlidilər. Hakim-inspektorlar üçün nəzərdə tutulmuş meyarlar isə bunlardı:

1. Azərbaycan Respublikasının vətəndaşı
2. Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
3. FIFA listində adı olmuş şəxslər (baş hakimlər)
4. Azərbaycan yüksək liqasında və premyer-liqada baş hakim olmuş şəxslər (3 ildən az olmamaq şərtiylə)
5. Kompüterdə səlis işləmək bacarığı olmalıdı
1a) Ali, texniki, orta təhsilli şəxslər
2a) 70 yaşı tamam olmamış şəxslər

Bəlkə də düşünəcəksiz ki, yenidən bu meyarları yada salmağını nə mənası var? Onsuz da artıq neçə müddətdi yeni sədr bunlar əsasında təyinatları gerçəkləşdirir. Tələsmədən yazını sona qədər oxusaz biləcəksiz ki, avstriyalı Stuxlik gec gəlib tez öyrənənlərdəndi. Frits Azərbaycana gəldiyi ilk vaxtlarda komitədə yenilik edib, islahatlara başlayacağını bildirsə də, çox keçmədən özü müəyyənləşdirdiyi qanunları özü pozmağa başlayıb. 

Stuxlik dünən birinci divizionda keçirilən "Sabah-2” – "Turan Tovuz” qarşılaşmasında hakim-inspektor olub. Bu isə şərtlərin pozulması deməkdi. Yuxarıda qeyd etdiyimiz meyarların birinci bəndində açıq-aydın göstərilib ki, premyer-liqa və ya divizion oyununa təyinat alan hakim-inspektor Azərbaycan vətəndaşı olmalıdı. 2-ci bənddə isə həmin şəxsin Azərbaycan dilində sərbəst danışıb, yazmalı olması da vacıb tələb kimi qeyd olunub. Göründüyü kimi, Stuxlikin özü özünə təyinat verməsi artıq iki bəndin pozulması deməkdi. 4-cü bənddə isə hakim-inspektorun Azərbaycan yüksək liqasında və premyer-liqada 3 ildən az olmayaraq baş hakim kimi meydana çıxması əsas şərt kimi göstərilib. Görəsən, avstriyalı hakimnlik karyerası ərzində nə vaxt Azərbaycan çempionatında fit çalıb? Bəlkə belə oyun olub, biz xatırlamırıq? Avstriyalı bu addımı ilə 100 ildən artıq yaşı olan futbolumuza, futbol ictimaiyyətinə yuxarıdan aşağı baxdığını bir daha ortaya qoyur.

Belə çıxır ki, hazırda veteran hakimlər arasında bir nəfər layiqli nümayəndə yoxdu ki, onu hakim-inspektor kimi birinci divizion qarşılaşmasına göndərsin. Bu gedişlə bir neçə turdan sonra Stuxlikin özü ilə birgə Bakıya gələn dostu da hansısa oyuna təyinat alsa, heç də təəccüblənməyəcəyik. Bu gün qaydalara tüpürüb özünə təyinat verən funksioner bekarçılıqdan darıxmasın deyə, sabah dostuna da komitədə bir iş tapa bilər.

Mənbə: "Futbol+” qəzeti

Xəbər lenti