AFFA-nın maraqlı cəzası və ya

AFFA-nın maraqlı cəzası və ya "Klublardan nə qoparsaq qənimətdi" planı

Ötən həftə "Qarabağ"ın futbolçusu Uroş Matiçin formasındakı bir hərf səhvinə görə klubun cəzalandırılması xeyli söz-söhbətə səbəb oldu. Hətta klub özü də bu cərimə ilə razılaşmayıb apellyasiya şikayəti verdi. Təbii ki, bu məsələdə həm "Qarabağ"a həm də AFFA-ya haqq qazandıranlar oldu. Ancaq ümumilikdə götürsək, ölkənin ali futbol qurumunun İntizam Komitəsinin bir çox qərarları mübahisəyə açıqdı. Çox güman bu da əsasnamədə olan müəyyən boşluqlardan irəli gəlir.

Ümumiyyətlə, AFFA-nın cəza vermə qaydaları bir qədər anlaşılmazdı, həm də mübahisəlidi. İntizam Komitəsi 18-ci tur çərçivəsində "Neftçi" - "Zirə" matçında işıqlar söndüyünə görə meydan sahiblərini 4000 manat cərimələyib. Baxmayanlar üçün xatırladım ki, görüş zamanı projektorlarda problem yaranıb. Nəticədə 27-ci dəqiqədə işıqlandırma qurğuları tamamilə söndüyündən baş hakim Rəşad Əhmədov matça fasilə verməli olub və futbolçuları texniki zonaya göndərib. Görüş bir də 10 dəqiqədən sonra, yəni 37-ci dəqiqədən etibarən davam etdirilib. Hər halda stadion işçiləri çətinliklə də olsa generatorlar vasitəsilə işıqlandırmanı bərpa edib və matç sona qədər keçirilib. İtirilən 10 dəqiqə də ilk hissəyə əlavə olunub. Qısası, problem tezliklə ardan qaldırılıb.

Yəqin deyəcəksiz ki, "Burda nə var? Stadiona cavabdeh olanlar problemə görə cəzalandırılıb". Bəli, hansısa problemə görə klubun sanksiyalara məruz qalması anlaşılandı. Misal üçün, oyunlar zamanı stadiona yanğınsöndürən, təcili tibbi yardım avtomobilləri dəvət olunmursa və meydan sahibləri buna görə cəzalandırılırsa normal haldı. Belədə cəzalandıran tərəf tam haqlı sayılır. Yaxud meydanda qayda pozuntularına görə futbolçular cəzalanır, klublar cərimələnir ki, bu da normaldı və belə olmalıdı. Çünki bu cəzaların məntiqi əsasları var. Amma "oyun zamanı stadionda işıqlar sönə bilməz" deyə bir anlayış, qayda-qanun yoxdu. Hər halda ortada texnologiya amili var. Qısa qapanma ola, yaxud gərginlik işıq kabellərində problemə yol aça bilər. Üstəlik yerdən onlarla metr yüksəklikdə olan o boyda projektorların harasındasa qəfil problem yaranacağını öncədən müəyyənləşdirmək də mümkün deyil. Düzdü əvvəlcədən müəyyən yoxlamalar aparmaq lazımdı. Amma bununla belə yenə də qarşıda nələr olacağını bilmək mümkün deyil. Misal üçün kimsə 5 dəqiqə sonra başına hansı hadisənin gələcəyini təxmin belə edə bilməz. Bəlkə də texniki problemdi, olub. Bu bilavasitə məhz həmin dirəklərə, stadionun enerji təminatına cavabdeh insanların xətası, məsuliyyətsizliyi üzündən baş versəydi hardasa anlamaq olardı. Amma şəxsən mən inanmıram ki, "Neftçi" tərəfi bilərəkdən işıqların sönməsinə şərait yaratsın, yaxud oyunun maraqlı yerində bunu həyata keçirsin. Bu heç kimə lazım deyil, mənası da yoxdu. 

Məhz bu amillərə görə AFFA-nı "Neftçi"yə haqsızlıq etməkdə günahlandırmaq olar. Deyək ki, AFFA-nın binasında vacib tədbir keçirilir və iclasın ortasında zalda qısa qapanma, yaxud hansısa gözlənilməz problem nəticəsində işıqlar sönür. İntizam Komitəsinin üzvlərinin məntiqinə görə addım atılmalı olsa, o zaman gərək binada elektrik enerjisinin təminatına cavabdeh olan texniki işçilər ya böyük miqdarda cərimələnməli, ya da işindən qovulmalıdı. Bu nə dərəcədə məntiqli olar? Ədalətli olarmı? Əlbəttə xeyr. O zaman klublara qarşı bu aqressiya nədir? 

O başqa məsələ ki, onsuz da "Neftçi"yə kəsilən cəriməni AFFA bir cibindən çıxarıb, digərinə qoyacaq. Belə baxanda stadion da özlərinindi, oranın işçiləri də, klub da. Amma burda söhbət verilən qərarların məntiqi əsasının olmamasından gedir. Üstəlik sözügedən görüş cəmi 10 dəqiqəlik fasilədən sonra bərpa olunub və əlavə heç bir problem yaşanmayıb. Ona görə də məhz belə qərarlar mübahisəyə açıqdı və anlaşılmazdı. 

P.S. Belə düşünmək mümkündü ki, havaya sovrulan, boş-boş layihələrə xərclənən milyonların büdcədə yol açdığı boşluqları doldurmaq üçün AFFA bəlkə də fərqli plan qurub və "Klublardan nə qoparsaq qənimətdi" startegiyasına əl atıb. Amma... Həmin boşluqlar o qədər boşdu, dərindi ki, onu belə xırda cərimələrlə, min-min doldurmaq mümkün deyil. Bu da bir fikir idi yazdım... 

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR