Ağlamayan futbolçuya... mükafat vermirlər?!

Ağlamayan futbolçuya... mükafat vermirlər?!

Amal ABUŞOV

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb. Bu münasibətlə başda cənab Yurçeviç olmaqla onun xorvatiyalı və azərbaycanlı köməkçilərini, eləcə də AFFA-nın çox hörmətli baş katibi Elxan Məmmədovu, sözsüz ki, milli komandamızın üzvlərini, yəni həmin qələbənin memarlarını təbrik edirəm.
 
Bəli, qələbə elə qələbədi. Onun kimin üzərində qazanılması da müəyyən mənada həmin qələbənin şirinliyini azalda bilməz. Biz Bəhreyindən də zəif komandaları uda bilməyən millinin azarkeşləriyik. Berti Foqtsun rəhbərliyi ilə Bakıda Lixtenşteynin müqavimətini qıra bilməmişdik, Vaqif Sadıqovun çalışdırdığı yığmamız isə səfərdə bu rəqibə uduzmuşdu. Bütün bunlar heç də uzaq olmayan tarixdə baş verib. Heç Robert Prosineçkinin çalışdırdığı komandamızın Andorra ilə qolsuz bərabərliyə razı olması da yadımızdan çıxmayıb. Uzağa niyə gedirik, Milan Obradoviçin rəhbərliyi ilə gənclər yığmamız səfərdə Lixtenşteynə uduzub, yeni tarix yazmadımı? Elə həmin komanda ötən ayın ortalarında Bakının Mərdəkan qəsəbəsində gürcülərin qarşısında diz çökdü.

Odu ki, "əşi, Bəhreyni udmuşuq da” demək üçün tələsməyək. AFFA-nın uğurlu daxili və xarici siyasəti sayəsində indi dünyada bizdən zəif çox az komanda var. Odu ki, Bəhreyn üzərində qələbənin həzzini yaşamaqda olun. Sözsüz ki, AFFA rəhbərliyi də onların üzünü ağ edən komandanın bu zəhmətini cavabsız qoymayacaq. Macarıstanla oyunun nəticəsinin necəliyindən asılı olmayaraq, Bəhreyn üzərindəki qələbəyə görə başda baş katib Elxan Məmmədov olmaqla hamının mükafatı hesabına köçürüləcək. Neft pullarının və o pulları səxavətlə AFFA-ya ayıranların canı sağ olsun.
 
Bununla işimiz yox. Onsuz da milliyə paylayacaqları mükafatı gətirib nə imkansızlara paylayan deyildilər, nə də uşaq futboluna yönəldən. Məni narahat edən milli üzvlərinin Bəhreynlə oyundan sonra ağlaşma qurmasıdı. Sanki biz Şimali Amerikada, yaxud da Avropanın qərbində yaşayırıq. Futbolçularımız Asiya səhralarında yerləşən ölkənin iqlimindən elə şikayətlənirlər ki, eşidən deyər bu adamlar Bakıda isti görməyiblər. Guya, AFFA Bəhreynlə oynamağa razılıq verəndə orda isti olacağını futbolçulara deməyiblərmiş.

Sitatlara birlikdə baxaq. Qeyd edim ki, bu sitatları futbolçuların "azərisport”a verdiyi açıqlamalardan seçmişəm. Ağabala Ramazanov: "Biz bilmirdik ki, rəqiblə mübarizə aparaq, yoxsa isti havayla”. Rüfət Dadaşov: "İnanın mənə, nəfəs almağa çətin idi. Belə havada oynamaq çox çətin idi”. Emin Mahmudov: "Bütün çətinliklərə baxmayaraq, qələbə qazandıq. Çətin oyun idi, ən əsası da isti havaya görə”.

Nə baş verir, dostlar? Olmaya, AFFA-dan tapşırıq gəlib ki, çətinlikləri qabardın, isti havadan şikayətlənin. Ağlamayan futbolçuya mükafat verməyəcəklərmi? O havadan qat-qat istidə çöldə pambıq yığanlar, dənizdə neft çıxaranlar var. Hələ mən əsgərləri, zabitləri demirəm. Həmin adamlar sizin bir oyuna qazandığınızı heç həyatları boyu qazana bilmirlər. Bir az qürurlu olun, siz milli komandanın futbolçususuz!
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR