Koronavirus pandemiyası həyatın digər sahələrini
olduğu kimi, futbolu da öz təsir dairəsində saxlayır.
Sport7.az xəbər verir ki, ölkədə tətbiq olunan sərt
karantin rejimi Peşəkar Futbol Liqasının işinə də təsir göstərib. Qurumda yeni
prezident seçkilərinin keçirilməsi karantin rejiminə görə mümkün olmur.
Məsələ ilə bağlı "Futbol+” qəzetinə danışan Aslan
Şahgəldiyev qeyri-müəyyənliyin davam etdiyini deyib:
"Bu məsələ avqustun sonlarına həll olunmalıdı.
Bilirsiz ki, koronavirusa görə ölkədə karantin rejimi tətbiq olunur. Operativ Qərargahın
qərarından sonra seçkilərin vaxtını müəyyən edəcəyik. Karantin rejimi uzadılsa,
toplaşmaq icazəsi olmadığına görə seçkinin vaxtını müəyyən etmək çətin olacaq.
Uzağı bu prosesi onlayn keçirəcəyik. Bunu son variant kimi düşünürük. Karantin
rejiminin ləğvi ilə bağlı qərar qəbul edilsə, avqustun sonlarına kimi prezident
seçkisini keçirəcəyik”.
PFL rəsmisinin sözlərinə görə, yeganə namizəd hələ
ki Ramin Musayevdi: "Hələlik başqa biri yoxdu. Prezidentliyə tək namizəd
hazırkı prezident Ramin Musayevdi”.