Anarı kim yandırdı?

Anarı kim yandırdı?

Amal ABUŞOV

Anar Salmanov Xəqani Məmmədova qarğış edib: "Allah onun bəlasını versin. Onu Allaha tapşırıram”.

Heç yaraşdırmıram. Axı dünənə kimi onlar hamsı eyni qabdan xörək yeyərdi, eyni yolun yolçularıydı. Artıq yolları ayrılıb. Səbəbi Azərbaycan futboluyla maraqlanan hər kəsə məlumdu. Qarşıdakı ildə Azərabcyanı FİFA referisi kimi təmsil etmək hüququ qazananların arasında onun adı yoxdu. Hakimlər Komitəsinin sədri Anar bəyin adını FİFA-ya göndərdiyi siyahıda 4-cü sırada qeyd edib.

Futbol qurumu ölkəmizə cəmi üç yer ayırdığından Salmanova sıra çatmayıb. Desəm ki, üzülmürəm, yalan olar. Azərbaycan futbolu və hakimlik məktəbi adına xoş görüntü deyil. Bir hakimin yetişməsi, onun FİFA referesi adına layiq görülməsi illər tələb edən prosesdi. Üstəlik, futbolunun imici yerlərdə sürünən bir ölkə üçün bu xüsusiylə mürəkkəb görünür. Anar Salmanovun bu siyahıdan kənarda qalması onun yetişməsi üçün sərf olunan illərin, çəkilən zəhmətin və xərcin boşa getməsi deməkdi. Deməli, itirdiyimiz təkcə Anar Salmanov deyil, biz ümumilikdə həm maddi, həm də mənəvi mənada xeyli zərərə düşmüşük.

Bizim bildiklərimizi Xəqani Məmmədov da bilməmiş deyil. Kim istəyər ki, durduğu yerdə başına iş gəlsin, tənqidlərə hədəf olsun? Əlbəttə ki, heç kim. Hakimlər Komitəsinin sədri də lazımi təcrübəyə, analitik təfəkkürə malik birisidi. Nahaq yerə ağrımayan başına dəsmal bağlayıb, özünü dilə-dişə salmaq istəməz. Anar bəyin məlum siyhıdan kənarda qalması üçün kifayət qədər ciddi əsaslar olmasaydı, HK-nin sədri də stəkanda fırtına yaratmazdı. Bir müddət bundan əvvəl "Zirə”-"Şuşa” qarşılaşmasında ədaləti qoruyan Salmanovu görüncə barmağımı dişlədim, onu itirmək üzrə olduğumuzun fərqində olduğumuzu hiss etdim. Hələ yanvarda, hakimlərin qış toplanışı zamanı Salmanovun elitada hakimlik edib-etməyəcəyi ilə bağlı sualıma cavab olaraq Xəqani bəy konkret cavab verməmiş, onun dönüşünü ləngidən səbəblərdən biri kimi fiziki göstəricilərini, artıq çəkisini göstərmişdi. "Zirə”nin oyununda gördüyüm Anar ötən qışdan bəri çox dəyişmişdi, yumşaq desəm, çəkisinin üzərinə çəki gəlmişdi. Məlum məsələdi ki, daimi fiziki məşqlər keçməyən, müntəzəm meydana çıxmayan hakimin daim formada qalması, çəkisinə və fiziki göstəricilərinə nəzarət etməsi çətin məsələdi. Gördüyüm qədəriylə Salmanov bu çətinliyin öhdəsindən gələ bilməmiş, fiziki baxımdan xeyli geriləmişdi.
Təsəvvür edin, Anar bəy FİFA referisi kimi təsdiqlənir və növbəti ay ona hansısa beynəlxalq oyunda təyinat gəlir. Hazırkı formasıyla Salmanov bu məsuliyyətin altına girməyə hazır idimi? Hər nə qədər çətin olsa da, bu suala "yox” cavabı verməyə məcburam. Günümüzün reallığına diqqət yetirsək, Salmanovun durumu "nə əkərsən, onu biçərsən”ə bənzəyir. Bu məhşur məsəllə yanaşı atalarımız "özü yıxılan ağlamaz” da deyiblər. Anar bəy də özü yıxılanlardandı. Onu heç kim yıxmayıb, özü karyerasının ən yaxşı vaxtında özünü yıxıb. Söhbət təkcə "Qarabağ”la "Neftçi”nin məlum kubok qarşılaşmasından getmir. Həmin qarşılaşmaya qədər özü özünə mənfi imic qazandırmışdı. "Bakcell Arena”da Flavinyonun yerdə qaldığı epizodda penalti təyin etməsi isə hadisələrin kuliminasiya nöqtəsinə çevrildi.
Hadisələrin bilavasitə içində deyilik. O baxımdan Salmanovun uzun müddət ərzində niyə bağışlanmadığına izah verməyə çətinlik çəkirik. Amma fakt faktlığında qalır. Karyerasının ən yaxşı vaxtlarında özünü çətin vəziyyətə salan Anar bəy ilk öncə özündən küsməlidi. Kaş ki, bütün bunların heç biri yaşanmayaydı.

Məlum məsələdi ki, ötən müddət ərzində elita oyunlarından kənarda qalmasaydı Anar bəy indiyə kimi avrokuboklarda neçə-neçə oyunlarda ədaləti qoruyar, hətta qrup mərhələsinə belə təyinatlar alardı. Uduzan təkcə Salmanovun özü deyil. Amma iş işdən keçib. Nə oturub ağlaşma qurmağın, nə də kimisə düşmən kimi qələbə verib, savaş açmağın məqamı deyil.

34 yaşlı referi üçün hər şeyi itirilmiş saymaq olmaz. Düşdüyün quyudan çıxmağa çalış, Salmanov.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR