Arif Əsədov:

Arif Əsədov: "Səbail" rəqibdən çəkinirdi"

"Səbail"in Rumıniya təmsilçisi "Krayova" ilə matçını izləyənlər arasında yığmamızın məşqçisi Arif Əsədov da vardı. Mütəxəssis millimizin xorvat çalışdırıcısı Nikola Yurçeviçlə birlikdə "Səbail"in oyununu canlı şəkildə izləyib qeydlərini aparırdı. Maraqlıdı, Arif bəy bu oyundan hansı nəticələri çıxardı və Yurçeviçlə nələri müzakirə etdi? 

O Sport7.az-a açıqlamasında "Səbail"in, o cümlədən digər klublarımızın oyunları haqda da düşüncələrini bölüşdü: "Hələ ki, oyunları izləyirik. Düzdü məşqçi öz fikirlərini bildirir. Amma nəyisə konkret demək düzgün çıxmır. Qarşıdan "Qarabağ"ın, "Neftçi"nin oyunları gəlir. Hazırda izləmə prosesi gedir. Durub desəm ki, "kimisə çağıracağıq" bu real deyil. Komandalarımızın oyunlarını izləyirik. Bir çox klublarımız və onların heyətində yığmaya namizədlərimiz var. Avrokuboklarla bağlı planlar haqda qarşımızdakı həftədə Yurçeviçlə görüşəcəyik".

Arif bəy "Səbail"in məğlubiyyətinin səbəblərini belə izah elədi: "Digərlərinə nisbətən, "Səbail"in rəqibi güclü idi. İlk dəqiqələrdən hiss olunurdu ki, "Səbail" rəqibdən çəkinir. Oyuna ehtiyatlı başladı, qol buraxdı. yalnız son 30 dəqiqədə fəallaşdılar. Evdə oynamalarına baxmayaraq müdafiə olunurdular. Əslində isə, birinci zonaya çəkilərək rəqibə boşluqlar verməməli idilər. Həm təcrübə, həm də heyət baxımından rəqib "Səbail"dən güclü idi. Amma deyim ki, keçiləsi, xal götürüləsi rəqib deyildi, xeyr. Belə deyil. "Səbail" də oyunun gedişatında göstərdi ki, çəkinməsəydilər evdə rəqibdən xal ala bilərdilər. Oyundan əvvəl rəqibi görməsəm də, güclü olduğunu bilirdim. Demirəm mərhələni keçmək, ancaq, evdə xal qazanmaq olardı. Hesab 3:2 oldu. Matçın əvvəlində inamlı oynasaydılar bəlkə də daha tez qol vurub sərfəli nəticə qazanardılar. Ancaq hər dəfə "Səbail" rəqibin arxasınca düşürdü. Qol buraxırdı, daha sonra hesabı bərabərləşdirmək istəyirdi. Əksinə olsaydı, xal qazanmaq mümkün idi. Bir də ki, xətlərarası zonalar, yeni oyunçuların anlaşması baxımından, futbolçuların hələ də tam yüksək səviyyədə olamaması görünürdü".

Yığmamızın sabiq müdafiəçisi komandanın ən təcrübəli futbolçusu Maykl Esyenin də çıxışına toxundu: "Oyunun ilk 30 dəqiqəsində komandada olan həyəcan Esyendə görünmürdü. Əksinə çalışırdı ki, top istəsin və onu qəbul edib istiqamətini çevirsin. Hə, düzdü, lənglik hiss olunurdu. Düşünəndə top itkisi olurdu. Ancaq oyunun ritminə gəlincə, Esyen lider kimi görünürdü. Komandaya rahatlıq vermək baxımından belə idi. Esyendə top itkisi minimum səviyyədə olurdu. Həyəcan yox idi, çox rahat görünürdü. Belə futbolçu meydanda olanda, cinahlar, onun ətrafındakı futbolçular daim hərəkət etməlidi. Hiss olunurdu ki, ilk 30 dəqiqədə çox iş gördü, belədə məlum məsələdi ki, əvəzlənməli idi. İlk dəqiqələrdən görünürdü ki, oyun onun üzərində qurulmuşdu. Çünki topu qapıçıdan ən çox istəyən və onu alıb komandanı irəli aparmağa çalışan məhz Esyen idi".

Millimizin məşqçisi "Qarabağ"ın "Partizani" ilə matçı haqda da fikirlərini bildirdi: "Qarabağ" qarşısına qoyduğu minimun hədəfə çatdı. Oyunu elə qurmuşdular ki, rəqibdən xal götürsünlər. Həm də ehtiyatlı davranırdı. Rəqib də "Qarabağ"ı yaxşı analiz etmişdi. Güclü tərəflərin nə olduğunu bilirdilər. Ona görə də oyunlarını əks-hücum üzərində qurmuşdular. Hardasa buna da nail oldular. Biz alışmışıq ki, "Qarabağ" ilk turlarda optimal formada olmur. Amma nəticələri qazanır. Nəticə gəldikcə, inam da yaranır. Beləcə yeni futbolçular da uyğunlaşır. Pik formaya doğru addımlayırlar. Yeni gələnlərdən Xaymenin təcrübəli olduğu hiss edilirdi. Daha çox individual keyfiyyətləri görünürdü. Hələ komanda oyununa tam alışmayıb. Ümumiyyətlə "Qarabağ" bu görüşdə cinah asmalarından az istifadə etdi. Qapanmış rəqibə iki şəkildə qol vurmaq olardı. Ya cinahlardan asmalarla, ya da uzaqdan zərbələrlə. Ona daha çox individual oyuna üstünlük verdilər.  Bunun da nəticəsi idi ki, Mahir və digər hücuma qoşulan futbolçular topsuz qalırdı. Bakıda isə "Qarabağ"ın şansları daha yüksəkdi".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR