Arveladze:

Arveladze: "Superkubok matçı üçün bilet satışı təşkil edən saytın serveri dözə bilməyib"

"AFFA ilə çox yaxşı, dostluq münasibətindəyik". 

Bunu Sport7.az-a müsahibəsində Gürcüstan Futbol Federasiyasının (GFF) idman direktoru və ötənlərin tanınmış futbolçusu Arçil Arveladze deyib.

O bildirib ki, dostluq münasibətləri təkcə GFF və AFFA rəhbərliyi deyil, həm də Tiflis və Bakı, Gürcüstan və Azərbaycan səviyyəsindədir: "Bu belə də olmalıdır. Ölkələrimiz çox yaxşı dostluq münasibətlərində yaşayırlar. Hesab edirəm ki, bu dostluğa heç kim xələl gətirə bilməz. Hələlik 2 ölkə yığması arasında yoldaşlıq görüşünün keçirilməsinə dair razılaşma yoxdur. Səbəb Gürcüstan və Azərbaycan millilərinin növbəti ilədək təqvim planının dolu olmasıdır. Ancaq Gürcüstanın aşağı yaş qrupları üzrə yığmaları Bakıda təşkil olunan yarışlara müntəzəm qatılır.
 
GFF nümayəndəsi hazırda Gürcüstan millisinə rəhbərlik edən Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin fəalliyyətindən də danışıb. O, 47 yaşlı mütəxəssisin işindən razılıq ifadə edib: "Artıq yeni baş məşqçinin rəhbərliyi altında millimiz 3 oyun keçirib. Komandamız artıq fərqli sistemlə oynamağa başlayıb. Əvvəllər "Simurq"da çalışmış Georgi Çixradze də indi millidə Tsxadadzenin köməkçisidir. Fikrimcə, hər şey yaxşı olacaq".

Arveladze "İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında avqustun 11-də Tiflisdə keçiriləcək UEFA Superkuboku matçına hazırlıqlar barəsində də danışıb: "Hər şey normaldır. Xaricdən almaq istəyənlər üçün biletlər biletebi.ge saytı vasitəsilə satışa çıxarılıb. Lakin bu saytda problem yaranıb. Çünki 24 min bilet üçün 160 min sorğu gəlib. Nəticədə server dözə bilməyib. Adi biletlərin isə yaxın günlərdə kassalarda olacağını düşünürəm".

Federasiya rəsmisi saytın hakerlər tərəfindən dağılmasına dair xəbərləri isə təkzib edib: "Bunu satılan biletlərdən 4 mininin tam ünvanına çatdırılması da sübut edir. Sadəcə, server çoxsaylı sorğulara dözə bilməyib. Bu da təbiidir. Oyun ətrafında böyük ajiotaj var. Bu oyunu çoxları izləmək istəyir. UEFA ilə razılıq əldə olunub ki, biletlərin adi qaydada kassalarda da satışı aparılsın. Daha onlayn-satış olmayacaq. Ola bilsin, "Barselona" və "Sevilya" klubları onlara paylanan biletləri onlayn-satışa çıxarsın. Bu barədə başqa informasiyam yoxdur".

Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Səbuhi TOFİQOĞLU

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR