Asim Xudiyev:

Asim Xudiyev: "Həmin hakim təyinatdan məhrum edilə bilər"

Azərbaycanın tanınmış sabiq FİFA referisi Asim Xudiyev, yığmamızın Macarıstanla matçındakı hakim idarəçiliyini dəyərləndirib.

Xudiyev Sport7.az-a açıqlamasında bunları söyləyib: "Oyunu hamımız gördük. Hakim gözü ilə baxdım, referinin bir sıra çatışmayan cəhətləri var idi. Oyuna nəzarəti o qədər də yüksək deyildi. İntizama dolğun riayət etmirdi. Hakimlikdə qolun sayılıb-sayılmaması, 11 metrlik cərimə zərbəsinin, o cümlədən qırmızı vərəqənin verilib-verilməməsi ən vacib nöqsanlardan biridi. Bu səhvlərdən də biri hakim tərəfindən buraxıldı. Söhbət düzgün şəkildə vurulan qolun qeydə alınmamasından gedir. İnternet vasitəsilə bir neçə dəfə təkrara baxanda gördük ki, top Bəhlul Mustafazadənin bədəninə dəyərək qapıya daxil olub. Hesab edirəm ki, bu hakimin ən kobud səhvlərindən biri oldu. Matçın hakim-inspektoru var, yəqin ki, yenə də epizodlara baxacaqlar. Vərəqə, cərimə zərbəsi verilib-verilməməsi qloballıq baxımından hardasa bir balaca aşağıdı. Ancaq vurulan qolun sayılmaması çox kobud səhvdi. Bilmirəm hakim nə üçün qolu saymadı. Ola bilər epizodu görmək üçün mövqeyi ideal deyildi. Eyni zamanda yan hakimlər var. Hansı ki, ona kömək edə bilərdi. Çünki onun gözünün qarşısında olmuşdu. Briqada şəklində hakimlər səhvlərə yol verdi".

Maraqlıdı Asim bəy oyunboyu hakimlər tərəfindən millimizə qarşı antipatiya, qərəz hiss etdimi?: "Xeyr, deməzdim ki, antipatiya hiss olunurdu. Amma səhvlər var idi. Cərimə zərbələrinin verilməsində səhvlər müşahidə olunurdu. Ən böyük səhv isə  qolu qeydə alınmamasıdı. Qol hesaba alınsaydı, 1 xal qazanacaqdıq və bu da komandamız üçün müsbət hal, sərfəli nəticə olacaqdı".

"Bu səhvə görə hakim hansı cəzaları ala bilər?" sualına sabiq referi belə cavab verdi: "Bu haqda deyə bilmərəm. Yəqin ki, hakim-inspektor öz raportunda bu məsələni qeyd edəcək və UEFA Hakimlər Komitəsinə çatdıracaq. Həmin hakimin qarşıdakı oyunlara təyinat alıb-almayacağını isə Komitə müəyyənləşdirəcək. Belə başa düşürəm ki, qarşıdakı bir neçə oyuna təyinatdan mərhum edilə bilər".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR