"Ağsu"nun icraçı direktoru: "Belə iş görüblərsə, cəzalanmalıdılar"

İki gün öncə AFFA-nın İntizam Komitəsi Birinci Divizionda mübarizə aparan "Ağsu"nun futblçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin futbolla bağlı fəaliyyətinə qadağa qoydu. Səbəb kimi sözügedən futbolçuların nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakıının aşkarlandığı göstərildi. Futbolçularının oyun alğı-satqısında ittiham olunması təbii ki, "Ağsu"nun adına da ləkədi. Bu üzdən klubdan da məsələyə münasibət öyrənməyi lazım bildik. 

Bölgə təmsilçisinin İcraçı Direktoru Rəşad Kərimov Sport7.az-a müsahibəsində bunları bildirdi: "Hələ ki, AFFA-nın verdiyi qərarı icra edirik. Həmin futbolçuları komandadan uzaqlaşdırdıq. Araşdırma aparıldığı müddətdə onların klubla əlaqələrin kəsirik. Komanda ilə birgə rəsmi oyunlara çıxmayacaqlar, paltardəyişmə otaqlarına, məşqlərə buraxılmayacaqlar. Bir sözlə yola salırıq. İstəyirik ki, bu araşdırma davam etdirilsin. Çünki böyük ittihamdı klubun adına ləkədi. Bilirsiz ki, "Ağsu" həmişə yülksək yerlər uğrunda oynayıb, iddialı olub. Düzdü, son bir neçə ildə pis nəticələr göstəririk ki, bunun da səbəbini limitlə bağlayıram. Zəif çıxış limitlə əlaqədardı. Təsəvvür edin, futbolçularımızı Region Liqasından götürmüşük. Kim öz yaxşı futbolçusunu bizə verər ki? Hamımız bilirik ki, 1998/1999/2000 təvəllüdlü futbolçuların ən yaxşıları əvəzedicilərin heyətindədi. Hazırda ən böyük yaş qrupundan ibarət komandamız U-14-dü. Bir neçə il əvvəl U-17 komandamız vardı, onlardan bir neçəsi indi də bizimlədi. Amma deyim ki, çox güclü futbolçulardı, belə deyil. Məcburiyyətdən oynadırıq. 2000/2001 təvəllüdlüləri kənardan gətirirk".

- Oyunlar zamanı həmin futbolçulardan şübhələriniz olmuşdu nə vaxtsa?

- Bilirsiz necədi, komanda hər oyun bərbad çıxış edir deyə, nəsə görə bilmirsən. O barədə düşünə bilmirsən. Çünki həqiqətən komanda çox zəifdi. düşünürəm ki, o futbolçular peşəkar deyillər, özlərinə baxmırlar. Təlim-məşq toplanışları, yoldaşlıq görüşləri keçirdik. "Sabah"la, "Səbail"lə qarşılaşdıq. Normal hazırlaşıb, çempionata iddialı olduğumuzu fikirləşirdik. İlk oyunda "Zirə"ni məğlub etdik, daha sonra evdə uduzduq. Ondan sonra geriləməyə başladıq. Futbolçu peşəkar olsa, gələr məşqin edər, qidasına, istirahətinə fikir verər. İdmançı üçün vacib olan 3 amil məşq, qida və istirahətdi. Bunlardan ikisi, məşq və qidalanma üçün şərait yaradılıb. Qalır istirahət, bu da özlərindən asılıdı. Eyni bazada qalmırıq ki, hamısına nəzarət edə bilək. Futbolçular 3-4 nəfərlik qrup olmaqla kirayə evlərdə qalır. Baza olanda "Ağsu" həmişə yüksək yerlər uğrunda oynayıb. Çünki məşqçilər də, futbolçular da orada qalırdı. Uşaqların yatmasına, qalxmasına özüm də nəzarət edirdim. Müəyyən saatlardan gec içəri girmək olmazdı. Hər kəs də qaydalara riayət edirdi.

- Komanda nə qədər pis oynasa da futboldan anlayışı olan adam şübhəli məqamları sezə bilər. Məşqçiləriniz belə məqamları hiss etməyiblər?

- Onsuz da hər oyundan sonra iclasımız olur. Zəif çıxışımız haqda müzakirələr aparırıq. Futbolçu deyir ki, "səhv etmişəm", yaxud "mövqeyimə qayıdıb çata bilmədim". Bunu başqa amillərlə bağlamaq mümkün deyil axı. Həm də klubun təməlində belə bir şey olmadığı üçün, ağlımıza da gəlmir. Üstəlik, ittiham olunan futbolçulardan biri, Elçin Həşimov klub yaranandan, yəni 2012-ci ildən komandamızdadı. "Ağsu" ilə çempionluq yaşayıb,  gümüş, bürünc medallar alıb. Komanda üçün əziyyət çəkənlərdən biridi. Şəxsən də tanıyıram. Ruslan isə ilyarımdı gəlib.

- Ruslanı haradan gətirmişdiz?

- Səhv etmirəmsə "Qarabağ"dan gəlib. Sadəcə, biz gətirən vaxt bəlkə də 5-6 aya yaxın idi boşda qalmışdı. 1998 təvəllüdlüdü, məcbur oynadırdıq. "Qarabağ"ın uşaq futbolunda olub, oranın yetirməsidi. Həqiqətən yaxşı oyunçudu. Ancaq bilmirəm son vaxtlar özünə peşəkar yanaşmır ya nədisə zəif çıxış edirdi. Bəlkə də elə bu şeylə əlaqədar idi.

- Bəlkə aldıqları maaş onları qane etməyib deyə belə işlərə əl atıblar?

- Buna inanmıram. Vallah, hər klub kimi biz də normal maaş veririk. 2012-ci ildən bəri heç bir futbolçunun maaşında gecikmə olmayıb. Əməkhaqları ilə bağlı futbolçularla aramızda problem yaşamamışıq. 400-500 manat maaş alırdılar. Gündə 3 dəfə qidalanmaları da buna daxildi. Sadəcə, ən pisi bilirsiz nədi? MOİK-ə 0:4 hesabı ilə uduzduğumuz oyuna baxdız? Həmin görüşdə, penaltini bizim futbolçumuz, Orxan Quliyev elə vurdu ki... Top bəlkə də qapıdan 5 metr kənara getdi. Səbəbini soruşanda dedi ki, "ayağım çökəyə düşdü". Sanki qapıdan zərbə yerinə yetirir (gülür). Tutalım ki, həmin oyunçunu zəif çıxış etdiyi üçün növbəti oyunda meydana buraxmaq istəmirəm. Futbolçu bilir ki, başqa çarəm yoxdu, onu yenə də oynadacam. Baxın, limitin yaratdığı problem budu. Keçən ildən limit qoyulub. Mən neçə futbolçu ilə iştirak etməliyəm? Ən azı 10-12 nəfər götürməliyəm. Limitə görə həqiqətən əziyyət çəkirik. Region Liqasından həvəskar futbolçu götürürəmsə, deməli qıtlıqdı. Baxın, gələn il 2000 təvəllüdlülər oynayacaq düzdü? Yəni, 1998 təvəllüdlü oyunçuların da sonuna bir şey qalmayıb. Həmin futbolçular bilir ki, 5 aydan sonra oynamayacaq. Bəlkə düşünür ki, "onsuz da gələn ildən oynamayacam, yola verim". Limit xüsusən də rayon komandaları üçün çətinlik yaradır. Düzdü "Zaqatala", "Turan Tovuz" iddialıdı. Ancaq onlar da bizdən daha köklüdü. Əsas çətinliyimiz klubun bazasının olmamasıdı. Bu şərait yaxşı olanda "Ağsu"da hamı oynamaq istəyərdi. Görün neçə ildi limit tətbiq edilir. Amma bu müddətdə Birinci Diviziondan milliyə kimsə gedib? Xeyr, heç kim getməyib. Futbolçunu məcburiyyətdən oynadıramsa, rəqabət hiss etmirsə, necə yetişsin? Bunun üçün futbolçu peşəkar olmalıdı. Əvəzedicilərdə oynayan oyunçu isə gəlməz axı. Çünki onun Premyer Liqada oynamaq şansı çoxdu. 

- AFFA-dan göndərilən bildirişdə o futbolçuların hansı oyunlardakı çıxışları əsas göstərilib?

-  Saytlar "Keşlə-2" ilə oyunu göstəriblər. Ancaq mən düşünürəm ki, MOİK-də buna daxildi. Çünki hər iki oyunda 0:4 hesabı ilə uduzmuşuq. AFFA isə konkret açıqlama vermir. Deyirlər ki, çempionat ərzində olub. 

- Futbolçuların özləri ilə danışmısız?

- Danışmışıq, belə etmədiklərini, öz adlarını və klubu təmizə çıxarmağa çalışacaqlarını deyiblər. Yəni həqiqətən zəif oynadıqlarını, gücləri çatmadığını etiraf ediblər. Amma ittihamla razılaşmırlar. Hələlik AFFA-nın tələblərini yerinə yetirib, onları klubdan uzaqlaşdırmışıq. Qərarın tam açıqlanmasını, araşdırmanın bitməsini gözləyirik. Biz də istəyərdik ki, həm klubun, həm də o futbolçuların adı təmizlənsin.

- Bəs qarşıdakı planlarınız necədi?

- İkinci dövrədə onsuz da xeyli futbolçu dəyişikliyi etmək fikrimiz vardı. Hər dəfə çətinliklə üzləşirik. Futbolçu komandaya uyğunlaşmalıdı və bunun üçün vaxt lazımdı. Ancaq, 5-6 aydanbir komandanın demək olar ki, yarısı dəyişir. Artıq görürük ki, bəzi futbolçular oynamır. Topu qazanan kimi itirir, bir iş görmürlər. Belə oyunçuları niyə saxlayım ki? Amma bir məsələ də var ki, gətirəcəyimiz futbolçuların hansı formada olduğunu bilmirik. Futbolçu seçimlərə gəlir, özünü məşqdə göstərir, düşür əsas heyətə. Sonra fikirləşir ki, "onsuz da rəqabət yoxdu, məni oynadacaq". Görəsən həqiqətən bu cür düşünürlər? Elə vaxt olub ki, əvəzetməsiz oynamışıq. Bəzi görüşlərdə zədə, ya da vərəqə cəzası tam heyətlə çıxış etməyimizə imkan verməyib. Belə olmasaydı, bəlkə də "Kəpəz"i, "Qaradağ Lökbatan"ı, hətta MOİK-i də məğlub edə bilərdik. İstək məsələsi var. Elə oyun yoxdu ki, hesabda irəli keçək və qoruyaq. Başlayan kimi məğlub duruma düşürük. Çox çətinliklər çəkirik. Görək nə olacaq. İclas keçirəcəyik, futbolçularla söhbətlərimiz olacaq. Görün klubun adına nə sözlər gəlir. Həqiqətən belə bir iş görübsə, cəzalanmalıdı.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR