Atası şəhid olan futbolçu:

Atası şəhid olan futbolçu: "Döyüşə atılmağa hazırıq"

"Mən də şəhid övladıyam, Cəbrayıl rayonundanam. Atam könüllü olaraq döyüşə gedəndə 3 uşağı var idi, orda da şəhid oldu".  

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov cəhbədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

31 yaşlı yarımmüdafiəçi özünün də 3 övladının olduğunu, buna baxmayaraq, döyüşə getmək istədiyini söyləyib.

Hüseynov bu fikri hər dəfə övladlarına dediyini bildirib: "Əsgərlərimiz düşmənin layiqli cavabını verir. Sadəcə birlikdə vətən üçün ölməyə hazır olmalıyıq. Səfərbərlik elan olunarsa, bir xalq kimi döyüşə atılmağa hazırıq. Şəxsən mən Vətən üçün ölümə getməyə hazıram".

Yarımmüdafiəçi dünənki hadisədən sonra çox həyəcanlandığını sözlərinə əlavə edib: "Dünən ermənilər tərəfindən atəşkəsin pozulması və münaqişənin alovlanmasından sonra evdə otura bilmədim, mən də Qaradağ, Lökbatan tərəfə üz tutdum. Ürəyim Tovuzda qalmışdı, dayanmadan döyünürdü. Bu gün, bəlkə də, gedib orada heç nə edə bilmərəm, heç icazə də verməzlər. Sadəcə istədim ki, xalqımızla, dövlətimizlə bir olum. Getdim bir az Lökbatan dairəsində dayandım. Polislər var idi, Qaradağ və Qobu tərəfdən gələnlərin qarşısı alınırdı".  

Qeyd edək ki, Cavid Hüseynovun atası baş leytnant Şakir Abbasov 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. Ş.Abbasov şəhid olduğu zaman Cavid 4, qardaşı Şərafəddin 6, qızı Nigar 1 yaşında imiş. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR