AVRO-2020 üçün 37 mindən artıq könüllü müraciət edib

AVRO-2020 üçün 37 mindən artıq könüllü müraciət edib

Builki turnirin könüllülük proqramında iştirak üçün qəbul edilən ərizələrin sayı UEFA AVRO-2020 tarixində ən yüksək göstərici olub.
 
Sport7.az xəbər verir ki, müraciətlərin 88%-i turnirə ev sahibliyi edən 12 ölkədən daxil olub ki, bu da oyunların müxtəlif dəyərli yerli elementlərlə zəngin olacağından xəbər verir.
 
UEFA AVRO-2020 turnir tarixində təşkilinə görə ən rəngarəng yarış olacaq. UEFA Avropa Çempionatının 60 illiyi münasibətilə Avropanın 12 şəhərində təşkil edilən bu yarışda qitənin müxtəlif nöqtələrində minlərlə könüllü tədbir təşkilatçılığına dəstək göstərəcək.
 
UEFA AVRO-2020 könüllülük proqramı üçün könüllülərin yığılması prosesi rəsmi olaraq 2020-ci ilin yanvar ayının sonunda başa çatıb. Proses çərçivəsində turnirə ev sahibliyi edəcək 12 ölkənin milli assosiasiyaları təbliğat işləri vasitəsilə qitə boyunca məlumatlılığın artırılmasına kömək edib.
 
Ev sahibi olan 12 şəhərdə könüllülük etmək üçün 159 ölkədən 37 mindən artıq müraciət ərizəsi daxil olub. Bu, Avropada keçirilən turnirlərin tarixində qəbul edilmiş ən yüksək ərizə sayıdır. Ərizələrin ümumilikdə 88%-i ev sahibi şəhərlərdə yaşayan şəxslər tərəfindən göndərilib ki, bu da könüllülərin turnir boyu öz yerli bilikləri ilə misilsiz töhfə verəcəyinə və azarkeşlər üçün səfir qismində çıxış edəcəklərinə işarə edir.
 
"Bütün irimiqyaslı idman tədbirlərinin zəngin könüllülük ənənəsi olub və UEFA Avropa Çempionatı da bu baxımdan istisna deyil. Seçilmiş şəxslər bu yay həyatda bir dəfə yaşanılan təcrübə keçmək şansı əldə edəcəklər”, - deyə UEFA-nın tədbirlərin təşkili üzrə baş icraçı direktoru Martin Kallen bildirib.
 
Müraciət edənlərin 60%-dən çoxunun yaşı 25-dən aşağıdır. Onların könüllü kimi fəaliyyəti onlar üçün dünyanın ən böyük idman tədbirlərindən birində kömək etmək üçün əla bir fürsət təmin edir. Müraciət edənlərin ümumilikdə 41%-i qadındır.
 
Fransada keçirilmiş UEFA Avro-2016 turnirindən əvvəl könüllü olmaq üçün 22000 müraciət daxil olmuşdu ki, bunun da 36%-i qadınlar tərəfindən göndərilmişdi.
 
UEFA AVRO-2020 üçün seçilən 12000 könüllü artıq xüsusi vəzifələri haqqında daha çox məlumat alacaq. Martın əvvəlində xüsusi e-təlim istifadəyə veriləcək. Burada onlayn modullar qarşıdakı tapşırıqlara hazırlaşmağa kömək edəcək.
 
Turnirdən sonra könüllülər qazandıqları əhəmiyyətli bilik və təcrübədən istifadə edərək həm futbol çərçivəsində, həm də futboldan kənar uzunmüddətli bir ənənə yaratmağa kömək edəcəklər.
 
UEFA AVRO-2020 Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək.
 
Qeyd edək ki, Bakı, 6797 nəfər olmaqla könüllü müraciətlərinin sayına görə 12 ev sahibi şəhər arasında ilk sıradadır və onlardan 544 nəfəri xarici vətəndaşlardır. Bu könüllülərdən 6326 nəfəri isə artıq müsahibədə iştirak edib və onların arasından 2020 nəfər AVRO-2020 üçün seçilib. Seçilən könüllülərin 48 faizi 2019-cu ildə Bakıda keçirilən Avropa Liqasının final oyununda könüllülük təcrübəsi olanlardır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR