"Ayaks"dan uzaqda Yohan Krayfın irsini yaşadanlar

"Krayf planı” "Ayaks”ın akademiyası və komanda daxilindəki məşqçilik metodlarının yenidən formalaşdırılması prinsiplərini özündə ehtiva edən müddəlar toplusu idi. Plan 2011 və 2015-ci illər aralığında tətbiq olunub. Sonluq yarımçıq və məyusedici olsa da, azından futbol tarixinin ən böyük ağıl adamlarından biri bu yolla öz ideyalarını digərləri ilə bölüşmüş və onların yayılmasına yol açmışdı.

Krayf dünyasını dəyişsə də, sözügedən proses zamanı onun yol yoldaşları olan Vim Yonk və Ruben Yonqkind sayəsində ideyalar hələ də aktuallığını itirmir.

2011-ci ildə "Ayaks” yenidən üzünü Yohan Krayfa çevirdi. O, klubun yenidən formalaşmasına yardımçı olmaq üçün məsləhətçi rolunu yerinə yetirməyə başladı. Dəyişiklik, təbii ki, hamı tərəfindən yaxşı qarşılanmadı. İlk növbədə klubun direktoru istefa verdi. Bürokratik mövzuları bir kənara qoyaq, işin maraqlı tərəfi, sən demə, Krayf ideyalarının qeydini aparmırmış. Ruben Yonqkind olmasa, bunu, bəlkə də, bilməyəcəkdik.
 


Ruben Yonqkind: "Krayfla ilk görüşümü xatırlayıram. Ondan məşğələlərin yazılı qeydlərini istədim. Üzündəki ifadəni hələ də unuda bilmirəm. Mənə baxdı və dedi: "Məşğələlər? Nəyi bilmək istəyirsən? Mən müşahidə edirəm, hərəkətə keçirəm və göstərirəm". Ondan soruşurdun və deyirdi - bu qədər. Biz isə həmişə qeydlər aparmalı olurduq, çünki Yohanın ideyaları ilə bağlı hansısa bir qeydə rast gəlmək mümkün deyildi. Hər şey beynində yazılı idi".

Yonqkindin işi ilk növbədə Krayfın fikirlərini qeyd halına gətirmək, sonra isə onları praktikada tətbiq etməkdən ibarət idi. Həm də "Ayaks"da fərdi məşqçi kimi çalışırdı. Tək deyildi, yanında sabiq hollandiyalı futbolçu Vim Yonk da var idi:
 


"Vim və mən maqnit kimi idik, bir-birimizdən ayrılmırdıq. Gənc oyunçuların inkişafı prosesində fərdi yanaşmanın önəmi üzərində çalışırdıq. Aşağı yaş qruplarında belə, nə yolla olursa-olsun sadəcə qələbə qazanmaq niyyətində olan məşqçilər var idi. Fikirlərimizi yazılı formaya gətirdik və fərdi şəkildə oyunçulara yardım etmək üçün plan hazırladıq.

Hazırladığımız planı "Ayaks"dakı bosslarımıza təqdim etdik, amma onlar heç maraqlanmadılar. Onların mövqeyinə görə, ümumiyyətlə belə bir şeyə cəhd etməməliydik. Bura "Ayaks"dı, düşündükləriniz təhlükəlidi filan..."

Dəyişiklik riskdi, daşları yerindən oynatmaq anlamına gəlir. Ancaq Krayf təhlükəni sevirdi. İspan ana və holland atanın oğlu olan Yonqkind isə bu iki futbol kültürü ilə bağları olan adam üçün göydəndüşmə idi:

"Bu, təsadüfdü. Ancaq Krayf təsadüflərin məntiqi olduğuna inanır.

Əvvəl-əvvəl suallar verirdik: Fəlsəfəmiz nədi?; Missiyamız nədi?; Oyun tərzimiz nədi? Oyunçuların baxımlı futbol oynaya biləcəyinə zəmanət vermək istəyirdik. Ancaq baxımlı futbol özü nədi? Əsas prinsipləri formalaşdırmalı idik. Yohan onları müəyyənləşdirdi, biz isə bir-bir qeyd aparırdıq. Beləliklə, prinsipləri formalaşdırdıq.

10 nəfər qalsaq, necə oynayacağıq?; 10 nəfər qalmış rəqibə qarşı necə oynayacağıq?; 4-4-2-yə qarşı necə oynamaq lazımdı?; "Avtobus"u park edən komandaya qarşı nə etmək lazımdı? 10-12, 13-16, 17-19 - sonra bütün bunları müxtəlif yaş qruplarına necə uyğunlaşdırmalı olduğumuz barədə düşünməyə başladıq. Hər şeyi bir-bir aydınlaşdırdıq. Hər il əsas komanda üçün minimum üç futbolçu yetişdirmək istəyirdik".
 


Bu qeydlər "Ayaks" inqilabının təməlini formalaşdırırdı. İdeyalar strategiya formasını almışdı. "İnqilabçılar" getdikcə klub daxilində güclənirdilər. 2011-ci ildə "Krayf planı" adlanan müddəalar toplusu məhz Yohanın seçdiyi isimlər Dennis Berxkamp, Yonk və Yonqkind tərəfindən həyata keçirilirdi. Proses sonda gərginliyə səbəb olacaq və hətta işlər məhkəməyə qədər gedəcəkdi:

"Məncə, müqavimətin səbəbi siyasi idi. Dəyişikliklər təhlükə deməkdi. Hər kəsin bir sabit işi var və əgər sən nələrisə dəyişməyə başlayırsansa, nəticələr qaydasında olmayanda kimsə buna görə məsuliyyət daşımalı olur və kimsə işini itirir. Birinci problem budu. İkinci məsələ isə insanların konseptləri başa düşməməsidi. Onlar futbolun fərdi yox, komanda idman növü olduğunu deyirdilər".

Komanda fərdiyyətə qarşı, yəni Lui van Xal və Yohan Krayf üz-üzə. "Ayaks"dakı nifaq bundan ibarət idi. Eyni qəpiyin iki üzü... - əslində, o qədər bənzər ideyalara malik idilər ki... Buna rəğmən, uzun müddət holland klubunu təsiri altına alan güclərin toqquşmasına səbəb oldular. Krayfın qısamüddətli hakimiyyətinin təsiri böyük oldu - xüsusilə də total məşqçilik planında:

"İlk növbədə bütün akademiyada eyni oyun tərzinin tətbiqi üzrə çalışmalara başladıq. Bizdən öncə sanki hər məşqçinin öz "ada"sı var idi. Təbii ki, bəzi "Ayaks" ideyalarına sahib idilər, ancaq bu, eyni rəngin müxtəlif çalarlarına bənzəyirdi. "Ayaks" DNT-sindan söhbət gedə bilər, ok, sadəcə, klubda bizim istədiyimiz futbolu oynatmayan məşqçilər var idi".

Krayf və dəstəkçilərinin gördüyü kimi, problem akademiya məşqçilərinin sadəcə qələbə qazanmaq üçün komanda formalaşdırmaları idi:

"Biz nəticənin hər şeydən önəmli olmasını istəmirdik. Sadəcə bir komandanın qələbə qazanmağa ehtiyacı var, o da əsas komanda. Aşağı yaş qruplarındakı oyunların məşqdən bir fərqi olmamalıdı. Yəni aşağı yaş qrupları özlüyündə bir sonluq deyil, əksinə, sonluq üçün bir vasitədi".
 


Onlar yüksək potensialı ilə seçilən müdafiəçilərin çətin situasiyalarda texniki bacarıqlarını inkişaf etdirmələri üçün yarımmüdafiədə oynaması mövzusunda israr edirdilər - qol buraxmaq və məğlubiyyət bahasına olsa belə:

"İndi bir çox klubun və federasiyanın bu barədə danışdığını görürük, ancaq ortada sadəcə sözlər var. Dediklərinlə hərəkətlərin üst-üstə düşməlidi. Realda bunu etmək çox çətindi. Ancaq biz bunun üçün çalışırdıq.

Məşqçi olaraq təkcə komandaya görə yox, həm də bir qrup oyunçuya görə məsuliyyət daşımalı idin. Məsələn, U-10-un məşqçisisənsə, U-10-dan üç, U-11-dən iki, U-12-dən isə beş futbolçuya görə öhdəlik daşıyırdın və s. Üzərinə düşən əsas iş bu oyunçuları inkişaf etdirmək idi.

Təbii ki, şənbə günü yenə komandanın başına keçirdilər, ancaq bu, onların əsas vəzifəsi deyildi. Bunu məşqçiləri qələbə meylindən uzaqlaşdırmaq üçün edirdik. Əlbəttə ki, bütün oyunçular qələbə qazanmaq istəyirlər. Bu, təbii bir şeydi və hər oyunçunun DNT-sində var. Ancaq əgər akademiyadakı məşqçi nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyirsə, deməli, işlər qaydasında deyil.

Ona görə də qərara gəldik ki, məşqçilər 8 həftədən bir çalışdıqları komandaları dəyişsinlər. U-11-in məşqçisi 8 həftə sonra U-9-u çalışdırırdı və ya U-9-dakı çalışdırıcı U-12-nin başına keçirdi. Bu yolla eyni oyunçu bir neçə məşqçi ilə çalışırdı. Beləcə, oyunçular və onların bacarıqları barədə diskussiya prosesinə maraq oyanırdı.

Əvvəllər, məsələn, məşqçi hücumçu olubsa, oyunçuya ancaq hücumçu gözü ilə baxırdı, başqa biri tamamilə fərqli nöqteyi-nəzərdən yanaşırdı. X biri davranışlara köklənirdi, digəri ümumiyyətlə bu məsələni önəmsəmirdi. İstər-istəməz həmişə məşqçinin futbolçunu bəyənmədiyi situasiyalar olurdu və nəticədə onlar diqqətdən kənar qalırdılar. Müntəzəm olaraq məşqçiləri dəyişmək bu məsələni də ortadan qaldırdı.

Məsələn, indi "Ridinq"də olan Brayan Tevreden oyunçuların potensialını görmək, onların yetişdiyi mühiti dərk etmək mövzusunda çox yaxşı idi. Başqa məşqçilər bunu edə bilmirdilər. Yəni bəzi uşaqlar başqa məşqçilərin rəhbərliyi altında çətinlik çəksələr də, Brayanla işləri yaxşı alınırdı".

Fərdlərin ehtiyaclarını prosesin mərkəzinə yerləşdirməklə "Ayaks" oyunçuların inkişafına yardımçı olmaq adına məşqçilərdən tələb olunan prioritetləri müəyyənləşdirirdi:

"Bu, bir az abstrakt konsept idi, ancaq praktikada hər şey ortada idi. Aşağı yaş qrupunda çalışan məşqçi komandaya görə yox, fərdi oyunçulara görə məsuliyyət daşıyırdı.

Oyunçular haqqında çoxlu informasiya toplamalı olurdun. Valideynlərlə danışırdın, evlərinə gedirdin, məktəbə yollanıb uşaq barədə müəllimlərlə maraqlanırdın. Sadəcə meydançanın daxili ilə kifayətlənmirdilər".
 


Hazırda akademiyada olan futbolçuların hər biri fərdi inkişaf planına malikdi. Yonqkindin atletikadakı keçmişi onun fərdi idman növlərindəki atletlərin məşq rejimlərindən xəbərdar olması anlamına gəlir. Onun bu barədəki mütərəqqi ideyalarına uyğun Krayfın da özünəməxsus təcrübəsi var imiş:

"Krayf mənə öz futbolçu keçmişindən danışdı. Gənclik illərində birgə çalışdığı ən yaxşı məşqçi kimi qələmə verdiyi Yani van der Veen 15 yaşlı Krayfa həftədə 5 dəfə "Ayaks" üçün oynamağı qadağan edib. Əvəzində, sadəcə iki dəfə meydana çıxarmış. Van der Veen onu yerli atletika komandasına yazdırıbmış. Bütün məşqçilər Yaninin dəli olduğunu düşünürmüşlər. Çünki Yohan komandanın ən yaxşı futbolçusu idi. Ancaq eyni zamanda, o, zəif və sısqa imiş".

Bu yanaşma Krayfın özündə effekt verdiyi üçün "Ayaks"da da tətbiq etmək məntiqli idi. İdeyalara açıq məşqçilərə cüdo, gimnastika və hətta amerikan futbolu barədə məlumat verilirdi. Məsələn, basketbol yaxşı müvazinət formalaşdırır. Məqsəd uşaqları sözügedən idman növləri ilə tanış etmək idi. Digər əzələlər üzərində işləmək zədə riskini 4 dəfəyə qədər azaldır. 12 yaşa kimi məşqlərin 45%-i birbaşa futbolla əlaqəli deyildi.

Bəziləri üçün bu, əcaib eksperimentlərdən başqa bir şey deyildi. Onlara görə, bu, futbolun əsas hədəflərindən uzaqlaşmaq demək idi:

"Gənc oyunçular üçün daha çox məşq metodları və imkanlar yaratmalı olduğumuzu bilirdik, çünki küçə futbolu yavaş-yavaş yoxa çıxırdı və biz bunu hansısa yolla kompensasiya etməliysik. Sonra məktəblərlə xüsusi anlaşmalarımız oldu və şəhərcikdə məktəb yaratdıq. Burada uşaqlar xarici dillər, tarix və ya fizikanı futbol vasitəsilə öyənirdilər.

Diqqətimi çəkən şey - uşaqların daha öncə maraq göstərmədikləri fənnləri futbol vasitəsilə sevmələri idi. Məsələn, ingilis dilinə heç həvəsi olmayan gənc futbolçu "Tottenhem"lə "Çelsi" arasındakı oyunun raportunu ingilis dilində oxuyanda onun üçün vəziyyət dəyişirdi. Bu, çox maraqlı idi. Bu sistem sayəsində hər gün çalışmalar üçün əlavə zaman dilimi yarada bildik".

Keçək "Krayf planı"nın son illərinə. Nələr qaydasında getmədi və plan niyə tam baş tutmadı?

"Planı tətbiq etmək ən çətin olan hissədi. Səhv etdiyimizi sonradan anladıq. Bəzi şeyləri başqa formada da edə bilərdik. Çox sürətli addım atırdıq. Daha yavaş addımlarla başlamalı və daha yaxşısını əldə etməyə çalışdığımızı bildirməliydik. Sonradan - 2013-cü ildə bəzi şeyləri inkişaf etdirməyə başladıq, ancaq əvvəldən bu formada başlaya bilərdik. Təəssüf ki, daha öncə belə bir təcrübəmiz olmamışdı. Məncə, kontent çox yaxşı idi, yəni bu mənada heç bir problem yox idi. Əsas məsələ insanların dəyişikliklərə uyğunlaşması, ümumiyyətlə proseslərə hazırlıqlı olmaları ilə bağlı idi.

Digər tərəfdən, əgər rəhbərlik sizi dəstəkləmirsə, işiniz çətindi. Çünki insanlar dəyişikliklərə qarşı həvəssizdilərsə, daha üst pozisiyalarda olanlara yaxınlaşıb, şikayət edə bilərsən. Yox, bosslar sizin arxanızda deyilsə, digərləri 100% bunu anlayacaqlar və sonra onlar sizdən şikayət etməyə başlayacaqlar".

Əslində, klub daxilində fikir ayrılığı əvvəldən var idi. "Ayaks" idarə heyətinin bir hissəsi direktorluq postunu Lui van Xala tapşırmaq istəyirdi. Bu, reformları əngəlləmək üçün bir cəhd idi. Krayf məsələni məhkəməyə daşıyıb, qismən istədiyini alsa da, gərginlik heç vaxt azalmamışdı. Bir tərəfdən də baş məşqçi Frank de Bur əsl davamçı deyildi:

"Frank de Burun oynatdığı futbolun Yohan Krayfın oyun tərzi ilə əlaqəsi yox idi. Frankın öz ideyaları var idi. Məncə, onun fikirləri daha çox Lui van Xalın fikirlərinə yaxın idi".
 


Nəticədə bir müddət sonra beynəlxalq layihələrlə bağlı ideyalar bir kənara atıldı və Krayfın planları digərləri tərəfindən Yonk və Yonqkind kimi dəqiq şəkildə tətbiq edilmədi. Sonra isə hər şey bitdi. Krayfın xərçəng xəstəliyinin simptomları yenidən ortaya çıxdı və bu səfər onu daha böyük mübarizə gözləyirdi. 2015-ci ildə Yonk uyuşmazlıqlar səbəbindən "Ayaks"dan ayrıldı, ardınca Krayf da bənzər qərar qəbul etdi... və Yonqkindin də aralarında olduğu 14 nəfər klubu tərk etdi:

"Yohan bizi həmişə qoruyurdu. Ancaq onun xəstəlik məsələsi ortaya çıxandan sonra mövzu bizim üçün artıq bitmişdi.

Məyusedicidi, çünki biz imkanları görürdük. Biz komandadan ayrılanda U-19-un keyfiyyətinə bələd idik, orada böyük potensial var idi.

80-ci illərdə Krayf "Ayaks" akademiyasını yeniləmişdi. 7 il sonra komanda Kubok Qalibləri Kubokunu qazandı. Yohan harasa gedir, akademiyada dəyişikliklər edir və 5-10 il sonra klub uğur qazanır - çoxu bunun fərqində deyil.

Eyni şey "Barselona"da da baş verdi. Hətta bu yaxınlarda "Ayaks" gənc oyunçuları ilə Avropa Liqasında final oynadı. Məncə, təsadüf deyildi. 5 saniyə qaydası, üçüncü adam, genişlik əvəzinə, dərinlik yaratmaq istəyi... - Peter Boş Krayfın bəzi prinsiplərindən istifadə edirdi.

Nəticədə 17 yaşlı oyunçular Avropa nəhənglərindəki 25 yaşlılara meydan oxuyurdular. Bu, qismən bizim tərəfimizdən görülən işin nəticəsi idi. Ancaq mənim gələcəklə bağlı şübhələrim var. Çünki arada yanımıza məsləhət üçün gələn oyunçular istisna olmaqla, "Ayaks" üzərində heç bir təsirimiz yoxdu. Hər şey bitib".

"Ayaks" üçün bu mövzu bitsə də, Yonqkindlə Yonk üçün proses davam edir. Onlar "Krayf" futbol brendinin xüsusi elçiləridilər və birlikdə baxımlı futbolu yaymaq, fərdi yanaşma sayəsində daha yaxşı oyunçular formalaşdırmaq və - bir az da cürətkar şəkildə - uşaqların maksimum potensiallarına çatacaqları bir dünya formalaşdırmaq üçün çalışmalara davam edirlər. Onların klubları olmasa da, ideyaları var:

"Ayaks"ı tərk edəndə Krayf bizdən dayanmamağı istədi. İdeyalarımızın dəyərli olduğuna inandığımız üçün qaldığımız yerdən davam etməliydik. Ona görə də klubumuz olmasa belə, biz təkbaşına işimizə davam edəcəyik. İşimiz ideyaları yaymaqdı.

Yohanla sonuncu dəfə ölməmişdən iki həftə əvvəl danışmışdıq. Dedi ki, Çinə getməliyik, bizim akademiya və gənclərin inkişafı ilə bağlı etdiyimiz səhvləri onların da təkrarlamasına imkan verməməliyik... Həqiqətən də, fikirlərin yayılmasını istəyirdi və biz də öz komandamızla birlikdə bunun üçün çalışırıq".

Yonqkind bu yaxınlarda çinli məşqçilər üçün intensiv kurslar təşkil etdiyi Pekindən qayıdıb. Onların Belçika Futbol Assosasiyası ilə də əməkdaşlığı var. Gələcəkdə ABŞ-la potensial partnyorluq ehtimalı var. Həmçinin tez-tez İspaniya klubları ilə ideyalarını bölüşürlər. Krayf fikirlərini qələmə almasa da, yaxşı ki, kimlərsə onun əvəzinə bu işi görüb. Odur ki, rahatlıqla deyə bilərik: Yohan Krayfın ideyaları yaşayır...
 


Adam Beytin 2017-ci ildəki Ruben Yonqkind reportajından istifadə olunub

OXŞAR XƏBƏRLƏR