ATP FİNALS: Raoniç yarımfinalda

ATP FİNALS: Raoniç yarımfinalda
Londonda keçirilən ATP Finals turnirinin "İvan Lendl” qrupundan çıxan yarımfinalçılar bəllidir. Bunlar Novak Cokoviç (Serbiya) və Miloş Raoniçdir (Kanada).

İlk olaraq, artıq yarımfinalçı olduğu bəlli olan Novak Cokoviç korta çıxıb. O, qrupda üçüncü oyununu, Qael Monfilsin (Fransa) imtinası ilə turnirə alternativ qismində qatılan David Goffinə (Belçika) qarşı keçirib. Novak asanlıqla iki setdə qalib gələ bilib.

Matç 1 saat 9 dəqiqə davam edib və Novakın 6-1 6-2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə Novak 3 eys, 4 ikili səhv və 4 breyk ilə fərqlənib. Goffin isə 1 eys, 4 ikili səhv və breyk edə bilməməyi ilə yadda qalıb. Ümumi görüşdə 104 xal oynanılıb və bu xalların 62-ində Novak üstün olub.

Qrupdan ikinci olaraq yarımfinala kimin çıxacağı isə Miloş Raoniç və Dominik Tim (Avstriya) matçında bəlli olacaqdı. Beləki, hər iki tennisçi aktivlərində bir qələbə ilə korta çıxmışdırlar və bu matçın qalibi yarımfinala gedirdi. Matç Raoniçin iki setlik qələbəsi ilə yekunlaşıb və ikinci yarımfinalçı bəlli olub.

1 saat 30 dəqiqənin yekununda Miloş 7-6 (7/5) 6-3 hesablı qələbəni aktivinə yazıb. 14 eys, 1 ikili səhv ilə yadda qalan Miloş, rəqibinə breyk point belə qazanmağa imkan verməyib. Tim öz növbəsində 4 eys, 2 ikili səhvə imza atıb, servisində 2 dəfə uduzub. Ümumi 135 xal oynanılıb və Miloş 75-ində üstün olub.
"John McEnroe” qrupundan çıxacaq olan yarımfinalçılar bugün bəlli olacaq.

Heydər Rzayev


Oxşar xəbərlər