Tuyqun Nadirovun yeri məlum

Tuyqun Nadirovun yeri məlum
"Xəzər Lənkəran”ın yerinin Azərbaycan çempionatında boş qalması haqda dəfələrlə deyilib. Bunu deyən təkcə lənkəranlı azarkeşlər deyil. Elə bu yaxınlarda "xalq komandası”na könül verən ən fəal azarkeşlərinin toplaşdığı "Forza "Neftçi”nin üzvləri də eyni cür etirafı dilə gətirmişdilər. 

Bu boşluq mətbuat üçün də, rəqib klublar üçün də, elə AFFA və PFL-in özü üçün də ciddi mənada hiss edilir. Həftəsonu keçiriləcək "Qəbələ” – "Qarabağ” qarşılaşması öncəsi yaranmağa başlayan ajiotaj da bizi müəyyən mənada keçmişə qaytardı, "böyük oyun”un xiffətini çəkmiş kimi olduq. Amma etiraf etmək lazımdı ki, Avropada özünə ad-san qazanmış "Qarabağ”la "Qəbələ”nin rəqabəti o ləzzəti vermir. "Neftçi” ilə "Xəzər Lənkəran”ın çəkişməsi, azarkeşlərin tribunalarda yaratdığı ab-hava, Rednikin nənəsini xatırlaması, Böyükağa Hacıyevin onun nənəsinə qarşı öz babasını yad etməsi ayrı aləm idi, dostlar. 

Bəlkə də, illər dəyişib, Azərbaycan futbolu artıq tənəzzülə qədəm qoyub, Premyer Liqada rəqabət azalıb deyə bu belədi. Amma səbəbi nə olursa-olsun, nəticə dəyişmir. Özü də "Neftçi”nin dirçəlməyə başladığı indiki günlərdə "Xəzər Lənkəran”ın yoxluğu daha çox yada düşür. Kim bilir, bəlkə də gedişi kimi gəlişi də gözlənilməz olacaq, gələn mövsümün püşkatma mərasimində "Xəzər Lənkəran” rəsmilərinin də iştirakını görəcəyik. Özü də əvvəlki kimi iddialı və təkəbbürlü. Onda Azərbaycan Premyer Liqası bir ayrı aləm olar. Bir tərəfdə "Qarabağ”la "Qəbələ”nin ənənəyə çevrilməyə başlayan çəkişməsi, digər yandan da "Neftçi”ylə "Xəzər Lənkəran”ın tarixi rəqabəti. Daha nə istəyirik? 

Keçmişə boylanmağım, sizi də nostalgiyaya salmağım səbəbsiz deyil. Hər toplantısını böyük səbrsizliklə gözlədiyim, dünya futbolunda analoqu olmayan quruma çevrilmiş Klublar Komitəsinin növbəti iclasından sonra mən "Xəzər Lənkəran”ın, daha doğrusu onun vitse-prezidenti Tuyqun Nadirovun xiffətini çəkdim. Sizin də yadınızda olar, bir vaxtlar klub rəhbərliyi "Xəzər Lənkəran”ın "ev oyunları”nın "İdman Azərbaycan” telekanalı vasitəsiylə göstərilmisənə qəti şəkildə qadağa qoymuşdu. Tuyqun Nadirov bildirirdi ki, "Xəzər Lənkəran”ın keçirdiyi oyunların görüntüsü kluba məxsus məhsuldu və onlar da həmin məhsulu pulsuz vermək fikrində deyillər. Peşəkarlıq baxımdan yanaşanda kifayət qədər məntiqli və doğru mövqe idi. Və buna həm "İdman Azərbaycan” tərəfi, həm də AFFA və PFL normal yanaşdı, kimsə klubla mübahisəni dərinləşdirmədi. 

Ötən çempionatın əvvəlində "CBC Sport” yaradıldı və bu kanalın ayaqda qalması üçün SOCAR-ın büdcəsindən əhəmiyyətli miqdarda pul ayırdılar. Deyilirdi ki, yeni idman kanalı Azərbaycan teleməkanına təzə dəb gətirərək çempionatın yayım hüququnu 700 min manata alıb. Həmin məbləğdən klubların hərəsinə 70 min manat veriləcək. Sonradan da bu məbləği cərimələrə, rüsumlara tutdular. Klublar heç qara qəpiyin də üzünü görmədi. AFFA-nın baş katibi Elxan Məmmədov 2015-ci ilin avqust ayında Qəbələ stadionda jurnalistlərə bu məsələ ilə bağlı danışarkən belə demişdi: "Premyer Liqanın 12 kamera ilə çəkilişi və 3 oyunun efirə verilməsi sevindirici haldı. Ancaq əvvəllər bu yox idi. Gələcəkdə divizionun, əvəzedicilərin, U-19-un və digər çempionatların da oyunları yayımlanacaq. "CBC” istəyirsə, AFFA və PFL gələcək mövsümdə də yayım hüququnu onlara versin, özlərini sübut etməlidirlər”. İndiki real durum necədi? 

"CBC Sport” qarşılaşmaları 12 kamera ilə çəkmir, bir çox mübahisəli epizodları kanalın təqdim etdiyi görüntülərdən tam qiymətləndirmək isə ümumiyyətlə, mümkün deyil. Ya rakurs doğru olmur, ya da görüntünün keyfiyyəti aşağıdı. Aşağı divizionun oyunları nadir hallarda ekranlara gətirilir. Əvəzedicilərdən və AFFA-nın bayrağı altında keçirilən digər çempionatlardan isə heç danışmağa dəyməz. Deməli, Elxan bəyin arzuları doğrulmadı, kanal rəhbərliyi ona verdiyi sözü tutmadı. Kanal rəhbəri də kimdi? Düz tapdız, cənab Məmmədovun Türkiyədən dəvət etdiyi Volkan Üst. Belədə Volkan bəyin də AFFA-nın baş katibindən ayrı, özbaşına qərar vermədiyi də məlum məsələdi. Bütün bunlar bir tərəfə, Klublar Komitəsinin sonuncu iclasından sonra nəhayət ki, aylardan bəri vurğuladığımız bir məqam təsdiqini tapdı. Yeni mövsümdən premyer-liqanın yayım hüququ "CBC Sporta” pulsuz-parasız verilib. Bu həm də o deməkdi ki, klubların yayımdan pul qazanacağı ilə bağlı söylənilən nağıllar da unudulub. Acı həqiqəti mən və məni oxuyub inanan dəyərli oxucular çoxdan bilirdi. Sadəcə, rəsmi etiraf KK-nın sədrinin dilindən də eşidildi. Elxan Məmmədovun yaxın dostu olduğu üçün futbol təsərrüfatında sürətli irəliləmiş Kamran Quliyev özü dediyi kimi, "hələ bu məsələnin axırına çıxmayıb”. 

Allah sizi bəd nəzərdən qorusun, Kamran bəy, mövsümün sonuna ay yarım qalıb e. Daha hamı hər şeyi bilir, siz nəyin axrına çıxacaqsız? Siz hansısa qərarı müstəqil qəbul edə bilərsizmi ki, məsələnin də axırına çıxasız? 

Bax, bu yerdə mən Tuyqun Nadirovu xatırladım, "onun yeri məlum” dedim. Görəsən, cənab Nadirov 70 min manatı almasa, "CBC Sport”u "Fırtınalar meydanı”na buraxardımı? Gün o gün olsun "Xəzər Lənkəran” elitaya qayıtsın, biz də bu sualımıza cavab tapaq.

Mənbə: "Futbol+", Amal Abuşov

Oxşar xəbərlər