AZAL-ın

AZAL-ın "pilotu" istefaya göndərilir?



Amal Abuşov


Müharibədən bəhs edən davalı kinolarda görmüş olarsız. Mühasirəyə düşən yaşayış məntəqələrinin sakinlərinə təyyarələr vasitəsiylə bağlamalar atılır, bəzən də hansısa çağırışın əks olunduğu vərəqələr göydən yerə səpələnirdi.

AZAL-ın "Bakı”ya uduzmasından sonra mən həmin filmlərdəki epizodları gözümün önündən keçirdim. Kim deyərdi ki, cəmisi bir həftə əvvəl Lənkəranda darmadağın olan, gənclərdən və yeniyetmələrdən qurulan "Bakı” AZAL-ı göydən yerə endirəcək? Tarixinin ən ağır günlərini keçirən paytaxtın eyni adlı klubu üçün Şüvəlanda qazandıqları qələbə göydən yerə atılan ərzaq bağlaması kimi dəyərli oldu.

AZAL-ın "Bakı”ya bağışladığı bu 3 xal mövsümün ilk qəzası da deyildi. "Neftçi”nin əvəzedici heyətini məğlub edəndən sonra keçirdiyi bütün oyunlarda uduzan "Araz Naxçıvan” da cəmisi bir tur əvvəl "təyyarəçilər”lə oyunda sevinmişdi.

Düzdü, Muxtar Respublikada keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Amma premyer-liqanın aşkar autsayderi ilə oyunda buraxılan iki qol, əldən verilən qələbə bu mövsüm qarşısına yüksək hədəflər qoyan komanda üçün ciddi həyacan siqnalı sayılmalıydı.

Medal qazanmağı bir kənara qoyaq, elitadan düşmək təhlükəsini özündən uzaqlaşdırmaq istəyən komanda "Bakı” və "Araz Naxçıvan” kimi rəqiblərlə qarşılaşmalardan maksimum nəticə qazanmağa borcludu. Burda söhbət təkcə xal itkisindən getmir. Məsələ ondadı ki, sənin itirdiyin xalı rəqibin qazanır, əyani mübarizədə üstünlük əldə edir. Necə ki, AZAL ardıcıl iki oyunda qələbəyə həsrət qalmaqla qızıldan qiymətli 5 xal itirməklə yanaşı "zolaqlılar”ı özündən irəli buraxdı. Tərlan Əhmədovun komandasının belə səxavətli davranışını acı təbəssüm doğurur.

Düzdü, hələ birinci dövrə yekunlaşıb, maya qədər çox şeylər dəyişə bilər. Amma hadisələrə real baxmaq, baş verənləri düzgün qiymətləndirmək lazımdı.

Cənab Əhmədovun ötən həftə İsveçrəyə məşqçilər kursuna yollanmasını səbəb göstərib, özünü bağışlaya bilmədiyini dilə gətirməsi də heç nəyi dəyişmir. Artıq iki aydan artıqdı ki, çempionat start götürüb, onun yetirmələri "Bakı”yla oyuna qədər yeddi rəsmi oyun keçirib. Bu müddət komandaya öz oyun fəlsəfəni aşılamaq, futbol diliylə desək, oyun sistemini oturtmaq üçün kifayət etməlidi. Ən azından elə olmalıydı ki, AZAL-ın futbolçuları baş məşqçiləri olmadan belə meydana çıxıb, "Bakı” və "Araz Naxçıvan” kimi rəqibləri çətinlik çəkmədən məğlub edə bilsinlər.

Naxçıvandakı bərabərlikdən sonra "Bakı”ya məğlubiyyəti təsadüfi saymağa adamın dili gəlmir. Bu həmin AZAL-dı ki, ötən mövsümün sonunda islahatlar aparılacağı, yüksək hədəflər uğrunda yarışmağa qadir komanda formalaşdırılacağı, bir il sonra Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcəyi iddia olunurdu. Zaman sübut edir ki, klub rəhbərliyinin arzularının heç birisi reallaşana oxşamır.

"Təyyarəçilər”i Avroliqaya çıxaran Nazim Süleymanov pis oldu, Elxan Abdullayev gəldi, sonra onun yerini Rafiq Mirzəyev tutdu. Mirzəyev də bəyənilmədi, köməyə Vaqif Sadıqov çağırıldı, o da AZAL-ın mürəkkəb "mexanizm”indən baş açmadı. Artıq Tərlan Əhmədov da çantalarını toplamağa başlayıb. Deyilənə görə, "Bakı”ya məğlubiyyət klubun başbilənlərinə yer eləyib, onlar komandaya və çalışdırıcıya son xəbərdarlıqlarını ediblər. Dünən axşam keçirilən klubdaxili iclasda açıq şəkildə bildirilib ki, növbəti iki oyunda AZAL arıdıcıl qələbələr qazana bilməsə, komandada böyük dəyişikliklər olacaq. Bu isə o deməkdi ki, Tərlan Əhmədov göndəriləcək, onun yerini başqa birisi tutacaq.
Məhşur bir lətifədə deyildiyi kimi, daha bəribaşdan deyin ki, "Əhmədov, səninlə yollarımızı ayırırıq, daha bizə lazım deyilsən”. Çünki son qarşılaşmalardakı görüntüsünə əsasən AZAL-ın "Sumurq”la "Neftçi”ni məğlub edəcəyinə inanmaq çox çətindi. Deməli, artıq bu həftəsonu Tərlan Əhmədov işini itirə bilər.

Ayının min oyunu bir qozun üstündə olduğu kimi Azərbaycan klublarının bütün həngaməsi məhz hər transfer dönəmi ərəfəsində məşqçi və futbolçularını dəyişdirmək azarıdı. Əhmədov gedəcək, onun gətirdiyi futbolçular da qış fasiləsi ərəfəsində evlərinə yola salınacaq. Onların əvəzinə yeniləri çağırılacaq, yeni pullar, yeni qazanclar...

Məsələ aydındı. Bəli, əzizlərim. Hər şey məhz bu ssenari üzrə gerçəkləşəcək.

AZAL-ın son oyunlardakı səxavətli davranışının sonu həmişəki kosmetik dəyişiklikləri həyata keçirməyə xidmət edəcək. Yeni gələn məşqçi də "bu komandanı mən qurmamışam” deyib, yaya kimi başını girləyib, AZAL-ın elitadakı yerini qorumaqla məşğul olacaq. Sonrası da Allah kərimdi. Ssenari həminki kimidi, elə müəlliflər də eyni adamlardı. Dəyişən təkcə aktyorların adlarıdı.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR