"Azərbaycan futbolunun anasını ağladıblar" - Samir Ələkbərov

"Nikola Yurçeviç Slovakiyaya məğlubiyyəti futbolçuların həyəcanlı olması ilə əlaqələndirib, deyəsən, özünün də ayağı əsirmiş”.

Sport7.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin AVRO-2020-də uğursuz çıxışını şərh edən mütəxəssis Samir Ələkbərov deyib. 

Təcrübəli məşqçi yığmanın tsikli 1 xalla bitirməsinə görə birbaşa AFFA-nı günahlandırıb: "Axı futbolçunun ayağı niyə əsməlidir? Əksinə olmalıdır, axı qələbə meydan sahiblərinə daha çox lazım idi. Onlar həyəcanlı olmalı idilər. Biz rəqibin irəli atılmasından, hədsiz istəyindən, həyəcan keçirməsindən yararlanmalı idik. Həm də yığmadakılar uşaqdır ki, qorxsunlar? Ramil Şeydayev Rusiyada, Dmitri Nazarov Almaniyada, Riçard Almeyda, Qara Qarayev, Bədavi Hüseynov "Qarabağ”da oynayanda niyə dizləri əsmir? Deməli, məşqçi onları düzgün kökləməyib. Guya ikinci hissədə yaxşı oynadılar ki? Topu arxada bir-birinə ötürməklə, nəyəsə ümid edirdilər? Əslində, 1 və ya 7-8 xal toplamağımız qüsurlu müqayisədir. Əvvəlki mövsümlərdə nisbətən çox xal yığırdıqsa, bu, qrupa düşən 1-2 zəif rəqibə görə idi. San-Marinodan, Maltadan biri düşəndə, hər iki oyunda udub bunu uğur kimi qələmə verirdilər. Bu dəfə rəqiblər bizdən güclü idi. Belədə real gücümüz ortaya çıxdı. AFFA heç kimi aldatmasın, futbolumuz inkişaf etməyib”.

Ələkbərov Millətlər Liqasından sonra Qurban Qurbanovun istefaya göndərilməsinin yanlış olduğunun zamanla təsdiq olunduğunu da vurğulayıb: "Mən hələ də anlamıram, o vaxt Qurbanı niyə çıxardılar? Niyə gətirmişdiniz, niyə istefaya göndərdiniz? Razıyam, Millətlər Liqasında aşağı-yuxarı eyni səviyyəli rəqiblərin yer aldığı qrupdan çıxa bilmədik. Amma Yurçeviç yığmaya ondan artığını verə bilməyibsə, ona onminlərlə dollar maaş verməyin mənası nə idi? Hamısının günahkarı Məşqçilər Komitəsində oturan həmkarlarımdır. Qurbanın istefasına hamısı yekdilliklə əl qaldırdılar. Heç olmasa, biri görüntü xatirinə bunun əleyhinə çıxış etmədi. Ağsaqqallarımız oturub çay içməklə, günlərini keçirir, AFFA-nın hər sözünə ləbbeyk deyirlər. Mən də onlarla oturub çay içmişəm, amma onlar kimi səsimi içimə salmaq fikrim yoxdur. Azərbaycan futbolunun anasını ağladıblar”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR