Bu günlərdə Kiyevdə güləş üzrə beynəlxalq turnir
start götürdü. Ukraynanın məşhur pəhləvanlarının və məşqçilərinin xatirəsinə
keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil etdi.
Maraqlıdı ki, Kiyevə yollanan heyətdə bir çox
tanınmış güləşçilər yer almamışdı. Bu güləşçilər arasında Toğrul Əsgərov, Hacı
Əliyev, Şərif Şərifov və Mariya Stadnik var. Azərbaycan güləşinin aparıcı
simalarının Kiyevə aparılmaması hər kəsdə sual yarada bilər. Olmaya, bu güləşçilər
artıq karyeralarını bitirirlər, millidən uzaqlaşırlar?
Bu sualla "Futbol+” qəzetinin əməkdaşları Güləş
Federasiyasının mətbuat katibi Sərxan Musalıya müraciət edib. Musalı hər bir
güləşçisinin səfərə çıxmaması üçün fərqli səbəblər söyləyib:
"Toğrul Əsgərov təlim-məşq toplanışlarında iştirak
edirdi. Bir qədər artıq çəkisi var idi. Bu problemi tədricən yoluna qoymağı
planlaşdırırdı. Təbii ki, birinci lisenziya xarakterli turnirdə iştirakı gözlənilmirdi.
İkinci analoji yarış üçün planlaşdırılmışdı. Tədricən formaya düşürdü. Kiyev
turnirində də 79 kq-da iştirak etməliydi. Olimpiya çəkisi isə, bildyiniz kimi,
74 kq-dı. İkinci lisenziya turnirinə kimi çəkisini 74 kq-a salmalı idi. Amma
komanda fevralın 7-də Dağıstana təlim-məşq toplanışına getməmişdən öncə zədələndi.
Bu üzdən adı siyahıdan çıxarıldı. Ondan sonra hələ də məşqlərdə iştirak etmir,
zədəsini tam sağaltmayıb. Onunla bağlı durum qeyri-müəyyəndi, sual altındadı.
Necə olacağı, karyerasını davam etdirib-etdirməyəcəyi bilinmir. Bununla bağlı
özü qərar verməlidi. Təbii ki, federasiya olaraq onun güləşməsinin tərəfdarıyıq
və bunun üçün əlimizdən gələni edirik”.
Sərxan bəy üçqat dünya çempionu Hacı Əliyevlə bağlı
bunları söylədi: "Hacı lisenziya xarakterli turnirə hazırlaşdığı üçün bu yarışa
qatılmayıb. Bir müddət Bakıda bərpa prosesi keçdi. Tədricən formaya düşür.
İnşallah, ondan da lisenziya gözləyirik. Ümumiyyətlə, onu da əlavə edim ki,
Kiyev turniri bəzi çəkilərdə lisenziya xarakterli turnirlərə kimlərin
qatılacağını müəyyənləşdirmək baxımından bir sınaqdı”.
Federasiya rəsmisi qadınlardan ibarət yığmanın
lideri Mariya Stadniklə yanaşı, Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin
edən, olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun heyətdə yer almamasını
isə belə əsaslandırdı: "Stadnik hazırda yaşadığı Lvov şəhərində təlim-məşq
toplanışını davam etdirir. Orda komanda, sınaqçı-rəqiblər var. Onun ilk qatılacağı
yarış martın 4-7-də İtaliyada keçiriləcək turnir olmalıydı. Amma bu da sual
altındadı. Böyük ehtimalla apreldə təşkili planlaşdırılan Avropa çempionatında
mübarizə aparacaq. Bilirsiz ki, Mariya Stadnik Şərif Şərifovla birgə Tokio
Olimpiadasına lisenziyanı təmin edib. Bu üzdən hər ikisi lisenziya xarakterli
turnirlərdən azaddı. Amma Olimpiadaya qədər formada qalmaq üçün ən azı bir-iki
yarışda iştirakları planlaşdırılıb. Stadnikdən fərqli Şərifov yüz faiz
İtaliyadakı turnirə qatılacaq. Yəqin ki, ondan sonra Avropa çempionatında da
güləşə bilər. Üstəlik, Şərifin bu il yarış təcrübəsi də var. Fransada keçirilən
turnirdə güləşmişdi. Zədələndiyinə görə yarışı başa vura bilmədiyi də məlumdu”.
Sport7.az