Azərbaycan Premyer Liqası klublarından biri koronavirus testindən keçməyib

Azərbaycan Premyer Liqası klublarından biri koronavirus testindən keçməyib

Azərbaycan Premyer Liqasında çıxış edən klublardan yalnız "Qəbələ" koronavirus testindən keçməyib. 

Bu barədə "Report"a əyalət təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi bildirib ki, hazırda gözləmə mövqeyindədirlər. O, məşqlərin vaxtının müəyyənləşməsindən sonra testdən keçəcəklərini söyləyib: "Klinika ilə danışılıb və hər şey planlaşdırılıb. Sadəcə, planda var ki, məşqlərə icazə veriləndən sonra testdən keçək. Bunu hazırlıq prosesindən 1-2 gün öncə etmək istəyirik". 

Hacıyev klubun müxtəlif rayonlarda olan bəzi üzvlərinin bir araya gəlmələrinin də vacibliyini vurğulayıb: "Bu, kollektiv məşqlərə icazə verildikdən sonra gerçəkləşəcək. Həmin vaxt öncə testdən keçəcək, sonra isə hazırlıq prosesinə start verərək, yoxlama oyunlarında gücümüzü sınayacağıq".  

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubdan 7-si artıq testdən keçib. Çempionat martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR