Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi:

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

Bugünlərdə daha bir futbolçu vaxtından xeyli əvvəl karyerasını bitirdi. Azərbaycan futbolunun, futbol idarəçiliyinin növbəti qurbanı 17 yaşlı qapıçı Cavid Qurbanov oldu.
 
Sport7.az xəbər verir ki, son olaraq "Kəpəz”in U-17 komandasında çıxış edən Cavid futbolun daşını ataraq, bu sahədən uzaq durmaq qərarına gəlib. İstedadlı qolkiper hazırda ofisiant işləyir.

Gənc qapıçı bu qərarına səbəb olan məqamlarla bağlı danışıb. O, klub tapa bilmədiyini deyib: "Futbolu buraxdım, bunu artıq hamı bilir. Bundan sonra harda oynaya bilərdim? Əslində U-19 və ya divizion klublarının birində oynamalıydım. Amma təəssüf ki, Azərbaycanda bu da mümkün deyil. Təsəvvür edin ki, U-17 liqasında 14, U-19-da isə 8 klub var. Fərqi görürsüz? Son olaraq "Kəpəz”in U-17 komandasında oynadım. Mən əsas komandada da oynaya bilərdim, heç kimdən geri də qalmazdım. Amma təəssüf ki, bu da alınmadı. Bütün klublar Bakıdadı, bir klub bölgədədi, o da "Qəbələ”. Bakıda və ya Sumqayıtda hansı klubun futbolçu saxlamaq üçün yeri var? İndi bilirsiz, klublar nə deyirlər? Deyirlər ki, bizə gündəm olan qapıçı lazım deyil. İstəyən klublar da deyirlər ki, qalmaq üçün özün yer tap. Hardan tapım? Bakıda, ya Sumqayıtda ev pulsuzdu ki? Ötən ildən belə söhbət var, indi də belədi. Ümumiyyətlə, Azərbaycanda futbol oynamaq üçün harda şərait var ki? Bu il heç maraqlanan olmadı, nə hazırkı klubum, nə də başqaları. Mən də işə başlamalı oldum. Gənc insanam, paltar, yemək almaq lazımdı. Evə niyə yük olum ki? Uşaq idim, əziyyətimi çəkdilər, indi mənim borcumdu ki, valideynlərimə kömək edim. Artıq iki aydı ofisiant kimi işləməyə başlamışam. Ötən il futbol oynadığım vaxtlarda da iş axtardım ki, məşqə gedə bilim, amma onu da tapa bilmədim. İndi də işləyib, pul qazanaraq evə kömək edirəm. Sadəcə, bir şansım var, o da oxumaq. ADBTİA-da oxuya bilərəm”.

Son komandası "Kəpəz”dən hansısa narazılığının olmadığını bildirən Cavid bu taleyi yaşayan yeganə futbolçu olmadığını dedi. Onu da əlavə etdi ki, hətta qışda Ukraynada oynamaq şansı yaranıb: "Kəpəz”də heç kimdən narazı deyiləm. Hər biri gözəl insandı, Yaşar Vahabzadə, Vidadi Rzayev, baş məşqçim İlham Səmədov. Onlara da təşəkkür edirəm ki, mənə dəyər verdilər. Bu yaşda futboldan uzaqlaşan tək mən deyiləm. 17 yaşa çatan futbolçuların əksəriyyəti itir-batır. 10 deyil, 100 deyil, belə futbolçuların sayı bilinmir. Yaxşı, tutaq ki mən pisəm, bəs bu qədər gəncin arasından heç 20 futbolçu çıxmadı? Qışda Ukraynanın "Rux” klubundan təklif gəlmişdi. Getmək üçün pul tapa bilmədim. Ukrayna klubunun işinə yarayırıq, amma bizimkilərin yox”.
 
Mənbə: ("Futbol+" qəzeti)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR