"Azərbaycanda çıxış edən əcnəbi futbolçuların səviyyəsi çox aşağıdır" – Vadim Vasilyev

"Mayın 31-dən sonra sərhədlərin açılıb-açılmayacağı hələ bilinmir. Əgər karantin rejimi artırılsa, hansısa əcnəbi müqaviləsi bitdikdən sonra oynamaq istəməsə belə, gedə bilməyəcək”.

Sport7.az xəbər verir ki, bunu apasport.az-a veteran futbolçu Vadim Vasilyev deyib.

Azərbaycan millisinin sabiq hücumçusu Premyer Liqada çıxış edən əcnəbi futbolçuların mövsüm bitməmiş ayrılacaqlarına inanmır. O, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın bərpasından sonra əcnəbilərin sona qədər qalmağa borclu olduqlarını vurğulayıb: "Müqavilələri bitsə belə, 1-2 həftə əlavə vaxt qalacaq. Burada yaxşı pul qazanıblar, çörək kəsiblər. 1-2 həftə yola verə bilməzlər? Ancaq o da var ki, futbolçuların hamısı eyni düşünmür. Aralarından "oynamaq istəmirəm” deyən çıxa bilər. Bəlkə kimdəsə inciklik var, kimisə vaxtında az oynadıblar, kömək etmək istəməyəcək. Həmin şans qazanmayanlar da günahı özlərində axtarsınlar. Çünki onların hamısına ən azı bir ay şans verilir. Sən etimadı doğrulda bilmirsənsə, inciməyə də haqqın yoxdur”.

48 yaşlı mütəxəssis ölkəmizdə çıxış edən əcnəbi oyunçuların səviyyələrinin də aşağı olduğunu düşünür: "Azərbaycanda çıxış edən əcnəbi futbolçuların səviyyəsi çox aşağıdır. Onları əvvəlkilərlə heç müqayisə etmək olmaz. Düzdür, bunda maliyyə amili də var. Pulun, həmçinin klub sayının azalması səviyyənin aşağı düşməsinə təsir etdi. Mən düşünürəm ki, az pula da yaxşı əcnəbi futbolçu tapmaq olar. Bunun üçün işləmək, axtarmaq lazımdır. Maliyyə bir növ bəhanədir. Bilirsiniz, biz özümüz də Azərbaycandakı əcnəbi oyunçuları çox şişirdirik. Bilirik ki, onlar aldıqları pula layiq deyillər. Amma büdcədə pul var deyə gətirirlər”.

Koronavirus infeksiyası Premyer Liqanın XX turdan sonra dayandırılmasına səbəb olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR