Azərbaycanda məşqçilər üçün beynəlxalq seminar keçirilib

Azərbaycanda məşqçilər üçün beynəlxalq seminar keçirilib

22-24 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə məşqçilər üçün seminar (Coaching Seminar in the framework of the IWF Development Program 2019) təşkil olunub.
 
Sport7.az xəbər verir ki, tədbirdə məruzəçilər qismində dünyaca məşhur ağır atletika mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Seminarda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi iştirak edib.

Üç gün davam edən seminar zamanı "Yeni nəsil məşqçiliyi”, bərpa tapşırıqları, idmançıların yerinə yetirdikləri klassik hərəkətlərin alman sistemi əsasında video texniki-təhlili, yığma komandanın təlim-məşq proseslərinin izlənməsi, Avropa Ağır Atletika Federasiyasının (EWF) məşqçilik strukturu (EWF Ağır atletika akademiyası) və digər aktual məsələlər üzrə nəzəri və praktiki sessiyalar keçirilib.

Bundan başqa dünya ağır atletikasında məşqçiliklə bağlı baş verən yeniliklər barədə məlumat verilib. Sıx interaktivlik şəraitində keçən mühazirələrdə çox sayda suallara cavab alınıb, yerli məşqçilərin fikirləri dinlənilib, qonaq mühazirəçilərin rəyləri verilib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov da baş tutan beynəlxalq seminar barədə öz fikirlərini bildirib: "Bu seminarı məşqçilər üçün Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində təşkil edirik. Hər il IWF xətti ilə bu quruma üzv olan ölkələrdə ağır atletikanın inkişafı məqsədilə istər məşqçi kadrlarının, istərsə də idmançıların yüksək səviyyədə hazırlanması üçün belə tədbirlər həyata keçirilir. Biz də AAAF olaraq bu ildən bu layihələrə qoşulduq. Qərara gəldik ki, məşqçilərə seminar təşkili təklifini verək. Təşəbbüsümüzü IWF dəstəklədi. Kolin Bakli və Eduard Andryuşkeviç kimi təcrübəli mütəxəssisləri çağıraraq onların bilik və bacarıqlarından yararlanmaq istədik ki, seçimimizin doğru olduğunu burada bir daha şahidi olduq. Çox səmərəli seminar oldu. Ağır atletikada 3 istiqamətdə – yeni başlamış məşqçilər, müəyyən təcrübəsi olan məşqçilər və yüksək ustalıq səviyyəli məşqçilər istiqamətində seminarlar təşkil olunur ki, biz bunun sintezini etdik və hər üç kateqoriyaya aid məşqçilərin eyni zamanda iştirak edib biliklərini təkmilləşdirə biləcəyi seminar keçirməyə nail olduq. Gələcəkdə ayrı-ayrılıqda kateqoriyalar üçün də keçirə bilərik, ancaq ilk olduğu üçün hamısını əhatə etmək qərarına gəldik. Ölkəmizdə ağır atletika idman növünün daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş nəzəri və praktiki seminarın çox əhəmiyyətli və vacib olmasını qeyd edə bilərəm. Məşqçilərin və digər idman mütəxəssislərinin müasir ağır atletikada baş verən yeniliklər ilə mütəmadi tanış olmaları, yüksək dərəcəli idmançıların hazırlanması istiqamətində öz təsnifatlarını daima inkişaf etdirmələri məqsədilə Azərbaycan Ağır Atletika federasiyası Beynəlxalq və Avropa ağır atletika federasiyaları və digər idman təşkilatları ilə sıx əməkdaşlıq aparmaq kursunu inkişaf etdirmək niyyətindədir".
Üç gün davam edən nəzəri və praktiki seminar ölkəmizin şəhər və rayonlarından dəvət olunmuş məşqçi-müəllimlərin böyük marağına səbəb olmaqla yanaşı, onlar üçün faydalı nəzəri və praktiki bilik əldə etmək imkanı yaradıb.
 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR