Azərbaycanlılar döyüldü, Pipiya isə qardaşlıqdan danışdı - MÜSAHİBƏ

Azərbaycanlılar döyüldü, Pipiya isə qardaşlıqdan danışdı - MÜSAHİBƏ

Gürcüstanın "Dinamo" (Tiflis) klubunun prezidenti Roman Pipiyanın Sport7.az saytına müsahibəsi

- Oyun barədə nə deyə bilərsiniz?
- İlk növbədə, biz qonşuyuq, qardaşıq. Amma bu, idmandır. Oyuna "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədovla birgə baxırdıq. O yanımda olduğundan, "Dinamo" qol vurduqda sevincimi jestlərlə büruzə verə bilmirdim. Bu, o deməkdir ki, biz bir-birimizi çox sevirik. Biz bir-birimizdən asılıyıq. Ayrı-ayrılıqda yaşaya bilmərik. Və biz futbolu inkişaf etdirməliyik. Ən əsası, gördüyünüz kimi, mənim komandamın 90 yaşı var. Biz gənclər futbolunu inkişaf etdirməli, gənclərə yer verməli və səbrli olmalıyıq. 1 il, 2 il, 3 il... Bu işdə ən çətin məsələ səbirdir. Legioner almaqla xoşbəxt olmaq istəyirsən. Belə olmur. Həmişə vətənpərvərlik, komandana və ölkənə sevgi qalib gəlir. Öz yetirmənin qazandığını legioner əldə edə bilməz. Mən də legionerli komandanı sınaqdan keçirdim. Amma sonradan qərara aldım ki, ən yaxşısı, səbrli olmalı və gəncləri oynatmalıyam. Bilirəm ki, sizin çox istedadlı uşaqlarınız var. Bilirəm ki, infrastruktura və gənclərə böyük vəsait xərcləyirsiniz. Öz qardaşlarıma gənclərə daha çox yer verməyi və elə bu gün nəticəyə cəhd etməməyi arzulayıram. Bu gənclər böyük təcrübə qazanacaqlar və sabah heç kimin nail olmadığı, çoxdan gözlənilən qələbəyə imza atacaqlar. 

- Düşünmürsünüzmü ki, komandanıza məhz "doğma divarlar" kömək etdi?
- Xeyr. Bilirsinizmi məsələ nədədir? Mən futbolun tərəfindəyəm. Əlbəttə, biz qələbəni istəyirdik. Bu gün komanda yetişdiririk. Amma mən komandama "Nəyin bahasına olursa-olsun, qələbə qazanın" deməmişəm. Belə desən, futbol pis oyuna çevrilir. Mən demişdim: "Uşaqlar, qalib gəlsək, yaxşı olar. Normal futbol oynayın". Uşaqlar normal, açıq oyun sərgilədilər. Özü də 10 nəfərlə 2-ci hissəni sonadək keçirdilər. Sözsüz ki, "doğma divarlar" kömək edir. Əlbəttə, bu amil sizin futbolçulara da yardımçı olacaq. Bu həmişə belədir. İlk yarıda açıq oyun getmirdi. Özünüz gördünüz.

- Belə gənc futbolçuları necə yetişdirirsiniz?
- Mən akademiya tikmişəm. Uşaqlar yetişdirirəm. Əminəm ki, ümid yalnız orda - gənclərdədir. Təcrübəli futbolçulara da böyük hörmətlə yanaşıram. Amma futbol elə oyundur ki, yolu gənclərə vermək lazımdır. Sözsüz ki, futbolda bir neçə rəhbər olmalıdır. Amma bunlar bir neçə nəfərdir. Özünüz bilirsiniz ki, sizdə də gənc istedadlı futbolçular var. Bizdə bəzi rəhbər şəxslər yerlilərdənsə, legionerlərə üstünlük verir. Halbuki gənclərə şans vermək, səbirlə nəticənin qazanılacağı vaxtı gözləmək lazımdır. Mən burda belə edirəm. Deyə bilərəm ki, burda hamı mənim bu addımımı başa düşüb. Həyat göstərəcə ki, mən düzgün addım atmışam. Öz vaxtını gözləməlisən. Düşünürəm ki, belə gənclər 2-3 ildən sonra heç bir klubda olmayacaq, ancaq bizdə olacaqlar.

- Hakimlik haqda nə deyə bilərsiniz? Düşünürəm ki, həm "Dinamo", həm də "Qəbələ" tərəfi israilli referidən razı qalmadı...
- Mən oturduğum yerdən bizim oyunçuya qırmızı vərəqənin olduğu görünmürdü. Məntiqlə həmin hərəkətə ancaq sarı vərəqə düşürdü. Ancaq biz hakim ola və onun yerinə qərar verə bilmərik. Bunu heç bir problemə çevirmirik. Sadəcə hakimliyi müzakirə edirik. Yenə deyirəm, düşünürəm ki, orda ancaq sarı vərəqə verilməliydi.

- Siz Qəbələdəki oyuna da təşrif buyuracaqsınız?
- Mütləq. Çox ümid edirdim ki, Tiflisdəki oyunda "Qəbələ"nin prezidenti ilə birgə oturacağam. Təəssüfləndim onun olmamağına. Amma klubun vitse-prezidenti ilə birgə əyləşmək də xoş oldu. İnanıram ki, Qəbələdə klub prezidenti ilə birgə oyuna tamaşa edəcəyik. Biz tez-tez görüşməliyik. UEFA yarışlarından kənarda da birgə görüşlər keçirib uşaqlarımızı xarici klublara göndərmək haqda müzakirələr etməliyik. Biz bir-birimizə kömək etməsək, heç kim bizə kömək etməyəcək. Talantlı futbolçularımıza yol açmalıyıq.

P.S. Açığı, "Dinamo"nun prezidenti ilə söhbət edərkən azərbaycanlı azarkeşlərə qarşı gürcülərin etdikləri vandalizm haqda informasiyamız olmadığından, "qardaşlıq"dan dəm vuran Pipiyaya bu haqda sual verə bilmədiyimizə görə çox təəssüfləndik...   

Sport7.az  

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR