"Barselona"nın kriteriyaları dinə çevrilib" - Kike Setyenlə 1v1

"Barselona"nın yeni baş məşqçisi Kike Setyenin 2017-ci ildə ESPN-ə verdiyi müsahibə: 
 
- Bir müddət əvvəl belə bir ifadə işlətmişdiniz: "İnsanların uşaq vaxtı gördüyü, hiss etdiyi şeylər ömür boyunca onları müşayiət edir". Eynisini sizə də aid edə bilərikmi? Sizcə, indi baş verənlər uşaqlığınızın, erkən yaşlardakı kimliyinizin "məhsul"udu?

- Hə. Topa qarşı hiss etdiklərim, oyunçu, indi isə məşqçi kimi zövq aldığım detallar, "böyük oyunçular"ı izləyəndə duyduğum məmnuniyyət hissi... - məni cəzb edən şeylər dəyişməz olaraq qalır. Məktəb illərində oyun meydançasında olarkən də eyni duyğuları yaşayırdım. Hərəkətin başlanğıcını, oyunçular arasındakı anlaşmanı, pas axışını izləmək və bütün bunların bir-birini tamamladığını görmək... - mən belə şeylərə heyranam. İlkin etapda məhz bunlar uşaqlara öyrədilir. Hətta o yaşlarda belə - meydançanın fərdiyyətçiliyi təşviq etməsi səbəbindən -, yaxşı oyunçular bir-birilərini cəzb edir və birlikdə oynayırlar. Yaxşı futbol oynayanlar dediklərimi təsdiqləyər. Mənim içimdə, dərində hiss etdiklərim bunlardı, yəni oyunun özü, futbolu futbol edən şeylər... Hə, bununla yanaşı, qismən məşqçiliklə məşğulam, çünki günlük xərcləri qarşılamaq üçün işləməlisən, yoxsa...

- Başqa bir işlə məşğul olmaq istəyərdiniz?

- Əlbəttə, ola bilər. Professional dünyanın sevmədiyim tərəfləri çoxdu.

- Niyə?

- Çünki mənim prinsiplərimə zidd olan çox şey var. Quruluş belədi. Həqiqət bundan ibarətdi.
 


- Şübhəsiz ki, siz artıq işin "qaranlıq" tərəfinin şahidi olmusunuz. Xesus Xilin komandasında oynamısınız, daha sonra doğma klubunuz - "Rasinq" Dmitri Piterman və daha çox qalmaqallarda adı hallanan cənab Əli tərəfindən darmadağın edildi...

- Futbol dünyasındakı insanların sayı durmadan artır. Onlardan bəziləri duyğularının ardınca gedirlər, digərlərini isə görəndə öz-özünə düşünürsən: "Görəsən, bunların burada nə işi var?" Futbolda o qədər bərbad işlər görülüb ki, artıq klubların mütləq şəkildə pullu insanlara ehtiyacı var. Əksər hallarda bu insanların elə sadəcə pulu olur - başqa heç nə... "Rasinq"in başına gələnləri və ya bənzər hadisələri görəndə futboldan uzaqlaşmaq və bir də geri qayıtmamaq istəyirəm. Bu şeyləri görmək və eşitmək istəmirəm. Belə hallar tez-tez baş verirdi və əvvəlcədən vəziyyəti görmək olurdu. İndi ən azından İspaniyada prosesi nizamlayan və klubları qoruyan iqtisadi nəzarət sistemi var. Amma 100 illik tarixə malik klubun futboldan anlayışı olmayan və vicdandan məhrum insanların əlinə keçməsi acınacaqlıdı

- Siz bu gedişatı necə dayandırardınız?

- Bilmirəm. Bir dostumun dediyi kimi: "Dünyanı bu hala salanlar düzəltsinlər".

- Direktorlar, prezidentlər, klub sahibləri - onlar əsas söz sahibləridilər. Klublarda bütün prosesləri onlar tənzimləyir, şərtləri onlar müəyyənləşdirirlər. Xüsusilə də məşqçi işi ilə bağlı məsələlərə müdaxilələr edirlər. Reallıq budu. İndi sizə gələk. Demisiniz ki, sizinlə çalışmaq heç də həmişə asan deyil...

- Zaman keçdikcə qənaətə gəlmişəm və əslində, bir neçə klub prezidentinə də bunu demişəm: istədiklərimin hamısını etmək üçün klub sahibi olmalıyam. Bəzən çox məntiqsiz qərarlar qəbul olunur. Məsələn, müəyyən profilə sahib məşqçi komandaya gətirilir, ona uyğun transferlər edilir, 10 həftə keçdikdən sonra isə həmin çalışdırıcı istefaya göndərilir və ona zidd, tamamilə fərqli futbol konseptinə sahib biri baş məşqçi təyin olunur. Burada məntiq haradadı? Klubların ilk növbədə ideyaya ehtyacı var. Mən nə istəyirəm?; Mən necə oynamaq istəyirəm? - özünüzə sual verin. Bunu həll etdikdən sonra ideyanızı, fəlsəfənizi inkişaf etdirəcək, bölüşəcək və özünü ona ithaf edəcək insanları tapmalısınız. Deyək ki, siz "Barselona"sınız və Joze Mourinyu - böyük məşqçidi - ilə müqavilə imzalayırsınız. Bu addımı atırsınızsa, dəyişməli olduğunuzu bilməlisiniz. Əvvəlcədən özünüzdən soruşmalısınız: "Həqiqətənmi bunu istəyirik?" Problem ondadı ki, klubların əksəriyyəti nə etmək istədiklərini bilmirlər. Ümumi vəziyyət, şərtlər nəyi diktə edirsə, onu da edirlər.

- Onlar böyük təzyiq altındadılar...

- Amma təzyiq həmişə olacaq. Bu gün ağ olan bir şey sabah qara olmayacaq. "Barselona" əsl nümunədi. Onların təsis etdiyi kriteriyalar dinə çevrilib: belə oynamalıyıq, bunu etməliyik, onu etməliyik... Nəticədə "Barsa"ya gedən məşqçilərin hamısı nə etməli olduqlarını bilirlər. Hə, Lionel Messi oradadı - bu situasiyanı ayrıca dəyərləndirməliyik -, amma ideyalar olduğu kimi qalır. Və "Barselona" son 10 il ərzində ən çox titul qazanan komandadı. Bunu etmək üçün davamlılığa ehtiyac var, bunu etmək üçün düzgün idarəçilər lazımdı. Onlar ideyaların müdafiəçisi və zəmanətçisi olmalıdılar. Sənin üçün çalışacaq insanları seçməlisən və seçim prosesində çox diqqətli olmalısan. Bu mənada Dieqo Simeone və "Atletiko" nümunəsini qeyd etmək olar. Düzdü, futbol yanaşması baxımından o və mən çox fərqliyik, əks qütblərik, amma bunu etiraf etməliyəm. Əsas odu ki, "Atletiko" və Simeone bir-birini başa düşə bilir. O, istəklərinin fərqindədi və onları əldə edir. Bu, biznesdi. Simeone öz yolu ilə gedərək istədiklərinə çatır. Mən isə öz seçdiyim istiqamətdən gedərək uğur qazanmaq istəyirəm. Simeone mənim etdiyimi bəyənməyə bilər. Bəlkə də, özlüyündə düşünür: "Geridən topla çıxmaq məsələsi nəyə lazımdı axı?" Nəzakətli biri olduğundan, üzümə bunu demir, amma əminəm ki, o, belə düşünür. Kindən və ya hansısa tənqiddən söhbət gedə bilməz, mən onun futbol tərzini qəbul edirəm və yetərincə qiymətləndirirəm. Sadəcə, fərqli yoldan getməyi seçmişəm. Üstəlik, insanlar məmnundularsa, mən nə deyə bilərəm ki?

- Yenə də sizin ideyalarınız aydındı və onlara tam zidd olan bir şeydən bəhs edirik. Siz də bunu təsdiqlədiniz...

- Məni məmnun edən şey futboldu. Ötən il Luka Modriç oyundan sonra əlimi sıxdı, öz imzalı formasını mənə verdi və dedi: "Sənin komandan çox yaxşı futbol oynayır". Və ya olur ki, həmkarlarım eyni sözləri mənə deyirlər. Bax, onda mən evə xoşbəxt halda gedirəm. Qələbə və ya məğlubiyyət bir kənara, mən bunlarla "qidalanıram". Bir çox stereotip var. Mən də qələbə qazanmaq istəyirəm. Mən də başqaları kimi qalib ruhlu biriyəm, amma mən müəyyən mexanizm və fərqli futbol tərzi sayəsində qələbə qazanmaq barədə düşünürəm. Mənə görə, futbolun özəyi topdu. Amma oyuna topsuz formada təfsir verənlər də var.

- Sizcə, bu, praqmatikdi, yoxsa etik?

- Mən futbolu belə gördüyüm üçün öz yanaşmamı müdafiə edirəm. Qələbə qazanmaq istəyirəm, lakin dərinə getsək, bu futbol tərzini müdafiə etməyi etik məsələ olaraq görürəm. Amma eyni zamanda, mənim kimi olmayanlara da hörmətlə yanaşıram. Çünki futbolun necə olduğunu yaxşı bilirəm. Bizim tərzimizin riskli olduğunu düşünən insanlar olduğundan xəbərdaram. Sadə səbəb: müdafiə olunmaq daha asandı. Məşqçilərin bir qismi topun önünə çox futbolçu qoyur, digərləri isə az... Topun önündə çox oyunçu olanda risk də böyüyür. Bəziləri buna getmək istəmir. Mən onlara da hörmətlə yanaşıram. Onlar oyunu bu cür başa düşürlər və ya bu formada qarşısındakılara çatdırmağa qadirdilər. Sevirsiniz, sevmirsiniz... - bu, artıq sizin öz işinizdi.
 


- Və siz sevmirsiniz. Simeoneyə bunu demisiniz?

- Mən hamıya demişəm. Onun özü ilə də danışmışam. Simeoneni və gördüyü işləri yüksək qiymətləndirirəm. Onda olan şeylərə sahib olmaq istəyərdim. İnanmıram ki, kimsə Dieqonun "Atletiko"da etdiklərini təkrarlaya bilsin. Hansısa bir klubda mənə onun qədər dəyər veriləcəyini də düşünmürəm. Üstəlik, o səviyyəyə çatmağın xəyalını belə qurmamışam. O isə ardıcıl 6 ildi uğurlarını sıralayır. Bu, inanılmazdı. Sadəcə, mən kinoteatra qorxu filminə baxmaq üçün getmirəm. Çünki xoşlamıram - bu qədər. Məşqçiləri bu formada tənqid etdiyimi düşünmənizi istəmirəm. Bunu etmək niyyətim yoxdu. Sadəcə, bu futbol tərzi məni məmnun etmir. İnsanlar özlərindən müxtəlif şeylər uydurur deyə, bunu aydın şəkildə bəyan etmək istədim. Və dediyim kimi: Simeonenin işini çox yüksək qiymətləndirirəm.

- Özünüzü kontrkulturanın üzvü hesab edirsiniz?

- Yox. Futbolçu illərimdə də bəzi məşqçilərin rəhbərliyi altında oynayanda eyni cür hiss edirdim. Bəzən meydanda öz-özümə düşünürdüm: "Mənim burada nə işim var?" Məşqçilərin istəyi ilə xoşlamadığınız şeyləri etmək məcburiyyətində qalırsınız. Çünki başqa yolunuz yoxdu: etməsəniz, oynamayacaqsınız. Mən həmişə üsyan edirdim. Həmişə topu ayağımda istəyirdim, heç vaxt onu boş-boşuna irəli vurmurdum. Məşqçilərlə bir neçə dəfə münaqişəmiz olub, amma vurduğum qollar və etdiyim assistlər hesabına onların problemlərini həll etdiyim də doğrudu.

- Artıq məşqçisiniz. Futbolçu Setyenə bənzər oyunçularla çalışmısınız?

- Hə. Mən onları yaxşı başa düşürəm. Üstəlik, adətən elə oyunçulardan maksimum fayda almaq olur. Amma indi vəziyyət bir az fərqlidi. O dövrdə oyun başına 8 km. qaçmaq kifayət edirdi. İndi 12 km. qaçmalısan, ya da çox yaxşı, çox istedadlı oyunçu olmalısan ki, komanda yoldaşların sənin iş əmsalının azlığını sığortalamağa hazır olsunlar. Mənim olduğum komandalarda belə lüksə sahib olacaq qədər bacarıqlı futbolçu olmayıb. İndicə oyunçulardan biri ilə konsultasiyamız var idi. Onunla söhbətimizdə dedim: "Yığma komandada oynamaq istəyirsənsə, meydanda gəzməyi dayandır. Çünki yığma komandadakı həmkarın onsuz da onu edə bilir, üstəlik, o, sənin etmədiyini də bacarır: qaçır. Təkcə hansısa bir bacarığın çox yaxşıdı deyə - doğrudu, həmin bacarığın çox yaxşıdı -, milliyə çağrılacağını düşünürsən? Əgər həmin yığmanın baş məşqçisi mən olsaydım, səni izlədikdən sonra deyərdim: "Bu oğlanın yığmada nə işi var?"

- Sizi başa düşdü?

- Əlbəttə. Görüntülər əsasında izah edirəm. Üstəlik, ona deyirəm: "Mən də belə idim".
 


- Sizin tərziniz oyunçular üçün yeni tələblər müəyyənləşdirir. Bu, çətin olmalıdı. Məsələn, qolkiperinizdən oyun qurmasını istəyirsiniz, amma əvvəllər o, bunu etməyib. Yəqin ki, bəzən onlar ürkürlər...

- Oyunçular həmişə onlar üçün rahat olan şeylərə meyilli olurlar. Komandaya baş məşqçi təyin olunduqdan sonra futbolçularla söhbətiniz olur. Bəzi hallarda isə buna ehtiyac qalmır, çünki oyunçu meyilli olur. Bəziləri yeni məşqçinin kimliyini öyrənən kimi dəyişirlər. Məsələn, mənim tərzim bəllidi. Yay tətilində olan futbolçu xəbərlər sayəsində komandasının hansı məşqçi ilə anlaşdığını öyrənir və artıq onu nələrin gözlədiyini az-çox təxmin edir. Kimi bunu sevir, kiminin isə canına əsmə düşür. Həmişə oyunçulara deyirəm: "Gəlin, özümüzə şans verək və unutmayın: səhvlərə görə məsuliyyəti siz yox, mən daşıyıram". Antonio Adanın ("Betis"in sabiq qolkiperi), səhv edəcəyi təqdirdə mənim onu müdafiə etməyəcəyimə dair şübhələri olsa, dediyimi edər? Etməz və topu irəli vurar. Qısası, məsuliyyət mənim üzərimə düşür. Bizdə istək qiymətləndirilir, uğur yox - oyunçulara bunu həmişə deyirəm. İdeyalarımızı gücləndirmək üçün çox çalışırıq, çünki komandanın ehtiyacı olan şey budu. Amma eyni zamanda, onlara deyirəm ki, meydanda etdikləri riskin dəyərini özləri müəyyənləşdirsinlər. Bəzən özündən arxayın olursan, bəzən isə top gəlir və irəli vurmaq məcburiyyətində qalırsan. Problem deyil. Hər dəfə ötürmə ilə çıxmaq şərt deyil. Sadəcə, etmək istədiyim - ideyanı onların beyninə yeritməkdi. Çünki bizim oyun tərzimiz bu olacaq.

- Bəs futbolçu belə oynamaq istəmədikdə və ya bacarmadıqda nə olur?

- Bütün oyunçular istəyirlər.

- Belə düşünürsünüz?

- İrəliyə doğru "uzun top" oynamaq asandı. Amma mərkəz müdafiəçisini razı salsan və o, geridən oyun qurmağa başlasa, daha yaxşı futbolçuya çevriləcək.

- Amma onlar bunu belə dərk edə bilirlər?

- Mən izah edirəm. Onlarla söhbətimdə deyirəm: "Komfort-zonanda qalacaqsan? Onda heç vaxt "Barselona"da oynaya bilməyəcəksən. Asan olanı etsən və sadəcə "uzun top" oynasan, səncə, səni hansı klub istəyər?" Futbolçuların əksəriyyəti siz onlara göstərənə qədər, əslində, nəyə qadir olduqlarını bilmirlər. Bir neçə gün əvvəl "Mançester Siti"nin müdafiəçisi Con Stounzu izlədim və öz-özümə düşündüm: "Hətta özü belə, nələrə qadir olduğunu bilmirdi". Və ya "Napoli"ni izləyirsən... Pressinq tərzləri, topla geridən çıxmaları və risk etmələri - möhtəşəmdilər. Bir zamanlar işi-gücü ancaq qaçmaq olan həmin oyunçular sonda deyirlər: "Mən bundan artıq həzz alıram". Bəzən görürsən ki, hansısa futbolçu "partlayış" edir və birdən-birə yaxşı performans göstərir. Öz-özünə düşünürsən: "Bu oyunçu haradan çıxdı?" Birdən-birə necə belə yaxşı ola bilər, hə? Adam təəccüblənir... Sonra dərk edirsən ki, sən ona xoşladığı bir şeyi vermisən. Söhbət topdan gedir.

Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR