Baş məşqçilərdən Milan Obradoviçə etiraz:

Baş məşqçilərdən Milan Obradoviçə etiraz: "İşimizə mane olur"

Bir neçə gündən sonra U-21-in növbəti təlim-məşq toplanışı keçiriləcək. Baş məşqçi Milan Obradoviçin tez-tez yığmanı toplanışa çağırması klublarda haqlı narazılığa səbəb olub. Mənasız toplanışlarla özünü çalışqan kimi göstərmək istəyən serbiyalı mütəxəssis hələ ötən həftə də U-21-i bir araya gətirmişdi. Hansı ki, millinin düşərgəsinə dəvət olunan futbolçulardan bəziləri klublarına zədəli və yorğun şəkildə qayıtmışdı. Təbii ki, belə olan halda məşqçilərin narazılıq etməsi normaldı. Elə onun bu addımlarına etiraz olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov öz futbolçularını yığmanın düşərgəsinə göndərməkdən imtina etmişdi. Ancaq görünən odu ki, Obradoviç futbolçulardan əl çəkmək niyyətində deyil və gələn həftə üçün də hazırlıq planlaşdırır. Premyer Liqamızda çıxış edən komandalarının baş məşqçiləri isə onun addımından narazıdı.

Sport7.az-a açıqlama verən Premyer Liqa təmsilçilərinin baş məşqçilərinin mövqeləri belə oldu:

Ayxan Abbasov, "Sumqayıt"ın baş məşqçisi: "Hər məşqçinin həftəlik proqramı olur. Proqramda bir oyundan dərhal sonra digər qarşılaşmayua hazırlıq da yer alır. Futbolçuların bərpası, istirahəti çox önəmlidi. Bir oyunçu 90 dəqiqə meydanda olursa, səhərisi gün bərpa məşqi keçməsi, növbəti gündə isə dincəlməsi şərtdi. Çünki gələn matça gümrah çıxmalıdı. Bunun üçün də bədəni bərpa olunmalıdı. Əlbəttə, milli hamımızın qürurudu. Kömək etməliyik. Ancaq burda söhbət futbolçuların sağlamlığından gedir. Bəli, klublarında az oynayan futbolçuların o toplanışa getməsində qəbahət görmürəm. Həmin futbolçuları millinin məşqçiləri yaxından görmək üçün dəvət edə bilərlər. Lakin hər həftə bunu etmək bizə çətinlik yaradır. Çünki ən çox limit bizdədi. 3 futbolçu gedəndə, 14 nəfərlə hazırlaşmalı oluruq. Ən çox da elə limitə düşən futbolçuların üzərində oyun qururq. Ona görə də komandada məcburən oynamalıdı. Belədə onların zədələnməsi, çətinlik yarada bilər. Düzdü, maraqlanırıq, millidə elə də böyük "yükləmə" olmur. Əsasən taktiki hazırlıqlara üstünlük verilir. Sadəcə, futbolçuların bərpası problem olur. Məsələn, Elnur Cəfərquliyev yığmanın düşərgəsindən qayıdandan sonra ona məcburi istirahət vermişik. Çünki ayağında ağrılar var idi. İndi onun oynaması sual altındadı. Biz məşqçilər həftəlik proqram tərtib etməkdə çətinlik çəkirik. Çünki futbolçulara ayrı-ayrı yanaşmalıyıq. Məncə FİFA-nın icazə verdiyi vaxtlarda yoldaşlıq görüşü, yaxud təlim-məşq toplanışı keçirmələri daha səmərəli və faydalı olardı. Mən də bu həftə çətinlik çəkmişəm. İki əsas futbolçumuzdan birinin yığmanın düşərgəsindən zədəli qayıtması problem yaradır. Dünən bilmişəm ki, gələn həftə yenə toplanış olacaq. Öz rəhbərliymizə müraciət etmişəm ki, əsas heyətdə oynayan futbolçulara bu həftə istirahət verək. Çünki gələcəkdə zədə ala və bir neçə tur meydanda görünməyə bilərlər. Yəqin ki, rəhbərliyimiz AFFA-ya müraciət edəcək. Bilirik ki, qarşıda Qazaxıstanla çətin oyunları var. Hamımız istəyərik ki, gənc oyunçularımız yaxşı çıxış etsin. Amma mənə elə gəlir, bu uşaqların Premyer Liqada məşq etməsi, həftəlik tsikl keçməsi o qədər də aşağı səviyyədə deyil. Şükür Allaha bu gün 8 klubumuzun hamısında işlər qaydasında gedir. Heç bir məşqçi deyə bilməz ki, komandası fiziki cəhətdən geri qalır. Hər məşqçinin öz taktiki baxışı var. Komandanı yaxşı hazırlamaq üçün oyundan əvvəl 3-4 gün də kifayət edir. Yüngül məşq də olsa, futbolçunun bədəni hazır deyil. Həm də belə bir söz deyim, hamı oyundan 2 gün öncə təlim-məşq toplanışına yığışır. Yenidən, onları əlavə 3 günlük toplanışa yığmaq, psixoloji cəhətdən də yorucu olur. Çünki komandasına qayıdandan sonra yenidən hazırlıq kerməlidi. Qısası, futbolçu 10 gün dincəlmədən toplanış keçir ki, bu da psixoloji cəhətdən təsir edir. Obradoviç açıqlamasında bildirmişdi ki, futbolçuları taktiki gedişlərin üzərində işlədir. Onsuz da heç bir məşqçi futbolçunu 2 günə tam hazırlaya bilməz. Maraqlanmışıq, qarşıdan gələn oyunların analizlərini aparıblar. Belə deyək, limit qoyulubsa, bu futbolçular əsas komanda ilə hər gün məşq etməlidi. Hamısı nəzərə alınmalıdı. Həftənin ən önəmli günündə futbolçuların sayının az olması çətinlik yaradır. Ümumən, çalışırıq ki, milliyə daha çox oyunçu verək. Bu sevindirici haldı. Hətta oynamayanda tənbeh edirik. Ancaq klubları da fikirləşmək lazımdı. hazırda çempionatın ən qızğın dönəminə girmişik. Hansısa gənc futbolçu zədələnərsə, klublarda narazılıq yarana bilər. Bundan ehtiyat etmək lazımdı".

Zaur Həşimov, "Zirə"nin çalışdırıcısı: "Ötən həftə bir dəfə oyunçumuzu dəvət etdilər. Bunu hardasa başa düşmək olardı. Amma hər həfə komandanı toplanışa yığmaq... Əlbəttə,  işimizə mane olur. 1-2 nəfər olmayanda oyuna düzgün hazırlaşa bilmirsən. Nəzərə alaq ki, ora çağrılanların hamısı limitə düşən futbolçulardı. Ötən dəfə milliyə dəvət alan futbolçumuz, ilk dəfə idi ki, yığmanın düşərgəsinə çağrılmşdı. Əsas da bunu düşünərək mane olmadım. Ancaq hər həftə futbolçuların toplanışa çağırılması problem olacaq. Təsəvvür edin ki, uşaq oyundan sonra bərpa məşqçi keçməlidi, güclənməlidi, növbəti görüşə hazırlaşmalıdı. Bu da bizim işimizlə düz gəlmir. Bir dəfə üçün göz yummaq olar. Ancaq hər həftə toplanış etmək düzgün deyil. Qarşıdan gələn toplanışla bağlı AFFA-ya müraciət edib, futbolçuların komandamızda qalmasını istəyəcəyik. Onsuz da limit baxımından əziyyət çəkirik. Limit sözün əsl mənasında problemə çevrilib".

Aftandil Hacıyev, "Səbail"in baş məşqçisi: "Əlbəttə, millinin və klubun hazırlıq planında fərq var. Bu gizli deyil. Millinin məşqçilərini də başa düşürəm, istəyirlər ki, futbolçular sərəncamlarında olsun. Ancaq mənim fikrimcə, çempionat gedə-gedə qalıb klublarında hazırlaşsalar daha faydalı olar. Çünki bildiyiniz kimi, futbolçu qıtlığı var. Klublar limitə düşən oyunçularla bağlı geniş seçimə malik deyillər. Düşünürəm ki, millinin məşqçiləri "pəncərə"dən daha çox istifadə etsə yaxşı olar. Klubların da hər həftə oyuna öz futbolçuları ilə hazırlaşmaları daha düzgündü. Biz də müraciət etmişdik, amma müsbət baxılmadı. Nəticədə futbolçularımız yığmanın düşərgəsindən zədəli şəkildə qayıtdı. Düzdü, hamımız bu gün milli üçün çalışmalıyıq, gənclərin inkişafını düşünməliyik. Amma bəzən proqram fərqli olanda bundan futbolçular əziyyət çəkir. Zədədən heç kim sığortalanmayıb. "Səbail"dən dəvət alanlar millidə 2-3 gün oynadılar və zədəli qayıtdılar. Düşünürəm ki, proqramdan kənara çıxmaq onların ziyanınadı. Əlbəttə, yenə AFFA-ya müraciət etmək fikrimiz var, çünki burda söhbət futbol oynamaqlarından deyil, uşaqların sağlamlığından gedir. Ona görə də məktub yollayıb mövqeyimizi bildirəcəyik".

Jelko Sopiç, "Sabah"ın baş məşqçisi: "Əslində bu futbolçuların bizimlə qalıb məşq etməsi daha yaxşı olardı. Amma digər tərəfdən Azərbaycan milli komandasının mənafeyini, maraqlarını güdməliyik. Onu da bildirim ki, futbolçularımız millinin düşərgəsinə getməkdən məmnun və xoşbəxtdilər".

Elmar Baxşıyev, "Qəbələ"nin baş məşqçisi: "Narazılıq o vaxt yarana bilər ki, heç bir xəbərdarlıq etmədən millini toplanışa çağırsınlar. Ancaq əvvəlcədən xəbərdarlıq ediblər deyə bu haqda məlumatımız var. Klubun buna etiraz etməyə heç haqqı da yoxdu. Klublar çalışmalıdı ki, ilk növbədə yerli futbolçuları milliyə hazırlasınlar. Bu baxımdan problem görmürəm. Xəbərdarlıq olmasa, planımıza müdaxilə etmiş kimi alınardı. Ancaq xəbərimiz var, rəsmi məktub göndərilib. Toplanışın tez-tez olmasının məncə faydası var. Uşaqlar birlikdə nə qədər çox olsa o qədər millinin xeyrinədi. Toplanış taktiki planda işləmək üçün məşqçiyə daha yaxşı şərait yaradır. "Qəbələ" ilə bağlı danışsaq, bu bizim planlarımıza çətinlik yaratmır. Futbolçu zədəni hər bir məşqdə ala bilər. Optimist olmaq, bu nöqtədən yanaşmaq lazımdı. O yaşda futbolçu nə qədər çox məşq etsə, ziyanına deyil, əksinə onun üçün faydalıdı. Bilirdim ki, toplanış olacaq, ona görə də normal qarşılayıram. Bizdə limiti bağlaya biləcək çox oyunçular var".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR