"Bavariya"nın baş məşqçi postuna əsas namizədlər - Mourinyunun şansları azdı, siyahıda Venger də var

Niko Kovaçın "Bavariya"dan ayrılması sürpriz olmadı. "Ayntraxt"la görüşdə qeydə alınan 1:5 hesablı məğlubiyyət həftələrdi təzyiq altında olan xorvatiyalı mütəxəssisə sonuncu "zərbə" oldu. Oktyabr ayında "Tottenhem" üzərində qazanılan 7:2 hesablı qələbə belə, ona kömək etmədi. "Hoffenhaym" və "Ayntraxt" məğlubiyyətləri, "Herta", "Layptsiq" və "Auqsburq"la görüşlərdəki heç-heçələr sayəsində "Bavariya" hazırda Bundesliqada 4-cü pillədə qərarlaşıb. Münhen təmsilçisi lider Mönhenqladbah "Borussiya"sından 4 xal geri qalır.
 


İndi hamını maraqlandıran bir sual var: "Bavariya"nın yeni baş məşqçisi kim olacaq? Namizədlərin siyahısı artıq məlumdu. Gəlin, onlarla tanış olaq. Bu yazıda mənbə kimi alman futbolunu yaxından izləyən jurnalistlər - Kristian Falk və Rafael Honiqştaynın insayd məlumatlarından istifadə olunub.

Baş məşqçi postuna əsas favorit qismində Ralf Ranqnik göstərilir. Alman futbolunun son illərdəki inkişafında, o cümlədən yeni məşqçi nəslinin yetişməsində əsas pay sahiblərindən biri olan 61 yaşlı mütəxəssis hazırda "Red Bull" şirkətində idman departamentinin rəhbəri kimi çalışır. O, karyerası ərzində "Ştutqart", "Hannover", "Şalke", "Layptsiq" kimi klublarda işləyib. Ranqnik həmçinin "Layptsiq" və "Zaltsburq"un idman direktoru olub. "Professor"un adı son dönəmdə "Mançester Yunayted"lə də birlikdə hallanır.
 


Əslində, "Bavariya" ötən mövsümün sonunda Ranqnikin təyinatında maraqlı idi. Sadəcə, sonda Höness başda olmaqla, rəhbərlik Kovaça daha bir mövsüm şans vermək qərarına gəlmişdi. Uli 15 noyabrda postundan gedəcək. Buna baxmayaraq, növbəti təyinatla bağlı əsas sözü keçəcək fiqurun məhz o olduğu dəqiqdi.
 


Ranqniklə yanaşı, digər əsas namizəd "Ayaks"ın baş məşqçisi Erik ten Haqdı. Hollandiyalı mütəxəssis 2013-2015-ci illərdə "münhenlilər"in ikinci komandasını çalışdırıb. Lakin son məlumatlara görə, Ten Haq mövsümün ortasında "Ayaks"dan ayrılmaq niyyətində deyil. Digər tərəfdən, ötən həftə Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars "Bavariya"dan təklif gələcəyi təqdirdə, Erikə mane olmayacaqlarını bildirmişdi.

"Bavariya"nın siyahısında "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin də adı var. Rəhbərlik 70 yaşlı çalışdırıcıya böyük hörmət bəsləyir. Vengerin yüksək səviyyədə almanca bilməsi onu favoritlərdən birinə çevirir.
 


Münhen klubunun siyahısında olan digər iki isim isə Massimiliano Alleqri və Joze Mourinyudu. "Bavariya" Karlo Ançelottinin dönəmində yaşanan problemlərin təkrarlanmasını istəmir. Bu səbəbdən alman dilində bilməyən Alleqri və Mourinyunun şansları elə də yüksək qiymətləndirilmir. Bununla belə, italiyalı çalışdırıcının təyinatına, meneceri - Covanni Brankininin "Bavariya" ilə əlaqələrinin yaxşı olması səbəbindən az da olsa ehtimal verilir. Mourinyuya gəlincə, Uli Hönessin onun namizədliyini dəstəkləməməsi digər əsas faktordu.
 


"Bavariya" "Olimpiakos" və Dortmund "Borussiya"sı ilə matçlara köməkçi-məşqçi Hansi Flikin rəhbərliyi altında çıxacaq. Ardınca yığma komandaların oyunları ilə əlaqədar olaraq klub futbolunda fasilə yaranacaq. "Bavariya" rəhbərliyinin məhz həmin periodda məsələ ilə bağlı yekun qərarını verəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR