Bəhlulun haqqı,

Bəhlulun haqqı, "Məmmədağa, vur qabağa" prinsipi və eyforiya - TƏHLİL

1. Bəhreynlə oyunla müqayisədə Nikola Yurçeviç heyətdə bir neçə dəyişiklik etmişdi. Abbas Hüseynovu Pavel Paşayev, Emin Mahmudovu Qara Qarayev, Rüfət Dadaşovu isə hücum triosunda, daha müdafiəyəmeyilli olan Təmkin Xəlilzadə əvəz etmişdi. Kağız üzərində 4-3-2-1 kimi görünsə də, milli müdafiə olunan zaman 4-1-4-1 sxemindən istifadə edirdi. Qara Qarayev müdafiə və yarımmüdafiə xətti arasında "birləşdirici bağ" olmalı idi. Amma, təəssüf ki, bu gediş o qədər də uğurlu alınmadı.

2. Marko Rossinin vəziyyəti də ürəkaçan deyildi. Laslo Klanhaysler Xorvatiya ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Tomaş Kadar "damalılar”la görüşdə bərbad performansı ilə qınaq obyektinə çevrilmiş və bu səfər əsas heyətdəki yerini Botond Borata vermişdi. Pleymeyker David Holmanı isə indilik Çempionlar Liqasında "mövsümün kəşfi" olmağa bir nömrəli namizəd kimi göstərilən, "Zaltsburq"un əsas oyunqurucusu - 18 yaşlı Dominik Soboslai əvəz etmişdi. Macarlar meydana 4-2-3-1 sxemi üzrə səpələnmişdi. Oyunqurucu funksiyasını nominal olaraq sağ cinahda qərarlaşmış Bolaş Cucak yerinə yetirirdi. Bu da oyunun ilk dəqiqələrində millimizin orta xəttinə əməlli-başlı problemlər yaradırdı.
 


3. Matçın əvvəllərində topa sahib olan tərəf yığmamız idi. Hücuma çıxmağın konturlarını Şəhriyar Rəhimovun "cinah oyunları"ndan sezmək mümkün idi. Bu da səbəbsiz deyildi. Hücuma sol cinah müdafiəçisi və sol insayderin arasında başlamağı sevən Riçard Almeyda topu müdafiədən çıxarmaq üçün Rəhimova yardım etməli idi. Ümumiyyətlə, oyun boyu Şəhriyar sağ cinahdakı həmkarı Pavel Paşayevdən qat-qat üstün görünürdü. Onun aktivliyi və etibarlılığı önündə oynayan yarımmüdafiəçilərə də sirayət edirdi. İlk hissədə azsaylı "hücum qığılcımları"mız nominal sol cinah yarımmüdafiəçisi Təmkin Xəlilzadədən gəlirdisə, ikinci hissədə Təmkinlə mövqeyini dəyişmiş Ağabala Ramazanov irəlidə nəsə etməyə çalışırdı. 

4. Bəhlul Mustafazadə oyunun ən yaxşısı idi. Matçın 5-ci dəqiqəsində Cucakın pası zamanı, Adam Salaini vaxtında Bədaviyə "ötürə bilmədiyi" epizodu çıxmaq şərtilə, demək olar ki, səhvsiz oynadı. Və oyuna artırılmış dəqiqələrdə vurulan qol millinin yox, məhz Bəhlulun haqqı idi.
 
Bir neçə kəlmə də Atilla yurdunun meydanda olan ən məşhur nümayəndəsi - Bolaş Cucak haqqında. Moskva "Dinamo"sundan sonra uğursuz "Bursaspor” macərası macar futbolçunun klub səviyyəsində gözümüzdən itməsinə səbəb olmuşdu. Lakin 32 yaşlı oyunçu ilk 15 dəqiqədə bütün məsələni öz ötürmələri ilə həll edə bilərdi. Burada yenə də Almeyda yada düşür. Sxemdə sol insayder kimi göstərilmiş braziliyalı öz işinin öhdəsindən gələ bilmədi. Topu qəbul etmək üçün Mate Vidaya yaxınlaşan Cucakı zonaya görə Almeyda markaj etməli idi. Amma Riçard bir neçə epizodda rəqib futbolçunun təhlükəli ötürmələrinə mane olmaq bir kənara, heç buna cəhd də etmədi.
 


5. Mustafazadədən fərqli olaraq, Bədavi heç də öz "qab"ında deyildi. Mihay Korhutun qolunda topa sona qədər getməyən Ağabalanın nə qədər günahı varsa, bir az qorxaq reaksiya verən Hüseynovun da təqsiri o qədərdi. Qoldan dərhal sonra macarların hücumunda topa verdiyi inamsız reaksiya isə onun səhvini sığortalamağa çalışan Rəhimovun sarı vərəqə alması ilə nəticələndi. İlk 30 dəqiqənin tamamında Bədavinin lazımi anda cərimə meydançasında olmaması da milliyə baha başa gələ bilərdi. "Qarabağ"ın müdafiəçisi cərimə meydançasında topa sahib olan Salaini korner xəttinə qədər sıxışdırdı, "Hoffenhaym”ın hücumçusu isə bundan məharətlə istifadə edərək komanda yoldaşlarını hücuma qoşdu. Nəticədə Rolland Şallai, az qala, Pavel Paşayevin yuxuya getməsindən istifadə edərək ikinci qolu qapımızdan keçirəcəkdi.

6. Ümumiyyətlə, hücuma çıxmaq məsələsi bir kənara, millinin müdafiə strukturu da birmənalı deyildi. 10-cu dəqiqədən etibarən hesabda geri düşən yığma, komanda şəklində ilk pressinqini yalnız 54-cü dəqiqədə gerçəkləşdirə bildi. Bu da epizodik xarakter daşıyırdı. Əksər hallarda Villi Orban və Botond Borat topla azı 30-40 m. irəliləyərək rahatlıqla meydanın yığmamıza aid olan hissəsində hücüm qururdular. Ramil Şeydayev istisna olmaqla, məğlub durumda olan komandanın 9 nəfərdən ibarət müdafiə bloku ilə oynaması müəmmalı məqamdı.

7. Millimiz tarixən hücuma çıxmaqda çətinlik çəkib. Bu oyunda da problem özünü bariz şəkildə göstərirdi. Maraqlıdı ki, ilk hissədə ən effektiv variant ingilislərin "long-ball”, bizim isə "Məmmədağa, vur qabağa” adlandırdığımız prinsip idi. 80-cı illərdə Qrem Teylorun "Votford”u və Bobbi Quldun "Vimbldon”una uğur gətirmiş sistem belə işləyirdi: mərkəz müdafiəçilərindən hansısa biri topu yarımmüdafiəçilərə çatdıra bilmədiyindən, "mərmi"ni var-gücü ilə irəliyə göndərir, hücumda olan Şeydayev əksər hallarda Orban və Boratla mübarizədən məğlub ayrılan tərəf olsa da, Qara və Eddi cütlüyündən kimsə "ikinci top"u qazanır və komandanın hücumunu başlamağa çalışırdı. Belə hücumların birində İsrafilov epizodu düzgün qiymətləndirə bilsəydi, millimiz rəqib qapısı çərçivəsinə ilk zərbəni 86-cı dəqiqədə yox, azından 1 saat daha tez endirə bilərdi.
 


Hücuma çıxmaq mövzüsunu davam etdirək. Müdafiənin mərkəzində mənasız ötürmələr top itkisinə gətirib çıxarırdı və sonda bir nəticə hasil olmurdu. Təsəvvür edin, müdafiə və hücum xəttini arasındakı "bağ" funksiyasını yerinə yetirməli olan Qara Qarayev meydanın mərkəz bölgəsində, macarların pressinq xətləri arasında topu ilk dəfə 25-ci dəqiqədə qəbul edə bildi. Nəhayət ki, 30-cu dəqiqədən sonra Almeyda hücumları başlamaq kimi bir vəzifəsinin olduğunu xatırladı və ənənəvi "Qarabağ” tərzində olduğu kimi, Şəhriyar Rəhimovla Bəhlul Mustafazadənin arasında çəkildi və nəsə etməyə çalışdı. Nəticə bərbad idi. Meydanda olduğu müddətdə, hər halda, Pavel Paşayevdən sonra millinin ən zəif oyunçusu kimi Riçardı qeyd etsək, yanılmarıq. 35-ci dəqiqədə qarşısında boş meydan ola-ola topu rəqib futbolçunun ayaqları arasından hara göndərmək istəməsi də mənim üçün böyük sual olaraq qalır.

8. Fasilədə Təmkinlə Ağabalanın yerini dəyişdirən Yurçeviç sol cinahda olan aktivliyi qorudu, sağ cinahın iflicliyinə qarşı isə heç bir tədbir görmədi. Fikir verin, həm ilk hissədə, həm də ikinci hissədə rəqib cərimə meydançasına göndərilən asmalar sol cinahdan yerinə yetirilirdi. Buradan o qənaətə gəlmək olar ki, problem cinah yarımmüdafiəçisində deyil, onu sığortalamalı və hücumların quruluşunda kömək etməli olan müdafiəçidə idi. Şəhriyar Rəhimov, heç olmasa, hücumda aktivlik göstərirdisə, Pavel Paşayev oyun boyu Soboslai və Şallainin karyera inkişafını müşahidə etməklə məşğul idi. Ümumiyyətlə, "Aleksandriya”nın heyətində Avropa Liqasının qrup mərhələsində və heç də zəif olmayan Ukrayna çempionatında sözün əsl mənasında futbol ortaya qoyan bu oyunçunun millinin heyətində niyə belə zəif təsir bağışlaması düşündürücü məqamdı.

9. Almeydanın əvəzlənməsini qeyd etdiksə, Yurçeviçin oyunun gedişatına göstərdiyi təsirdən də danışmaq yerinə düşər. Almeydanın yerinə niyə görə Cavid Hüseynovun yox, Araz Abdullayevin meydana çıxması, çox güman ki, yalnız xorvat mütəxəssisə aydın oldu. Karyerası ərzində hücumçu arxası, ya da ki vinger funksiyasını yerinə yetirən Ramazanovu mərkəzə çəkməyin mənasını anlamaq çətin idi. Digər iki əvəzetmədə olduqca primitiv idi. Məsələn, Xorvatiyaya qarşı keçirdiyi oyundan əsər-əlamət olmayan Eddini 90 dəqiqə meydanda saxlayan xorvat məşqçi sanki əvəzetmə xatirinə əvəzetmə edirdi. Çox qəribədi ki, meydanı tərk etdikləri zaman intervalında həm Ramazanov, həm Xəlilzadə aktiv oyun nümayiş etdirirdilər. Yurçeviçin 85-ci dəqiqədəki ənənəvi hücumçu dəyişikliyi də başqa bir əmmadı. Niyə görə Emin Mahmudova şans verilmir? Nominal olaraq "box-to-box" funksiyasını yerinə yetirən Eddi ilk hissədə korladığı hücum epizodu və ikinci yarıda bir neçə lazımsız qayda pozuntusu ilə oyunun gedişatına mənfi təsir göstərirdi. "Almeydadan sonra, onun öhdəliyi Cavid Hüseynova yardım məqsədilə müdafiədən topu oyuna daxil etmək üçün geri çəkilmək idi" - ok, bunu deyə bilərsiniz. Amma unutmayaq ki, İsrafilov ilk dəfə 78-ci dəqiqədə geriyə qayıtdı və nəsə etməyə çalışdı. Oyuna canlanmanı Cavid gətirdi. Bu da Yurçeviç tərəfindən bir qədər məcburi şəkildə atılmış addım idi, çünki Almeyda - Araz dəyişikliyinin, onsuz da, başından bəri axsayan strukturu tamamilə yararsız hala saldığı futboldan az-maz anlayışı olan hər kəsə gün kimi aydın idi. Yəni topu idarə etmək üçün meydanda kimsə olmalı idi.
 


10. Millinin bərbad oyununun ən böyük təcəssümü kimi 70-ci dəqiqədən sonra Şeydayevin topu qəbul etmək məqsədilə meydanın mərkəzinə qədər çəkilməsini göstərmək olar. Ramil yenə də sona qədər mübarizə aparırdı. Lakin necə deyərlər: tək əldən səs çıxmaz. 21-ci əsrin futbolunda bir komandanın digərinə cəmi bir futbolçu ilə pressinq etməsi əcaib situasiya hesab olunur. Moskva "Dinamo”sunun hücumçusu da, demək olar ki, oyun ərzində təkbaşına bir müdafiəçidən digərinə var-gəl edib, əli ilə komanda yoldaşlarını da ona kömək etməyə çağırırdı. Bu da Ramilin yox, Nikola Yurçeviçin qorxaq və bərbad oyun planının göstəricisi idi.
 


11. Millinin vurduğu qol "təmiz" idi və əvvəldə qeyd etdiyim kimi, Bəhlul Mustafazadənin haqqı idi - yalnız Bəhlulun! "Qəbələ” futbol məktəbinə belə klass müdafiəçi yetişdirdiyinə görə böyük alqış düşür. Amma Yurçeviç meydana heç-heçəyə layiq oyun ortaya qoyan komanda buraxmamışdı. Macarıstanın qolkiperini ilk dəfə 70-ci dəqiqədə oyuna "qoşan", rəqib qapısına 90 dəqiqə ərzində bir təhlükəli zərbə belə endirə bilməyən, zərbə bir yana, kəsərli, mənalı hücum qura bilməyən yığma nəinki bir xala, ümumiyyətlə, komanda adına layiq deyil. "Macarıstana qarşı kompleksimiz var” tipli şablon fikirlər də ruhumuza rəvanlıq bağışlamır. Bəli, holland hakim ağlasığmaz qərarı ilə 1 xalı əlimizdən aldı və bəzi azarkeşlərin eyforiyaya qapılmasına səbəb oldu, amma insafla danışsaq, heç bir oyun planı olmayan, meydanın rəqibə aid hissəsində ardıcıl 3-4 ötürməni güclə verən bir yığmadan nə gözləmək olar? Millinin rəsmi oyunlarda vurduğu qollara baxsaq, ya Ramil Şeydayevin, ya da Təmkin Xəlilzadənin fərdi ustalığının nəticəsində epizodların ortaya çıxdığını görərik. Bununla belə, Yurçeviç sayılmayan qolu əlində bayraq etsin...



OXŞAR XƏBƏRLƏR