"Bəlkə, biz də bəzən qələbə qazanmaq üçün gözəl futboldan imtina etməliyik..." - Rud Krolla "total futbol"a "səyahət"

"Total futbol" Rinus Mixels və Yohan Kroyf kimi simalar hesabına məşhurlaşsa da, sistemin faydalalığını artıran başqa istedadlar da yox deyil - Rud Krol kimi. Son iş yeri Tunis çempionatı olan 70 yaşlı əfsanə "Ayaks” və "total futbol" haqqında "Socrates" jurnalına danışıb:

"Mövqe almaq bu fəlsəfənin təməlidir. Lazım gələndə meydanı daraltmalı, lazım gələndə isə genişlədib, topu boş mövqedə olan futbolçuya çatdırmalısınız. Boş mövqe tapmısınız və oranı dolduracaq futbolçuya maliksinizsə, deməli, üstünlük sizin tərəfinizdədi. Komandamızda bu sistemin baş rol ifaçısı Yohan Kroyf idi. Onunla yanaşı, daha 4-5 dünya səviyyəli futbolçuya sahib olsaq da, fəlsəfənin özəyini yardımlaşmaq və mövqeləri düzgün formada doldurmaq təşkil edirdi. Məsələn, mən sol cinahdan hücuma atılanda mövqeyimi orta xətt oyunçularından biri tuturdu.
 


"Total futbol" birdən-birə yaranmayıb. 1965-ci ildə Rinus Mixels "Ayaks”a gələndən sonra özü ilə komandaya bir neçə oyunçu gətirdi. Bəzi futbolçular komandadan göndərildi, onları yeni istedadlar əvəzlədi, bəzi detallar dəyişdi... Təkcə aşağı yaş qruplarından futbolçu cəlb etməmişdi, ağlındakı sistemi formalaşdırmaq üçün kənardan bir neçə futbolçu transfer etmişdi.

İndiki dövrdə böyük pullar müqabilində böyük komandalar qurmağa çalışan komandalar var. Bəli, bu yolla böyük komanda yarada bilərsiniz, amma böyük sistem qurmaq mümkün deyil. Məsələn, PSJ-nin uğursuzluğu bununla bağlıdır. Fəlsəfəniz varsa, onda "Ayaks”ın etdiyi kimi, həmin fəlsəyə uyğun futbolçular transfer etməlisiniz, sadəcə futbolçu almaqla uğur qazanmaq olmur. Böyük komanda olmaq üçün zəif cəhətlərinizi bilməli və onlara uyğun hərəkət etməlisiniz.

Bu gün "Ayaks”ın gənclərinə baxanda taktiki bilik və fiziki cəhətdən qüvvətli komanda görürəm. Əlbəttə, onlar da səhvlər edir, keçmişdə biz də səhvlər etmişik. Hər kəs qazandığımız titulları qeyd edir, amma ondan əvvəl 1969-cu ildə ÇK-nin finalında "Milan”a məğlub olmuşduq. Acı nəticə idi, amma əsas məsələ bu uğursuzluqdan dərs çıxarmaq idi. Təbii ki, biz bunu bacardıq və daha da gücləndik.

Mattays de Lixt gəncdi və möhtəşəm müdafiəçidir, amma qüsursuz deyil. Təkrar edirəm, qüsursuz deyil, ancaq bu yaşda elə olmaq məcburiyyətində də deyil. Onun əsas özəlliyi liderlik bacarığıdır. 19 yaşda "Ayaks”ın kapitanı olmaq onun liderliyinin sübutudur. Bilmək olaz, xarakteri, futbola baxışı, oyun fəlsəfəsi və liderliyi ilə, bəlkə də, 3 il sonra dünyanın ən yaxşı müdafiəçisi olacaq.
 


Ümumiyyətlə, "Ayaks” fəlsəfəsinin müdafiəçilərdən bir gözləntisi var: müxtəliflik! Müdafiə olunmağın fərqli formalarını öyrənməlisiniz. Məsələn, Rinus Mixelsdən əvvəl müdafiənin solunda oynamağı ağlımdan belə keçirməzdim, ancaq o, mənə bunu bacara biləcəyimi dedi. Doğrudur, ilk vaxtlar çətinlik çəkdim, amma sonda o haqlı çıxdı, çünki sol cinahda oynamaq karyerama böyük təsir etdi. Sonra sağ cinahda oynatdı, orta xətdə şans verdi, hətta libero da oldum. Bu müxtəliflik və təcrübə sayəsində oyunu daha yaxşı oxumağa başladım.

De Lixt də bu məktəbin yetişdirdiyi ən yaxşı istedadlardan biridir. Xarakterindən bəhs etmişdim, oyununa gəlincə, hava mübarizələrində yaxşıdır, sadəcə, bəzən mövqe səhvləri edir. Topla oyununu da inkişaf etdirməlidir, amma bütün bunlar normaldır. Yaş və xarakterinə baxanda onun gələcəyinin parlaq olduğunu söyləməliyəm.

Futbolun gözəl tərəfi universial olmasıdır. Hollandiyada işləyən sistem İngiltərədə effekt verməyə bilər, amma Kroyf və "total futbol"un "Barselona”ya böyük təsiri oldu. Pep Quardiola kimi məşqçilərə nəzər salın, həmişə Kroyf, Mixels və Hollandiya məktəbindən bəhs edirlər. "Barselona” bu sistemi möhtəşəm formaya çatdırdı, amma hər şeyin başında Hollandiya məktəbi dayanır.
 


"Total futbol" Rinus Mixelslə bağlıdır. Onun fəlsəfəsinin başında intizam dayanırdı. Çox qatı intizam anlayışına sahib idi. Onu əvəzləyən Ştefan Kovaç da intizam anlayışına sahib idi, sadəcə, Mixelsdən fərqli olaraq, o, bizə bir az sərbəstlik verirdi. Onun başçılığı altında daha sərbəst qərarlar verib, improvizasiya edə bilirdik. Kovaçla möhtəşəm uğurlar əldə etdik. Təbii ki, sistemin təməlləri Rinus Mixels tərəfindən atılmışdı. Kovaçın köməkçilərindən ikisi məhz elə Mixelsin dövründən qalan məşqçilər idi. Bu təməl sərbəstliklə vəhdət təşkil etdi və uğurların davamı gəldi.

Bəli, biz hollandiyalılar səsli düşünməyi çox sevirik. Nəyi nə üçün etdiyimizi bilmək istəyərik. "Ayaks” və milli komandanın uğurlarında bir az da bu səbəbi qabartmaq olar. Oyunlar haqda söhbət etmək, səsli düşünmək çox vacibdir, çünki bir sol cinah futbolçusu olaraq nə etməli olduğumu səsli soruşsam, bu, komanda yoldaşlarımın da işinə yaraya bilər. Hətta onlardan bəziləri mənim mövqeyimdə oynaya bilər və mənim verdiyim sual, aldığım cavablar çox faydalı hala gələ bilər. Beləliklə, hər kəs hansı mövqedə nə etməli olduğunu yaxşı dərk edər.

Özümüzdən sonrakılara miras qoyduğumuzu görmək elə də çətin deyil. Amma bu illər ərzində hər şeyin tam olaraq qaydasında getdiyini deyə bilmərik. Həm "Ayaks”, həm də milli komandada müəyyən müzakirələr oldu, metodlarımızı şübhə altına atdıq, dəyişikliklər etdik, amma bir şeyi sabit saxladıq: gözəl futbol oynayaraq qələbə qazanmaq istəyi. Bunu bacarmaq çox çətindir. Bəzən oyunumuza o dərəcə aludə olub, gözəl futbol prinsiplərini rəhbər tuturuq ki, sonda məhz bu, məğlubiyyətimizə səbəb olur. Hər şey yanaşmanızdan asılıdır. Bunu səhv olaraq da görə bilərsiniz, sadiqlik və sədaqət nümunəsi kimi də...
 


İnsan başqa "futbol iqlimləri" və müxtəlif "futbol beyinləri" ilə əhatədə olanda fərqli baxışların, fərqli fəlsəfələrin şahidi olur. Nəticəni hər şeydən vacib sayan məktəblər, baxışlar var. Onlar üçün gözəl futbol yox, nəticə əsasdır. Bizim baxışımız bu baxımdan uşaq kimi görünür. Məsələn, "Ayaks” – "Tottenhem” matçının ikinci hissəsinə nəzər salın. Bəlkə, biz də dəyişməli və bəzən qələbə qazanmaq üçün gözəl futboldan imtina etməliyik... Anlamaqda çətinlik çəkirəm".

Tərcümə: Əkbər Ağazadə


OXŞAR XƏBƏRLƏR