"Bəlkə də, kişilərə güvənmədiyim üçün hələ də təkəm" - Kvitova ilə keçmişə servis

Petra Kvitovanın həyatını "əvvəl" və "sonra" olmaqla iki hissəyə ayıran bir hadisə var. Əvvəl iki-üç dəfə qısaca bu məsələyə toxunmuşdum, amma heç vaxt detallı qeydim olmayıb. Əslində, bu, birbaşa Petranın özündən qaynaqlanırdı. Baş verənləri yenidən xatırlamaq istəmədiyindən, mövzunun üstünə getmirdi. Amma artıq səssizliyini pozub. "Bir də raketkanı əlimə alıb-almayacağımı bilmədiyimiz halda, mənə inandığınıza görə təşəkkürlər" - yadınızdadısa, Kvitova bu il "Avstraliya Open"in finalından sonra bu sözləri komandasına həsr etmişdi. Aşağıdakı sətirləri oxuduqdan sonra həmin ifadələr nəzərinizdə daha şəffaf forma alacaq.
 


2016-cı ilin dekabrında naməlum bir nəfər Kvitovanın evinə sanitar-texnik adı ilə daxil olur. Ondan hamamda suyu açmasını istəyir. Petra deyiləni etmək istəyəndə sözügedən şəxs bıçağı onun boynuna dayamağa cəhd edir. Çex tennisçi cəld reaksiya göstərib, iki əli ilə bıçağı özündən uzaqlaşdırmağa çalışır. Bu zaman onun sol əlindəki (əsas əli) barmaqlar yırtılır, baş barmaq və işarət barmağındakı sinirlər zərər görür. Birtəhər həmin adamı uzaqlaşdıra bilir, özü yerə yıxılır, bıçağın uc hissəsinə təmas edən sol əl isə qan içində. Kvitova həmin an kömək çağırmaq üçün mobil telefonunu götürmək istəsə də, çağrılmayan qonaq ona mane olurmuş. Bu zaman Petra dilini işə salır:

"Mental gücüm köməyimə çatdı. Onu mənzildən uzaqlaşdırmağa çalışırdım. Məni öldürə bilərdi. Bilirdi ki, polisə gedəcəm. Danışmağa başladım. Ona pul təklif etdim. Dedim ki, üstümdə 10 min kron (təxminən 750-800 manat) var. Ondan soruşdum: "Pulu götürüb gedəcəksən?" Düşünmək üçün vaxta ehtiyacı olduğunu dedi. Onda dilləndim: "Mənim zamanım yoxdu, xəstəxanaya getməliyəm, pul sənindi, götür". Razılaşdı, götürdü və getdi. Məncə, düşünməyə vaxtı olsa, məni öldürəcəkdi".

Həmin şəxs mənzili tərk etdikdən sonra Kvitova təcili tibbi yardıma, polisə və şəxsi həkiminə zəng edir və sonuncudan yaxşı əl cərrahı tapmasını istəyir.

Kvitovanın əməliyyatı 4 saat davam edir. Zamanla sol əli hərəkət qabiliyyətini bərpa etməyə başlayır (hələ də 100% işləmir). İlk başda tennisə qayıtmaqla bağlı şübhələr yaranır. Həkimlər yenidən oynamağına az ehtimal verirlər. Hətta Petra tennis olmasa, başqa bir işlə məşğul olsun deyə, universitetdə kommunikasiya üzrə oxumağa başlayır. Amma əsas məsələ tennis də deyildi. Hadisənin neqativ təsirləri təkcə kortun daxili ilə əlaqəli deyil və üzərindən iki ildən artıq bir müddət keçsə də, bəzi şeylər yerində qalır. Kvitova insanlara, xüsusilə də kişilərə güvənmir, şəxsi həyatında heç kim yoxdu, tək yol gedə bilmir və s. O, həmin günləri belə təsvir edir:

"Uzun müddət çölə çıxa bilmədim. Sadəcə yaxın adamlarla, xüsusilə də ailəmlə zaman keçirirdim, çünki heç kimə inana bilmirdim. Bu, çox pis bir şeydi. İndi də insanlara güvənmirəm - xüsusilə də kişilərə. Bəlkə də, buna görə hələ də təkəm/şəxsi həyatımda heç kim yoxdu. Uzun müddətdi tanıdığım insanlara inanıram, ancaq yeni tanımağa başladığım insanlara güvənə bilmirəm. Taksidə hansısa kişi sürücü ilə tək yol gedə bilmirəm. Şəhərə və ya küçəyə çıxanda, demək olar ki, qaçıram. İçimdə qorxu var, sanki kimsə arxamca düşüb. Çətindi.

İlk üç ay ailəmlə birlikdə qaldım. İndi Praqada tək yaşayıram. İlk aylar ağır idi. Yatağımda olanda birdən hamamdan səs gəlirdi, qorxurdum... Yenidən özüm olmaq istəyirdim".
 


Kvitova bir müddət terapevt yanına gedib və bunun müəyyən müsbət təsirləri olub. Hadisənin onun həyatına pozitiv mənada "toxunuşları" da yox deyil:

"Şanslı idim. Belə deyim: şanssız situasiyada şanslı idim. Düzü, indi qəbirdə ola bilərdim. Ölümə bu qədər yaxın olmaq, şübhəsiz ki, məni dəyişdirib. Bir neçə il ardıcıl turda olanda həyəcan ölür, motivasiya qalmır, indi artıq oyuna fərqli yöndən baxıram.

Çox stresli biri idim. İndi daha rahatam. Gözəl hava, ailəmin və dostlarımın əhatəsində olmaq kimi xırda şeylərə daha çox dəyər verirəm. Böyük problem olanda üstünə düşürəm, xırda detalların isə üzərinə getmirəm: "Hmm, olsun da..." - adətən, reaksiyam belə olur.

Özüm haqqında çox şey öyrəndim. Kortda döyüşçü olduğumu bilirdim, amma kortdan kənarda belə biri olduğum haqqında heç bir fikrim yox idi. Fiziki baxımdan yox, emosional olaraq nəzərdə tuturam. Fiziki soruşursunuzsa, inanın, heç məktəb illərimdə belə, dalaşmamışam, ona görə təəccüblənmişdim. O, məni öldürə bilərdi".
 


Tennis tarixində başqa bir bıçaqlanma 1993-cü ildə baş verib. İki-üç il əvvəl bu hadisə ilə bağlı geniş yazmışdım. Qısaca deyim ki, o zaman tarixin ən güclü qadın tennisçilərindən biri olan Monika Seleş Hamburqda, Maqdalena Malayeva ilə görüşün gedişində kortdaca hücuma məruz qalmışdı. Sonradan hadisəni törədən şəxsin - Seleşin rəqiblərindən olan Şteffi Qrafın fanatı olduğu ortaya çıxmışdı. Həmin adam psixoloji problemləri olduğuna görə ruhi dispanserə göndərilmişdi. Seleş o zaman artıq 8 qat "böyük dəbilqə" çempionu idi, yaşı da heç 20 deyildi. Sonradan tennisə qayıtdı, amma bir də Almaniyada korta çıxmadı. O, bıçaqlanmadan sonrakı periodda bir dəfə "böyük dəbilqə" turnirində qalib olsa da, əvvəlki Monikanı heç vaxt kortlarda görmək mümkün olmadı. Seleş köhnələrdən ən sevdiyim qadın tennisçidi, Kvitova isə indikilərdən... Birinci ilə bağlı oyun tərzini, ikincinin isə həm də xarakterini bəyənirəm. Onların belə bir taleyi bölüşməsi də qəribə təsadüfdü.

Sözüm nədədi, Kvitova Seleşlə "Uimbldon" ərəfəsində keçirilən partidə görüşüb:

"Daha əvvəl heç görüşməmişdik. Məlum mövzuya girməmişdən əvvəl bir-birimizə nə qədər heyran olduğumuz barədə danışdıq. Mənimlə eyni situasiyaya düşmüş, məni anlayan biri qarşımda idi. Onun üçün hadisələrin məkanı kort idi, mənim üçün ev. Onun üçün kort şanssız yer idi, mənim üçün ev. Hə, o, sonra kortlara qayıtdı və "böyük dəbilqə" qazandı".

Mesaj aydındı. Kvitovanın gözü yüksəklərdədi və hədəf bəllidi. Bu ilin əvvəlində "Avstraliya Open"də baş verənləri nəzərə alsaq, niyə də olmasın? Petra bıçaqlanmadan cəmi 6 ay sonra kortlara qayıdıb, Birminqemdə "Aegon Classic" turnirini qazanmışdı. Üstəlik, son 2 illik periodda kolleksiyasında ən çox titul (8) olan qadın tennisçi ondan başqası deyil.
 


Karyerasının tamamını izləmək imkanı olan biri kimi deyim ki, onunla bağlı gözləntilərim başından bəri yüksək idi. 2011-ci ildə 21 yaşı olanda "Uimbldon"da ilk "böyük dəbilqə"sini qazanmışdı. Yadımdadı, xüsusilə də həmin ilin axırlarında WTA mövsüm sonu turnirindəki oyununu izləyəndə ciddi-ciddi "Serenaya rəqib gəlir" deyə düşünmüşdüm. Son illərdə media bir neçə nəfəri o posta namizəd görüb. Bu qız istedad olaraq həmin siyahıdakılardan çox fərqlənirdi. Hətta "Uimbldon" zəfərindən sonra sözügedən turnirin 9 qat qalibi - Martina Navratilova gənc həmyerlisinin onun rekordunu təkrarlaya biləcəyini demişdi. Reallığa gələndə isə növbəti BD zəfəri üçün 3 il sonranın "Uimbldonu"nu gözləməli olmuşduq. Bir ara damaq badamcıqlarında (qlanda) problemlər ortaya çıxdı, o da oyununa mane oldu. Amma Kvitova gözləntilərin qurbanı olduğunu düşünür:

"Onda cəmi 21 yaşım var idi və insanlar birdən-birə hər şeyi qazana biləcəyim haqda danışırdılar. Mən buna hazır deyildim. "Ok, bundan sonra hər matçdan qalib ayrılmalıyam" - yadımdadı, belə düşünməyə başlamışdım

İnsanlar bəzən deyirlər: "Filankəs, sadəcə, yaxşı günündə olduğu üçün "böyük dəbilqə" qazanıb". Ancaq ikisini qazananda artıq vəziyyət dəyişir. 2014-cü ildə buna nail oldum. Həm də finala qədər olan yolum çətin idi. Üç çex tennisçini məğlub etməli olmuşdum".
 


"Böyük dəbilqə" qazanmaq istəyini az-çox anladınız. Onun əsas hədəfi isə başqadı. Kortdakı həmkarlarının ona əvvəlki Petra kimi baxmasını istəyir və yenidən tennisi ilə ön planda olmaq niyyətindədi:

"Həmkarlarım mənə bir az fərqli baxırlar. Mənə qarşı necə davranmalı, necə danışmalı olduqlarını bildiklərini düşünmürəm. Heç kim realda nə hisslər keçirdiyini bilə bilməz. Məndən soruşsalar, normal davranmalarını istəyərdim. Əvvəlki kimi olmaq istəyirəm: həminki tennisçi qız, qurban yox... Hədəfim budu. Qismən öhdəsindən gəldiyimi də düşünürəm. Təbii ki, çox çətin anlarım olub, amma normaldı, olmalıdı da. Mən oynadığım tennislə tanınmaq istəyirəm, kiminsə hücumuna məruz qalan biri kimi yox".

P.S. Hadisədən bir il sonra 33 yaşlı Radim Zondra saxlanılıb. Bu ilin mart ayında isə onun haqqında yekun hökm çıxarılıb. Zondra 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sport7.az

OXŞAR XƏBƏRLƏR