“Beş il oldu, Çingiz müəllim” – Xalq yazıçısının 61-ci doğum gününə

“Beş il oldu, Çingiz müəllim” – Xalq yazıçısının 61-ci doğum gününə

Amal ABUŞOV

Dünən, yəni aprelin 7-də xalq yazıçısı Çingiz Abdullayevin doğum günü idi. Dedektiv əsərləri ilə Azərbaycandan kənarda da xeyli məşhur olan Çingiz bəy 61-ci doğum gününü qeyd etdi. Bəribaşdan hörmətli yazıçımızı təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram.

Sosial şəbəkələrdə onunla bağlı yazılan təbrikləri, səslənən fikirləri diqqətlə izlədim. Belə bir qənaət formalaşdı ki, əksəriyyət cənab Abdullayevin futbola gəlişindən, daha doğrusu, "Neftçi”nin Müşahidə Şurasına sədrlik etməsindən narazıdı. Həmin fikirlərin ümumi axarı beləydi: kaş ki, Çingiz müəllim futbola gəlməyəydi.
Bəli, bu fikirlərin müəlliflərinə qatılmaya bilmirəm. Xalq yazıçısı futbola ayaq açdı, "Neftçi”nin Müşahidə Şurasına sədr təyin olundu. Bununla da sanki, öz nüfuzunu zədələdi, bacarıqsız idarəçi, sözünü tuta bilməyən rəhbər kimi yaddaşlara köçdü.

Bu mövzuda zaman-zaman yazmışam, ona görə təkrarçılıq etmək istəmirəm. "Neftçi”nin yubiley yaşında, yəni 80 illiyində urvatsız hala salınması, Arif Əsədovun kubokun finalından sonra müəmmalı şəkildə istefaya məcbur edilməsi, Elxan Abdullayev və Vəli Qasımovun "Neftçi”yə təyinatları, Samir Əliyevin başına gətirilənlər, Əsgər Abdullayevin nüfuzuyla oynanılan oyun, Tərlan Əhmədovu uzaqlaşdırmaq üçün çıxarılan hoqqalar, neçə-neçə mənasız transferlər, "Qəbələ” ilə qarşılaşmadakı alçaldıcı məğlubiyyət, Elxan Məmmədovun "Müşahidə Şurası səlahiyyətinə aid olmayan işlərə qarışdı” sözləri... siyahını çox uzada bilərəm. Bütün bunlar Çingiz Abdullayevin "Neftçi”də olduğu müddətdə "Şəxsi işi”nə yazılan utandırıcı səhifələrdi.

Düzdü, indi Müşahidə Şurası "Neftçi”də tam urvatsız, "altıncı barmağa” çevrilmiş orqan rolundadı. Müşahidə Şurası yenidən prezident üsul-idarəsinə qaytarılan "Neftçi”də ancaq və ancaq Kamran Quliyevin məsuliyyətdən qorunması üçün lazımdı. Necə ki, Tərlan Əhmədovu gərəksiz yerə istefaya göndərəndə Çingiz Abdullayevin adından istifadə etmişdilər. Qalan heç bir işdə Müşahidə Şurası yada düşmür. Bəli, üzvlərdən bəzisi aylıq "paket”lərini vaxtında alır və bunun da müqabilində adlarından istifadə olunmasına razılıq verir. Özləri bilərlər, biz nə kərayik.

Belə əziz gündə dəyərli Çingiz Abdullayevin yadına maraqlı bir hadisəni salmaq istəyirəm. Aprel ayı onun üçün doğulduğu ay olmaqdan əlavə digər məqamlarla da əlamətdardı. 2015-ci ilin aprel ayının əvvəllərində "Neftçi”nin Müşahidə Şurasının rəhbəri kimi qollarını çirmələyib, işə başlayır, inqilabi dəyişikliklərə hazırlaşırdı. Aprel 6-da "Neftçi”nin məşqinə baş çəkib, futbolçularla görüşmüşdü. Və həmin görüşdə bu fikirləri səsləndirmişdi: "Neftçi”nin sponsorları ölkənin ən zənginləridi. Avrokuboklarda Azərbaycanı təmsil edən, qrup mərhələsində oynayan "xalq komandası” belə bazaya layiq deyil. Bilirəm ki, bu problemi mənə qədər qaldırıblar, tikinti başlayıb, amma yarımçıq qalıb. Vəziyyəti dəyişməliyik. Bizə baza lazımdı!”

Lazımdı, cənab Abdullayev. Özü də çox lazımdı. Həmin baza hələ də tikilib başa çatmayıb. Yenə pullar ayrılır, həmin pullardan yararsız əcnəbilərə, menecerlərə, hətta rəhbərlikdə təmsil olunanlara yetərincə pay çatır. Amma tikinti heç kimin yadına düşmür. Lap acı bağırsaq kimi, uzandıqca uzanır. Sizin də məlum bəyanatınızdan beş il keçdi. Xatırladaq dedik, bəlkə nəsə dəyişə...
 
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR