"Bilmirəm virus daha təhlükəlidi, yoxsa futbolsuzluq" - SORĞU

Koronavirus pandemiyasına görə ölkəmizdə xüsusi karantin rejimi tədbiq edildiyindən vətəndaşlar evdən bayıra çıxa bilmirlər. Bu günlərdə insanlar daha çox nostalji xatirələrə köklənərək keçmiş fotolar, toy videolarına baxaraq çətin günlərində baş qatırlar.
 
Bəs futbolsuz qalan azarkeşlər nə edir? Canlı futbola həsrət qalan fanatlar bu günlərdə keçmişə qayıdıb sevimli komandalarının arxiv videolarını izləyirlərmi? 

Sport7.az bu sualın cavabını elə azarkeşlərin özündən öyrəndi. 

Sevinc Məmmədova ("Qarabağ" azarkeşi): "Əslində, mən dünənə qədər işə gedib gəlirdim. Bizim üçün karantin bu gündən başladı. Aprelin 20-nə qədər məzuniyyətdəyəm. Bu günləri necə dəyərləmdirəcəm bilmirəm, amma Allahın verdiyi hər gün futbol üçün darıxıram. Futbol olmayanda həftənin neçənci günü olmasının da heç bir mənası qalmır. İnşallah, tezliklə bu bəla dünyamızı tərk eləsin, biz də həm normal həyatımıza, həm də futbolumuza qovuşaq. Heç bilmirəm virus daha təhlükəlidi, yoxsa futbolsuzluq".

Sarvan Feyruzov ("Qəbələ" azarkeşi): "Bəli, köhnə oyunları çox baxıram. Öz sevimli komandamla yanaşı sevmədiyim klubların oyunlarını da izləyirəm. Gün ərzində ən azı iki oyunu əvvəldən axıra kimi tamaşa edirəm. Həmçinin haqqında eşidib ancaq oyununu görmədiyim futbolçuların da oyunlarını izləyərək onların statistikası haqqında məlumatlar öyrənirəm. Bu da karantinin mənə verdiyi bir xeyirdi".
 
Ramil Tarıverdiyev ("Neftçi" azarkeşi): "Kubokun finalında "Qəbələ"ni məğlub etdiyimiz oyunu izlədim. Bu matçı izləmək mənə həm sevinc bəxş etdi, həm də kədərləndim. Stadion tam dolmuşdu, ajiotaj vardı. Ancaq indiki oyunlara baxırsan ki, sadəcə klubun sadiq azarkeşəri qalıb. AFFA-nın yarıtmaz futbol siyasəti ölkədə olan qalan azarkeşləri də küsdürür. Belə davam etsə, stadionda adam tapılmayacaq. Boş tribunalar önündə futbol oynayacaqlar". 

Qeyd edək ki, mart ayının 13-də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınması ilə bağlı olaraq əmr imzalayıb. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR