Bir İstanbul masalı

Bir İstanbul masalı

Futbol ictimaiyyətinin "Qarabağ" və "Liverpul" azarkeşi kimi tanıdığı Sevinc Məmmədova sevimli klubunun "Çelsi" ilə Super kubok oyununu izləmək üçün İstanbula yollanıb. 

Sevinc səfəri, gördükləri barədə fikirlərini, duyğularını Sport7.az-la bölüşüb:
 


"Mənim yaşımda olan insanların əksəriyyəti futbola 2002-ci ilin dünya çempionatından sonra baxmağa başlayıb. Həmin mundialdan sonra çoxumuz özü üçün kumir futbolçular, sevimli milli komandalar, klublar seçməyə başladıq. O zamanlar Steven Gerrardla "Liverpul"a qarşı yaranan simpatiyamın bir gün qəlbimin dərinliklərinə kök salacaq bir eşqə dönəcəyini xəyal belə etməzdim.

25 may 2005-ci il, İstanbul Atatürk Olimpiya stadionu. Uşaq qəlbinin bütün sevgisi ilə "Liverpul"u dəstəkləyirdim. Göz yaşları içində keçən 45 dəqiqənin ardından gərgin 45+30 dəqiqə izləmişdim. Futbol tarixinin ən gözəl finallarından biri mənim azarkeş olaraq izlədiyim ilk final olmuşdu. 

Üstündən 14 il keçdi. "Liverpul" yenidən Çempionlar Liqası turnirinin qalibi oldu. UEFA super kubok matçının İstanbulda baş tutacağını eşidəndə. mən orda olmalıyam dedim özümə. 
 


Təyyarə biletinin baha olması səbəbindən səfərim avtobusla gerçəkləşdi. 37 saatlıq yolun sonunda İstanbula çatdım. Bura ilk gəlişim idi. Şəhər sözün hər mənasında məni özünə valeh etdi. Hansı səmtə baxsan göyə ucalan məsçid minarələri, gündə 5 dəfə verilən Azanın səsi insanın ruhunu oxşayır, güvən duyğusu verirdi. 

Küçələrdə, metrolarda, dayanacaqlarda, hər yerdə matçın afişaları vurulmuşdu. Əsl futbol ab havası hiss olunurdu. Şəhərin müxtəlif yerlərinə səpələnmiş qırmızı paltarlı adamların fonunda ara bir "Çelsi" foması geyinmiş turistlərə də rast gəlmək olurdu. 5-6 "Liverpul" azarkeşi bir araya gəlirdisə, mütləq hər hansı bir futbol mahnısı oxuyub ətrafın diqqətini cəlb edirdi. "Liverpul" formasında bir-birini görən insanlar sanki bir ailənin üzvü imiş kimi görüşür, "We are Liverpool, yes we are" deyə hayqırırdı. 

"Vodafone" arenanın qarşısında şəkil çəkdirəndə Türkiyə mediasına müsahibə də verdim. Şəhər, təşkilatçılıq və hesab təxminləri barədə fikirlərimi bölüşdüm. 

Matçdan bir gün əvvəl mətbuat konfransında iştirak etdim. Sadio Mane, Virgil Van Dijk və Jurgen Kloppun iştirak etdiyi konfrans maraqlı anlarla yadda qaldı. Hər zaman əlçatmaz zənn etdiyim klubun məşqçi və əsas heyət üzvləri ilə eyni məkanda olmaq inanılmaz idi.
 


Oyun günü stadionda möhtəşəm atmosfer vardı. Əsas vaxt bərabərliklə bitəndə içimdə növbəti İstanbul finalı yaşanacaq dedim. "Liverpul"un əsas qapıçısının oyunda olmaması məni çox qorxutsa da, gözləntimin əksinə olaraq yeni qapıçı penalti qaytarmaqla əvvəlki İstanbul finalında olduğu kimi komandanın qəhrəmanı oldu. Belə dramatik bir matçı canlı izlədiyim üçün nə qədər şanslı olduğumu anlayıram. 

Hər kəsin bir xəyalı olmalıdır. Onu gerçəkləşdirmək üçün çalışmalı, ona can atmalıdır. "Liverpul" bu baxımdan mənim ən önəmli xəyalım idi. Ona çatdığım üçün xoşbəxtəm. İstanbul bizim şəhərimizdi. Qırmızının çox yaraşdığı şəhər, hətta imkansız görünən geri dönüşlərin yaşandığı şəhər, arzuların gerçəkləşdiyi şəhər. Bu şəhər sonuncu dəfə 2005-ci ildə bu qədər gözəl olmuşdu. 14 ildən sonra qırmızıya bürünərək bir az da gözəlləşdi..."
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR