"Bizi məhv edən inamsızlıqdı" - Cavid Hüseynov

Bu yay heyətində köklü dəyişikliklər edilən klublardan biri də "Zirə" oldu. İcraiyyə Komitəsinin çempionatla bağlı qərarından sonra baş məşqçi Zaur Həşimov postundan istefa verdi. Zaur bəylə yanaşı xeyli futbolçu da komandanı tərk etdi. Onların arasında kapitan Cavid Hüseynov da vardı. Təcrübəli milli üzvünün gözlənilməz ayrılığı ilə bağlı fikirlərini öyrəndik.

Cavid Sport7.az-a müsahibəsində "Zirə"dən gedişindən danışdı, bəzi məsələlərlə bağlı suallarımızı da cavablandırdı. 

- Kapitanı olduğun "Zirə"dən ayrılmaq qərarına necə gəldin?

- Normal oldu. Digər saytlara demişəm, eyni fikirləri təkrarlaya bilərəm. Qarşılıqlı razılıq şəklində müqaviləni ləğv etdik. Heç bir problem, anlaşılmazlıq olmadı.

- Klubda ən ödənişli futbolçulardan olduğun deyilirdi. Bu məqam ayrılamğında rol oynadı?

- Heç o məqama gedib çıxmadıq. Deməzdim ki, özüm istədim. Amma klubu da başa düşürəm. Çətin vəziyyətdi. Həm klub, həm də mən tərəfdən normal qarşılandı.

- "Zirə"dən xeyli futbolçu getdi. Üstəlik, baş məşqçi də istefa verdi. Klubda nə baş verir?

- Buna təbii hall kimi yanaşmaq lazımdı. "Zirə"nin hədəfi Avroliqaya getmək idi. Düzdü, müəyyən amillər də rol oynadı. Pandemiya dönəmi ilə üst-üstə düşdü. 8 oyunumuz qalmışdı. Bilmək olmazdı nə baş verəcəkdi. Xalımız da "Sumqayıt"la eyni idi. Buna baxmayaraq çempionat dayandırıldı. Top fərqinə görə Avroliqaya "Sumqayıt" getdi. Yəqin ki, bu həddindən artıq rol oynadı. Normal qiymətləndirirəm, belə də olmalıdı.

- Ümumiyyətlə, "Zirə"nin bu mövsümünü necə dəyərləndirirsən?

- Necə dəyərləndirmək olar? 8 komanda arasında 5-ci yerlə kifayətləndik, Avroliqaya gedə bilmədik. Əlbəttə ki, pis dəyərləndirirəm.

- "Sumqayıt"la xallar bərabər və avrokuboklara getmək şansınız çox idi. Bir sıra ölkələrdə mövsüm davam etdirilərkən, Azərbaycanda çempionatın dayandırılması ilə bağlı qərara münasibətin necə oldu?

- İstərdik ki, davam etsin. Amma pandemiya dövrüdü, insanların həyatı bahasına başa gəlir. Yəqin ki, risk olduğu üçün bu addım atılıb. Biz azarkeşsiz də oynamağa razı idik. Qərar belə oldu, nə edə bilərik?

- Hansısa şəkildə çempionatı davam etdirmək mümkün idi?

- Məncə, olardı. Risk etmədilər.

- Karyeranı hansı klubda davam etdirəcəksən?

- Bu barədə danışmaq tezdi. Yəqin ki, yaxın günlərdə məlumat çıxar. Hələ ki, danışıq aparmıram.

- Milli üzvü kimi daim iddialı klublarda oynamısan. Necə düşünürsən, indi iddialı klubların sənə tələbatı var?

- İddialı klublar "Qarabağ", "Neftçi"di. Açığı, onların mənə tələbatı yoxdu. Çünki oturuşmuş komandadı. Demirəm zəifəm, oynaya bilmərəm. Sadəcə,  onların öz strategiyası, oyunçuları var.

- Düzdü, fiziki durumun imkan verəcəyi qədər, hələ bir neçə il də oynaya bilərsən. Bəs karyeranla bağlı gələcək planların necədi? Səninlə eyni yaşda olan futbolçuların bir çoxu artıq gələcək karyerası, məşqçilik kurslarında oxumaq haqda düşünür...

- Sözün düzü, 2 ildən sonra məşqçilik kurslarına yazılmaq istəyərəm. Qeyd etdiyiniz kimi, hələ vaxtım var. Fiziki durumum da buna imkan verir. Hələ tezdi o barədə düşünmək. Ancaq iki ildən sonra yavaş-yavaş məşqçilik kateqoriyalarını almaq istəyərəm. Futbol səhəsindəyəm, əlimdən başqa bir iş gəlmir. Təcrübəmdən yararlanıb, məşqçi kimi daha da inkişaf etmək istəyərəm. 

- Məşqçi kimi çalışmağa həvəsin var?

- Var, var. 

- Millimizin baş məşqçisinin adı açıqlandı. De Byazi haqda hansı məlumatlara maliksən?

- Sonuncu dəfə Albaniya yığması ilə qrup mərhələsinə vəsiqə qazandığını bilirəm. Ordan tanıyırıq. İtalyan olduğunu da bilirik. Elə də çox məlumatım yoxdu. 

- Bizə əcnəbi mütəxəssis lazımdırmı?

- Əlbəttə, düşünürəm ki, lazımdı. Yəqin, nəsə bilirlər deyə gətiriblər.

- İndiki durumda De Byaziyə pul xərcləmək riskli deyil?

- İnanmıram ki, o qədər böyük pula gəlsin. Detallarla bağlı məlumatım yoxdu. Amma necə deyim, onsuz da pul xərclənir.

- Albaniya yığmasında uğurlu olub. Bu o anlama gəlir ki, Azərbaycanda da eyni uğuru təkrarlaya biləcək?

- Xeyr, onu indidən demək olmaz. Zaman göstərəcək. Müsahibəsini oxumuşam, Azərbaycan futbolçularını, yığmamızı analiz etdiyini bildirib. Yəqin ki, kor-koranə gəlməyib. Özünün də dediyi kimi, Azərbaycanı inkişaf etdirə bilər. 

- Təcrübəli futbolçu kimi nə düşünürsən, Azərbaycanda yığmanı çalışdıra biləcək məşqçilər yoxdu ki, əcnəbiyə əl açırıq?

- Niyə yoxdu? Var, şans vermək olar. Ancaq həmin məşqçilər özünə nə dərəcədə güvənir, bilmirəm. Milli tam fərqlidi. Həqiqətən də klubla milli arasında çox fərq var. Ona görə çətindi ki, bir neçə oyundan sonra sənin taleyin həll oluna bilər. Klubda isə belə deyil. Məsələn, Azərbaycanda çempionat 4 dövrədən ibarətdi. Zamanla səhvlərini aradan qaldıra və dəyişiklik edə bilərsən. Yerli məşqçilərdən Ayxan Abbasov var. Qurban Qurbanov gəldi 1 il işlədi getdi. 

- De Byazi ilə nəyəsə ümid edə bilərik?

- Niyə edə bilmərik? İnam olmalıdı. Həmişə demişəm, bizi məhv edən inamsızlıqdı. Azərbaycanlı olaraq hər mövzuda çox şeyə inanmırlar. İnam olmayan yerdə hansı nailiyyətlərdən danışa bilərsən? Az olub xal aldığımız komandalar? Sadəcə, bir oyunla kifayətlənməməliyik. Belə olmamalıdı. Düzdü, Azərbaycan xalqı millidən nəticə istəməlidi. Bu haqlı istəkdi. Sadəcə, elə şeylər var ki, dəqiq analizdən keçməlidi. Çox ciddi şəkildə incələmək lazımdı. Xırda detallara toxunmaq istəmirəm. Çünki futbolçuyam, futbol oynayıram. Bu şəxsi fikirimdi. Əsas inamdı. Siz jurnalist olaraq bizə inanmalısız. Biz də futbolçu kimi özümüzə inanmalıyıq. Hərdən öz futbolçularımız mənə deyir ki, "sən çox rahatsan", "çox inamlısan". Bunu aşılamaq lazımdı. Meydançada, loru dildə desək, futbolçunun "gözü kəlləsinə çıxmamalıdı". Hər dəqiqənin öz hökmü var. Ola bilər ki, rəqib 5 dəqiqə ərzində ardıcıl hücumlar etsin. Amma bir də görürsən ki, matçın ikinci hissəsində hər şey təmiz dəyişir. Boş yerə "futbol 90 dəqiqədən ibarətdi" deməyiblər. Psixoloji baryer var, onu aşmalıyıq. Bizdə xalq olaraq hər şeyə o qədər inamsızlıq var ki... Nəyə görə inanmamalıyıq? Baxın, indi döyüş gedir. Hamımız qələbə qazanacağımıza inanmalıyıq. Millətimizin nümayəndələri hər bir işdə inamlı olmalıdı. Mən şəxsən bunu istəyirəm. Hər işə inamla başlamaq lazımdı. Belədə insanda müsbət enerji yaranır. Qorxudan o qədər fəsadlar yaranır ki. Qorxu nəyə lazımdı?

- Az öncə cəbhədə döyüş məsələsinə toxundun. Şəhid övladı kimi fikrin necədi?

- Qısa deyəcəm. Canla-başla, 1 qarış torpağımın uğrunda belə ölməyə hazıram. Dönməyə yox ha, ölməyə hazıram. Mənim qarşımı heç kim ala bilməz. İnşallah, müharibə başlasın... 30 ildi digər millətlərin qarşısında başıaşağıyıq. Buna son qoyulsun, öz torpaqlarımızı azad edək. Və şəhid vermədən bu torpaqları ala bilmərik. Azərbaycanın ərazi bütövlüyü qanımız bahasına başa gəlib. Şəhid olmalıdı. Hərdən görürəm, şəkil paylaşırlar, qara lent bağlayırlar. Belə olmamalıdı. Qürur duymalıyıq ki, torpaq uğrunda şəhid olublar. Bunu aşılamaq lazımdı. Şəhidlik insanın arzuladığı zirvədi. Başa düşürəm, şəhid olanların ailəsi, qohumları ağlayır. Digər tərəfdən də xalqa çatdırmaq lazımdı ki, şəhidlik hər kəsin ucala bilməyəcəyi zirvədi. Dinimizdə də yazılıb. Başa düşüləndi, siyasətin də müəyyən tərəfləri var. Amma ona qarışmaq istəmirəm. Ancaq əzmlə, istəklə, qaça-qaça şəhidlik zirvəsinə ucalmağa hazır olmalıyıq. İnşallah, tezliklə müharibə başlayar biz azad olarıq.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR