"Bney Yehuda"nın baş məşqçisi: "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün böyük nəticə olacaq"

İsrailin "Bney Yehudsa" klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, təcrübəli israilli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda fikirlərini bildirib: "İlk oyunda komandamın göstərdiyi futboldan razıyam. Xüsusilə ilk hissədəki. Mövsümün əvvəlində göstərdiyimiz oyun bizə qənaətbəxş sayıla bilər. Ancaq bizə optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdı". 

- Bakıdakı hesaba əsasən özünüzü "Neftçi"dən daha şanslı sayırsınız?

- Bu nəticənin nə dərəcədə yaxşı olub-olmadığını sabah deyə biləcəm. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadır. Çox güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdı, bizdə isə bu, yalnız 2-cidi. 

- İlk qarşılaşmada rəqibi hansı oyun tərziylə təəccübləndirdiniz?

- Bu üslub deyil. Sadəcə, oyunu rəqibə uyğun qurdum. Deməzdim ki, yalnız müdafiədə oturduq. Hücuma da çıxdıq, 2 qol vurduq. Sabah məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq, əksinə, bunu daha yaxşılaşdıraraq, azarkeşlərimizi sevindirmək olacaq.

- Bu həftə ilk oyunda sərfəli nəticə qazanan komandalar mübarizəni dayandırdılar, o cümlədən Çempionlar Liqasındakı təsmilçimiz "Qarabağ". Səfərdəki hesab sizdə arxayınlaşma yaradacağıyla bağlı narahatlıq doğurmur?

- Heç vaxt nə özümə, nə də futbolçularıma demişəm ki, Bakıdakı 2:2 yaxşı nəticədi. 2:0 qalib gəlsəydik, yaxşı nəticə olardı. Bu üstünlüyünü əldən verməyimizə görə 2:2 heç də yaxşı nəticə deyil. 

- İki ildə yaxşı nəticə qazanmısınız. İndisə Avropa Liqasının qrupuna düşməyinizə 3 matç qalıb...

- Keçmiş yox, hazırda yalnız gələcək haqda düşünürəm. "Bney Yehuda" qələbələr üçün ac idi. İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı.

- Çoxları düşünür ki, "Neftçi"nin ilk oyundakı nəticə arxayınlığıyla bağlı idi. Sabahkı oyunda rəqibdən sürpriz oyun, sürpriz taktika gözləyirsiniz?

- Görüşədək rəqibin bir neçə oyununa baxmışdım. Görmüşdüm ki, "Neftçi"nin baş məşqçisi əsas heyətdə 1-2 dəyişiklik edir. Sabah hansısa dəyişiklər olarsa, buna hazır olacağıq. Müasir futbolda heyətdə böyük dəyişikliklər etməklə uğur çıxışı davam etdirmək mümkün deyil. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR