"Bonjour", millət!

Quqquluqu! Şanlı gecənin səhəridi. "Bonjour", millət! 

Yata bildiniz? Düzü, mən yatmadım. 90 dəqiqəlik şirin yuxu mənə bəs elədi. 

Ötən gecə tarixi hadisə baş verdi axı. İlk dəfə idi ki, "xoruz" gecə banladı. Və bununla səhər daha erkən açıldı. Futbolumuzun səhəri, sabahı xeyir olsun!

Belə dəyərli, unudulmaz yuxunu krantdan gələn suya danışıb çin çıxarmaq ayıb olar. Fikrimcə, 90 dəqiqə döyüşən, mübarizə aparan, şanlı gecənin qəhrəmanlarının alnından axan tərinə baxıb susmağımız da yetərlidi.

Yəqin ki, qonaqlar məsələyə fransız qalıb. Reallıqla barışmaq lazımdı, "frère"! Əlçatmaz nəyisə arzulayanda o qədər bizə "yatıb yuxunda görərsən" deyib, qəlbimizi qırıblar ki... 

Sən demə, arzuolunanı yatmadan da görmək mümkün imiş. Gördük ki, "Qəbələ" Avropanın ən öndə gedən futbol ölkələrindən Fransanın təmsilçisini "Bakcell Arena"da diz çökdürdü. Gördük ki, PSJ ilə eyni çempionatda çıxış edib, mövsümü 5-ci pillədə başa vuran komandanı da devirmək olarmış. Gördük ki, əzmkarlıq göstərəndə, daha çox istəyəndə heyətində Portuqaliyaya Avropa çempionluğunu qazandıran qolun müəllifi olan Eder də Bakıdan başıaşağı gedər. Onu da gördük ki, "Lill"in 75 milyonluq büdcəsi bu qələbəni almaq üçün bəs eləmədi. Bu, pulla, parayla yox, alın təri ilə alınacaq, qazanılacaq zəfər idi!

Və ən böyük reallıq odur ki, fransız ətrindən istifadə edib Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi üçün İsveçrənin Nyon şəhərinə yollanan "Qəbələ"nin meneceri Zaur Əzizovdu. 

Bu, tarixə böyük hərflərlə yazılan VİKTORİYA-dı. Elə fransızlar da buna "victoire" deyir. Bəs, "Qarabağ"ın adlı-sanlı sandığımız, ÇL-in qrupunda oynamış, nə bilim bilməm nə etmiş "Viktoriya"nı uda bilməməsinə nə deyirsiz? "İstoriya"?

Bəs, "Neftçi"nin "Şkendiya"ya qapazaltı olmasınanın adı nədi? Bəs, "Kəpəz"in "Admira"ya uduzmasının ismi? Sadəcə, rəqib güclü olsa da, qorxaq lazım deyildi! Heç bir komandamızın qarşısına ləqəbi "itlər" olan "Lill" qədər güclüsü çıxmamışdı. Amma "Qəbələ" bir daha sübut elədi ki, həqiqətən də "it" hürər, karvan keçər!

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR