Bundesliqa və ÇL-in ən gənc məşqçisi, kənd klubu ilə Avropa macərası... - Naqelsmanın yolu

Bundesliqa və ÇL-in ən gənc məşqçisi, kənd klubu ilə Avropa macərası... - Naqelsmanın yolu

Yulian Naqelsmanı tanımağım təxminən 2016-17 mövsümünün ortalarına təsadüf edir: 17 tur geridə qalsa da, "Hoffenhaym” kimi o qədər də yüksək profilə sahib olmayan komanda Bundesliqada məğlubiyyətin nə olduğunu bilmirdi. Zinshaymın əhalisi təxminən 3 min nəfər olan Hoffenhaym kəndini təmsil edən komandanın baş məşqçsinin sadəcə 29 yaşı var idi. Yəqin ki, bu, sizin üçün də kifayət qədər diqqətçəkən məsələ idi. Üstəlik, Yulian bundan cəmi bir il əvvəl "Hoffenhaym"ın başına keçmişdi. Bu arada, o, Bundesliqa tarixinin ən gənc baş məşqçisi hesab olunur.

2015-16 mövsümündə "Hoffenhaym” üçün işlər qaydasında getmirdi. İlk 20 turdan sonra komanda sadəcə 14 xal toplaya bilmişdi. 17-ci pillədə qərarlaşan klub liqadan düşmək təhlükəsi ilə üz-üzə idi. Nəticədə fevral ayında komandanın hollandiyalı baş məşqçisi Hub Stevens vəzifəsindən azad olunur və onun əvəzinə gözlənilməz şəkildə "Hoffenhaym”ın U-19 komandasının 28 yaşlı baş məşqçisi Yuliyan Naqelsman gətirilir. Bu qərardan sonra bəzi "Hoffenhaym” azarkeşləri və Bundesliqa izləyiciləri klubun artıq taleyi ilə barışdığına görə belə bir addım atdığını düşünürdülər. Amma növbəti 4 ay ərzində onların bütün düşüncələri alt-üst oldu. Naqelsmandan əvvəl 20 tura 14 xal toplamağı bacaran komanda Yulianın gəlişindən sonrakı 14 oyunda aktivinə 23 xal əlavə etdi və 37 xalla liqada qalmağı bacardı. Komandası mövsümü 15-ci pillədə başa vuran Naqelsman rəhbərliyin ümidlərini doğrultdu. Təbii ki, növbəti mövsüm üçün də onun qarşısına minimum liqada qalmaq hədəfi qoyulmuşdu.

Yazının əvvəlində vurğuladığım kimi, növbəti 2016-17 mövsümündə Zinshaym təmsilçisi ilk 17 turda məğlubiyyətin nə olduğunu bilmirdi. Ümumillikdə çempionatı 4 məğlubiyyətlə tamamlayan komanda bir sıra maraqlı nəticələrə imza atdı. "Bavariya" ilə səfərdə heç-heçə edib, evdə rəqiblərini 1-0 hesabı ilə məğlub etmələrini də bu sıraya aid edə bilərik.

Mövsüm ərzində, əsasən, 3-5-2 taktiki sxemindən istifadə edən Yulian Naqelsman bu düzülüş sayəsində diqqətləri özünün və komandasının üzərinə çəkməyi bacarmışdı. Burada ən çox diqqət çəkən oyunçular Niklas Züle, Ceremi Tolyan, komandanın kapitanı Sebastyan Rudi, Kerem Demirbay, Andrey Kramariç və Sandro Vaqner idi. Liqanı 62 xalla 4-cü bitirən "Hoffenhaym”ın tarixində yeni bir səhifə açılırdı: komanda növbəti mövsüm Çempionlar Liqasının pley-off mərhələsində çıxış etmək haqqı əldə etmişdi.

Yay transfer dövründə "Hoffenhaym” bəzi vacib futbolçularını itirdi. Niklas Züle 20 milyon avroya, kapitan Sebastyan Rudi isə azad agent kimi "Bavariya"ya transfer oldu. Ceremi Tolyanı isə Dortmund "Borussiya"sı 7 milyon avroya heyətinə qatdı.

ÇL-in püşkündə "Hoffenhaym”ın bəxtinin gətirdiyini deyə bilmərik. Avropa təcrübəsi yox səviyyəsində olan Yulian Naqelsman və komandasının rəqibi öz həmyerlisi olan Yürqen Kloppun çalışdırdığı Avropanın ən köklü və titullu klublarından biri - "Liverpul” idi. Zinshaymda rəqibinə 1-2 hesabı ilə məğlub olan "Hoffenhaym” İngiltərədə də rəqibi ilə bacarmadı (2:4).
 


Sonda Naqelsmanın komandası Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazandı. C qrupunda yer alan almanların rəqibləri Portuqaliyanın "Braqa”, Bolqarıstanın "Ludoqorets” və Türkiyənin "Başakşehir” komandaları idi. Kifayət qədər Avropa təcrübəsi və geniş heyəti olmayan "Hoffenhaym” qrupu 5 xalla sonuncu sırada bitirdi. Komanda 5 xalı evdə "Başakşehir” üzərində qazanılan qələbə (3-1) və İstanbul klubu ilə səfərdə, evdə isə "Ludoqorets”lə bərabərliklər (1-1) sayəsində topladı.

Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra bütün diqqətini Bundesliqaya yönəldən "Hoffenhaym” bir mövsüm əvvəlki nəticəsini daha da yaxşılaşdırmağı bacardı. "Hoffenhaym” öncəki mövsümlə müqayisədə 7 xal az toplasa da, bu səfər 3-cü pilləni tutaraq birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Ötən yay Naqelsmanın 2019-20 mövsümündən etibarən "Laypsiq”in baş məşqçisi olacağı rəsmən açıqlandı. Bu, 2018/19 mövsümünün gənc mütəxəssis üçün "Hoffenhaym"da sonuncu olacağı anlamına gəlirdi. Püşk nəticəsində Çempionlar Liqasında F qrupuna düşən "Hoffenhaym”ın rəqibləri İngiltərənin "Mançester Siti”, Fransanın "Lion” və Ukraynanın "Şaxtyor” komandaları idi. Qrupu 3 heç-heçə edərək 3 xalla sonuncu pillədə başa vuran almanlar "Lion”dan 2, "Şaxtyor”dan isə 1 xal almağı bacardılar. Bu nəticələrə rəğmən, "Hoffenhaym”ın hər oyunda sona qədər mübarizə apardığını rahatlıqla deyə bilərik. Əlavə olaraq qeyd edim ki, "Çempionlar Liqasında oyuna çıxan ən gənc məşqçi" ünvanı da məhz Yulian Naqelsmana aiddir.
 


Bu mövsüm komandada daha çox önə çıxan adlar İshak Belfodil və son illərdə komandanın ulduzu olan Andrey Kramariç idi. İki futbolçu birlikdə 2018-19 mövsümünü 39 qol, 11 assistlik göstəricilərlə tamamladı.

Naqelsmanın "Hoffenhaym”dakı sonuncu ili əvvəlkilərdən geri qaldı. Əslində, komanda keçən mövsümkü xalından sadəcə 4 xal az (51) topladı. Buna baxmayaraq, ötən mövsümün bürünc mükafatçıları bu səfər 9-cu pilləni tutaraq Avropa Liqasına belə vəsiqə əldə edə bilmədilər. Amma 3-4 il bundan öncəni nəzərə alsaq, Bundesliqanı 9-cu pillədə tamamlamalarını "Hoffenhaym” üçün kifayət qədər yaxşı nəticə hesab etmək olar.

Bu yay Zinshaymı tərk edən yeganə şəxs Yulian Naqelsmann deyil. Naqelsmannın burada parlatdığı oyunçulardan biri olan Kerem Demirbay 32 milyon avro qarşılığında Leverkuzen "Bayer”inə transfer oldu. Əlavə olaraq, Niko Şults, Andrey Kramariç, İshak Belfodil kimi futbolçular da yaxşı təkliflər gələcəyi halda, bu yay komandanı tərk edə bilərlər.

Gələcəklə bağlı şəxsi fikrimə qaldıqda, məncə, Naqelsman gedə biləcəyi ən doğru kluba getdi. Gənç oyunçulara üstünlük verilməsi və planlı şəkildə idarə edilən klub olması "Laypsiq”i daha da maraqlı edir. Həmçinin klubun keçmiş idman direktoru və hazırkı baş məşqçisi Ralf Ranqnik Tomas Tuxel və Yulian Naqelsman kimi məşqçilərin bu səviyyəyə çatmasında əsas pay sahiblərindən biri hesab olunur. Şübhəsiz ki, Ranqnik keçmiş tələbəsi Yuliana "Laypsiq”də əlindən gəldiyi qədər köməklik göstərəcək. Qalan məsələlər isə Naqelsmanın özündən asılıdır. Yetərincə Bundesliqa və müəyyən Avropa təcrübəsinə malik olan 31 yaşlı məşqçinin "Laypsiq”də uğurlu olacağına əksər azarkeşlər ümid bəsləyirlər.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR