"Böyükağa Hacıyevlə vida mərasimi keçirmək lazım idi" - XATİRƏLƏR

Bildiyiniz kimi, bu gün Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür. 

Sport7.az mərhum mütəxəssisi yad etmək məqsədi ilə futbol ictimaiyyətinin nümayəndələrinə söz verib. 

"Fanat.az" saytının baş redaktoru Əli Sahibin Böyükağa müəllimlə bağlı xatirələrini təqdim edirik...
 

 
"Böyükağ Hacıyevlə münasibətimiz çoxdana gedib çıxır. O, hələ "Standart”da çalışmamışdan əvvəl tanış idik. Aramızdakı yaş fərqinə baxmayaraq, zarafatımız da vardı. 

"Neftçi” səfərdə Gürcüstanın "Çixura” klubu ilə qarşılaşırdı. Jurnalistlər də səfərə aparılmışdı. Oyun günü səhər yeməyi üçün Gürcüstanın məşhur restoranlarından birinə getmişdik. Səhər yeməyi adıyla səhər saat 10-dan oyun başlayana qədər dostlarla restoranda yeyib-içdik. Oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyevə dedim ki, sizi Azərbaycanda gürcülərin qənimi kimi tanıyırlar, bu gün də bunu sübut etdiniz. O da mimikamdan başa düşdü ki, söz atıram. Əvvəl mənə baxdı, sonra Gündüz Abbaszadəyə (o vaxt "Neftçi”nin mətbuat xidmətinin rəhbəri idi) dedi ki, ə, bu harda meyit olub? Mikrafon da açıq olduğundan səs bütün zala yayıldı. 

* * *

Böyükağa Hacıyev hazırcavab adam idi. Səhv etmirəmsə, Kazanda "Rubin”lə oyundan sonra idi. Mətbuat konfransında "Neftçi”nin qrupdakı taleyi ilə bağlı soruşdular. Cavabı belə oldu: "У нас есть такая пословица: "Пока не прыгал канал, не скажи "hop” (Bizdə belə bir atalar sözü var: "Arxı tullanmamış hop demə”).

* * *

Xəstəliyindən sonra mətbuat konfransında gözü ilə bağlı sual verdilər ki, qapalı olan gözünüz necədir? O da həmin qapalı gözünü əli ilə açdı və dedi ki, narahat olmayın, hər şey yaxşıdı, sadəcə, bu gözüm mexanikadı, o biri isə avtomat.

* * *

Həmişə zarafatlaşırdıq. Bir gün dedim ki, zarafatı yığışdıraq. Dedi, yox, həmişə səninlə zarafat edəcəm. Səhəri günü bir yazı yazdım ki, əslində "Neftçi”nin bütün qələbələri Tərlan Əhmədovun sayəsindədir, Böyükağa Hacıyev oturur, Tərlan işləyir. Qəsdən belə yazmışdım ki, əsəbləşsin. Həqiqətən hirslənmişdi. O yazıdan sonra məni harda görürdüsə, tərs-tərs baxırdı. Ona görə Kiprdə Tərlan Əhmədovla, Kamal Quliyevi göstərib dedi ki, vaxt olacaq bunlar yaxşı məşqçi olacaq, amma deməyəcəklər ki, rəhmətlik Böyükağa Hacıyevin yanında öyrənmişik.

* * *

Gəlin, açıq danışaq. Heç kim "Neftçi”nin Kiprdə qələbə qazanacağına və Avroliqanın qrupuna düşəcəyinə inanmırdı. Amma Böyükağa Hacıyev inanırdı. Oyundan bir gün əvvəl kiprli jurnalist sual verdi ki, sabah 25 min azarkeşin yunan bayrağı ilə komandasına dəstək verməsi sizi qorxutmur ki? Mən bildim ki, yunan-türk məsələsinə işarə vurur. Yerimdən uca səslə dedim ki, cavab verməyin, sizi təxribata çəkir. Ancaq Böyükağa Hacıyev cavab verdi. Dedi, biz 70 milyonluq türk, 10 milyonluq Azərbaycan xalqının bayrağını ürəyimizdə gətirmişik, bu, bizə kifayətdir. Sabah meydandan qalib ayrılacağıq, kimin kim olduğunu göstərəcəyik. Bəlkə də, həmin il biz APOEL-lə 10 dəfə qarşılaşsaydıq, 9-da məğlub olardıq. Ancaq Böyükağa Hacıyevin o sözü deməsi və sabahı günü ona əməl edilməsi başqa aləm idi.

* * *

Böyükağa Hacıyev savadlı insan idi. Tarixi də yaxşı bilirdi. Bir çox məşqçilərimizdən fərqli olaraq futboldan başqa, gündəmi də izləyirdi. Baş verən proseslərlə maraqlanırdı. İnsanları öyrənməyi xoşlayırdı. Tamam başqa cür insan idi. 

Azərbaycanda heç bir məqşçi "Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanova atmaca atmır. Əslində bəziləri qısqanclıqdan danışmaq istəmir, yaxud da tənqidi fikir səsləndirə  bilmir. Ancaq Böyükağa Hacıyevə çempion olduqları oyundan sonra sual verilmişdi ki, keçən il Avroliqanın qrupuna vəsiqə qazandınız, artıq Çempionlar Liqasının qrupunu vəd edirsiniz? O da cavab verdi ki, Azərbaycanda məşqçi təkcə mənəm? Gedin, başqalarından da tələb edin də. Əslində onda Qurban Qurbanova söz atmışdı. Yəni o, bu tipli atmacalardan çəkinmirdi. 

* * *

O vaxt "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik oyundan əvvəl demişdi ki, "Neftçi” ilə matça fərqli hazırlaşırıq. Hacıyev də Lənkəranda qələbə qazandıqları oyundan sonra mətbuat konfransında dedi ki, başa düşmürəm, Rednik komandanı necə fərqli hazırlaşdırıb? Hamı qabağa qaçır, bunlar dala qaça-qaça hazırlaşıblar? 
 


* * *

Kazanda jurnalistlər gecə saat 2-də oteldə Böyükağa Hacıyevin qapısını döyüblər ki, müsahibə edələr. O da yatdığı paltarda qapını açıb. Jurnalistlər soruşub ki, Böyükağa müəllim, yatmışdınız? Cavab verib ki, yox, dissertasiya yazırdım, gecə saat 2-də yatarlar da... 

Əslində onun sevilməyi həm zarafatları, həm hazırcavablığı, həm də sözü birbaşa üzə deməsinə görə idi. 

Böyükağa Hacıyev Azərbaycan futbolunda tarix yazmış adamdır. Ondan sonra "Qarabağ”ın, Qurban Qurbanovun sayəsində Çempionlar Liqasının qrupuna da düşdük. Ancaq ilk yolu açan Böyükağa Hacıyev oldu. 

Son vaxtlar 2-3 həftədən bir zəng vururdu, danışırdıq. Onun haqqında nəsə yazanda da zəng vururdu. Bəzən irad bildirirdi ki, filan şeyi niyə yazmırsınız? Vəziyyəti ağırlaşandan sonra yanına gedə bilmədim. Jurnalistlər onun şəklini paylaşmışdılar. O şəkli görəndə mənə çox pis təsir etdi. Ona görə gedib görə bilmədim.

Çox heyfslənirəm ki, Böyükağa Hacıyevin son mənzilə yola salınmasında laqeyidlik oldu. Ən azından AFFA-dan, PFL-dən, Gənclər və İdman Nazirliyindən, bütün klublardan əklil gəlməlidi idi. Yalnız "Nefçi”dən əklil gətirmişdilər. Heç "Neftçi”nin prezidenti gəlməmişdi. 

AFFA-nın, PFL-in prezidenti də dəfn mərasimində iştirak etməliydi. Dəfndəki insanlar görməliydi ki, burda AFFA var, PFL var. Axı Böyükağa Hacıyevin qazandığı təkcə "Neftçi”nin yox, Azərbaycan futbolunun uğuru idi. Əslində Böyükağa Hacıyevlə vida mərasimi keçirmək lazım idi. Rəhmətliyi tez-tələsik yuyub, basdırdılar".
 
Ardı var...
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti