Cahangir Həsənzadə:

Cahangir Həsənzadə: "Səbail" öz boyundan yuxarı tullanmağa qadir oldu"

Millimizin sabiq qapıçısı Cahangir Həsənzadə klublarımızın avrokuboklardakı çıxışını və şanslarını dəyərləndirib. 

Komandaları analiz edən Cahangir bəy Sport7.az-a açıqlamasında fikirlərini bölüşüb: "Qarabağ"ın oyununu izlədim. Kifayət qədər yaxşı oynadılar. "Partizani" də özünü sıradan bir komanda kimi göstərmədi. Düşünürəm ki, "Qarabağ" minimum planı yerinə yetirdi, səfərdə qol buraxmadı. Müdafiədən oynayırdılar, risk etmirdilər. İlk oyun olduğu üçün ehtiyatlanırdılar, "Partizani"ni o qədər də yaxşı tanımırdılar. Digər tərəfdən komanda səfərdə işin 50 faizini həll etmiş kimi göründü. Fikrimcə, evdə daha aqressiv oynayacaqlar və son məqamda azarkeşlər qarşısında sözlərini deyəcəklər. Ümumi qiymətləndirmə aparsaq, bir qədər subyektiv ola bilərik. "Qarabağ" Çempionlar Liqasının qrupunda oynayanda, futbolumuz elə indiki vəziyyətdə idi. Sadəcə, komandanın oyunu daha inamlı görünürdü. Həmin vaxt seçimləri daha keyfiyyətli idi. İldən ilə daxili və ya xarici siyasətindən asılı olmayaraq komanda dəyişir. Düşünmürəm ki, bu dəfə də ÇL-in qrup mərhələsinə düşmək əlçatmazdı, mümkünsüzdü. İstərdim ki, "Qarabağ" ÇL-in qrup mərhələsində yer alsın. Amma zənnimcə ən azı Avroliqanın qrup mərhələsində oynamağa qadirdilər".

Həsənzadə "Neftçi" və "Səbail"lə bağlı bunları söylədi: "Neftçi" ilə bağlı düşüncələr fərqlidi. Mövsümboyu güclü və zəif oyunları da oldu. Hazırda kifayət qədər dəyişiklik edilib. Sonuncu yoldaşlıq matçı və hazırlıqla bağlı nəsə deyə bilmərəm. Düşüncəm odu ki, oyun baxımından çətinlikləri olacaq. Hamı öyrəşib ki, komandaları büdcə ilə müqayisə etsin. İndiki durumu nəzərə alsaq mən belə münasibət bəsləmək istəmirəm. Büdcələri fərqli ola, amma hazırkı vəziyyəti qənaətbəxş olmaya bilər. Deməzdim ki, "Neftçi" bu mərhələni rahat şəkildə keçəcək. Təəssüflər olsun ki, son vaxtlar komandanın oyunun izləyə bilməmişəm. Ona görə deyə bilmərəm hansı mövqedə zəifliklər var, yaxud güclüdü, özünü toparlayıb. Bildiyim odu ki, heyətə xeyli sayda yeni futbolçular cəlb edilib. O oyunçuların da özlərini tapması üçün, yetəri qədər vaxt keçməyib"

Tanınmış veteran qolkiper "Səbail"in boyundan yuxarı tullandığını bildirib: "Səbail" öz boyundan yuxarı tullanmağa qadir oldu. Beynəlxalq yarışlarda iştirak hüququ qazandıqları ilk ildə, artıq avroliqaya vəsiqəni təmin etdilər. Onlar üçün çox yaxşı nəticə idi. Ancaq "Krayova" Avroliqanın ilk mərhələsində "Səbail"lə düşəcək ən güclü rəqib idi. Düşünmürəm ki, bu rəqibi asan keçəcəklər. Yenə də, "Səbail" bizləri kifayət qədər ümidləndirib. "Krayova"nın bir oyununu təsadüfən izləmişəm. Macarıstan komandası ilə yoldaşlıq görüşü keçirirdi. Gördüyüm odu ki, kifayət qədər möhkəm, etibarlı komandadı. Xüsusən də müdafiə xəttində etibarlı oyun göstərir. Ümumi qiymətləndirsək, düşünmürəm ki, "Səbail" "Krayova"dan çox aşağı səviyyədədi. Əslində Rumıniya futbolu indi heç də inkişaf dövrünü yaşamır. Ən azından klub səviyyəsində, gördüyümüz qədər artıq heç bir mötəbər turnirdə iştirak etmirlər. "Krayova" ilə bağlı belə məlumatım var ki, daha çox gənclərə üstünlük verirlər və futbol biznesi ilə məşğuldular, nəinki hansısa nəticələr üçün çalışırlar. Nəticələrə önəm vermirlər, bir qədər bu amili "Səbail" üçün üstünlük saymaq olar. Amma komandanın təcrübəsizliyi, belə turnirlərdə oynamaması, o cümlədən məşqçinin cavan olması və bu "yük"ün altında özünü nə dərəcədə rahat göstərə, komandanı necə idarə edə biləcəyi ilə bağlı suallarımız həmişə olacaq. İstənilən halda düşünmürəm ki, "Krayova" bizim "Qarabağ" və "Neftçi"dən iki baş güclüdü. Öz çempionatımızda "Səbail"in "Qarabağ" və "Neftçi"yə qarşı kifayət qədər inamlı oyunları olub. Hətta qələbə də qazanıb. İlk oyunda nə qədər pessimist olsaq belə, səfərdə müsbət nəticəyə inanmaq olar".

Bəs yığmamızın sabiq qapıçısı "Qəbələ"dən nə gözləyir?: "Qəbələ"nin ümumilikdə siyasəti dəyişdirildi. Həm heyət, həm oyunçular, həm də rəhbərlikdə dəyişikliklər oldu. Amma onların mərhələ adlamaq məsələsini gündəmdə saxlayardım. Çox güman ki, rəqibləri Tiflis "Dinamo"su olacaq. Düşünürəm ki, gürcü komandasının mövcud vəziyyəti o qədər də ürəkaçan deyil və "Qəbələ" ilə eyni səviyyəli rəqib olacaq. Əslində birinci deyil, ikinci mərhələdə "Qəbələ"nin şanslarının nə qədər yüksək olacağını demək istəyərdim. "Dinamo" ilə çox çətin oyun keçirəcəklər. Bildiyimə görə "Dinamo"nun durumu da o qədər yaxşı deyil. "Qəbələ"nin şansı var".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR