Cavid Türkiyəyə yollanır:

Cavid Türkiyəyə yollanır: "Azərbaycanda bu uşağa 10 manat verən tapılmadı"

Bir neçə gün öncə saytımızda gənc qapıçı, 16 yaşlı Cavid Qurbanovla bağlı yazı dərc etmişdik. Ölkədə müxtəlif klubların akademiyalarında olmuş, sonuncu dəfə "Keşlə"nin aşağı yaş qruplarında forma geymiş Cavid ötən mövsüm bitəndən sonra klubsuz qalmışdı. Perspektiv vəd etməsinə baxmayaraq, yaşına görə kifayət qədər hündür, 194 sm boya, lazımi qapıçı keyfiyyətlərinə malik olan Cavidə yaxın duran tapılmırdı. Bu haqda onun atası İntizar Qurbanov məhz Sport7.az-a məlumat vermişdi. Ata Qurbanovun sözlərinə görə klubunda heç bir əsas gətirilmədən, müxtəlif bəhanələrlə əvvəlcə ehtiyatda oturdulan qapıçı, daha sonra ümumiyyətlə heyətə daxil edilməyib. Nəticədə futbola həvəsi qalmayan gənc daha oynamaq istəmədiyini bildirmişdi. 

Məsələni mətbuatda işıqlandırandan sonra atası Cavidlə bağlı yeni təkliflərin olduğunu və ölkədə bəzi klubların maraqlandığını desə də, sonradan heç bir konkret, rəsmi söhbət olmadığını bildirdi. Yəni, Azərbaycanda "Sabah", "Səbail", "Zirə" və sair klublardan maraqlananalar ortaya çıxsa da verilən sözlər boş vədlərdən ibarət olub. Daha doğrusu, qarşıya qoyulan şərtlər gülməli olub. Maraqlananların şərtləri belə olub ki, Cavid öz hesabına bazaya gəlsin-getsin. Üstəlik orada yer olmadığından öz cibindən pul xərcləyib kirayə ev tutsun, elə qidalanma məsələsini də özü həll etsin. Təbii ki, heç bir maaş, adi yeməkpulu verilməyən, özü də hələ cəmi 16 yaşı olan futbolçudan bunları tələb etmək həqiqətən absurddu. Üstəlik bu şərtləri bölgədə yaşayan və ailə büdcəsi o qədər də yüksək olmayan bir uşağa təklif etmək isə absurddan da absurddu. Azərbaycanda futbolçu yetişməməsinin səbələri də məhz bu kimi problemlərdən qaynaqlanır. Nəticədə gənc futbolçu ölkədən, futboldan, ya soyuyub ümumiyyətlə karyerasını başlamamış bitirir, ya da çıxıb xaricə, ona qiymət verilən yerə gedir və fəaliyyətini davam etdirir. Olanlardan sonra artıq ümidlərini itirən ailə başçısı da bizə açıqlamasında Cavidin mebel fabrikinə işə düzəlməsi üçün sənəd təqdim etdiyini söylədi. Ancaq "ümid sonda ölür" deyirlər...

Təbii, məsələni diqqətdə saxladığımız üçün futbolçu ilə bağlı yeni və sevindirici xəbər aldıq. Belə ki, Azərbaycanda yetərincə diqqət görməyən gənc perspektiv Türkiyəyə yollanmağa hazırlaşır. Qardaş ölkənin 3-cü liqasının bölgələr üzrə 3-cü qrupunda çıxış edən "Darıca Gənclərbirliyi" Cavidi heyətində görməyə maraqlıdı. Artıq tərəflər arasında razılaşma əldə olunub. Sözügedən klubun nümayəndəsi bu yaxınlarda Azərbaycana gələrək həm qapıçının atası, həm də özü ilə söhbətləşəcək. Bəzi detallar da razılaşdırıldıqdan sonra klub nümayəndəsi ilə birlikdə Türkiyəyə gedəcəklər və orada rəsmi müqavilə imzalanacaq. Üstəlik, komandada işindən başqa Caviddən əlavə heç nə tələb olunmayacaq. Yəni, qapıçının bütün xərclərini, yaşamaq, yemək üçün şərait yaratmağı klub öz üzərinə götürüb. 

Bütün bunlar haqda bizə qapıçının atası məlumat verdi. İntizar bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "İnşallah bir neçə gündən sonra Türkiyəyə gedəcəyik. Müqavilənin şərtlərini razılaşdırıb bağlayacağıq. Notariusda təsdiq olunandan sonra Türkiyəyə yollanacağıq. Klubun nümayəndəsi ilə danışıqlarımız artıq yekunlaşıb. Cavid "Darıca Gənclərbirliyi" ilə 3 illik peşəkar müqavilə bağlayacaq".

Ata Qurbanov Azərbaycanda və Türkiyədə belə perspektivlərə yanaşma baxımından xeyli fərqlər olduğunu deyərək, narazılığını açıq şəkildə söylədi: "Danışdıq, dedilər ki, heç nə lazım deyil. Sadəcə, nə geyəcəksə özü ilə yalnız onları götürsün. Futbol geyimlərini isə özləri təşkil edəcəklər. Əlcəyindən tutmuş mövsümlük butslarına qədər hər bir şeylə, o cümlədən, yemək-içmək və yaşayış yeri ilə də təmin olunacaq. Bildirdilər ki, tam yetişdirənə kimi, yəni üçillik müqavilə bağlanacaq. Özü də U-19 liqasında oynayacaq. Hansı ki, o da peşəkar liqa sayılır. Bu türklərin yanaşmasıdı. Amma Azərbaycanda bu uşağa günə 10 manat verən tapılmadı. Türklər, ruslar gəlib perspektivli uşaqlarımızı daşıyır, amma özümüzdə onlara yer yoxdu. Belədə biz hansı futboldan danışa bilərik? Hansı məbləğ təklif olunmasına baxmayaraq Cavid bir də Azərbaycana qayıtmayacaq. Qoy lap Türkiyənin bayrağını qaldırsın. Camaat Türkiyədə bizim üçün narahat oldu. Üstəlik uşaqla bağlı hər bir məlumatı əldə ediblər. İndi baxın görün Türkiyədə və Azərbaycanda futbola yanaşma necədi. Bizdə valideyn pul xərcləyir ki, övladı futbolçu olsun. Amma orada klub xərc çəkir, perspektiv vəd edən uşaqları futbola qazandırmağa çalışır. Baxın, oğlum neçə vaxtdı oynamadığı üçün formada deyil. Lakin bunun onlar üçün önəmi olmadığını bildirdilər. Əsas bacarıq və keyfiyyətləridi. Cavid qapıçılıq keyfiyyətləri, tərbiyəsi, mədəniyyəti yerində olan, perspektiv vəd edən uşaqdı. Hər halda onlar da nələrisə bilirlər, yoxsa o boyda klub nümayəndəsi, xərc çəkib Türkiyədən bura gəlməzdi. Azərbaycanda 10 manat tapıb uşağa xərcləyə bilmədilər, amma camaat Türkiyədən gəlib aparır. Ölkəmizdə futbolçu yetişməməsinin də səbəbləri bunlardı. Hər halda "Zər qədrini zərgər bilər". Azərbaycanda demək olar bütün klublardan zəng vurub maraqlandılar, amma heç bir vəd yerinə yetirilmədi. Bizdə futbolçu axtarmırlar. Harda azərbaycanlı ad soyadı varsa, onu götürüb milliləşdirirlər. Niyə özümüz yetişdirmirik? Futbolçu yetişdirmək üçün, öyrətmək lazımdı. Öyrətmək üçün də mütəxəssis olmalıdı. Nə vaxt mütəxəssis olacaqsa, o zaman Azərbaycanda futbol inkişaf edəcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR