Ceyhun Sultanov:

Ceyhun Sultanov: "Hamı əlindəki çörəyi gizlədirdi" - MÜSAHİBƏ

"Gencaile.az” saytının "11 sual” rubrikasının budəfəki qonağı Azərbaycan futbolunun tanınmış nümayəndəsi olan, milli komandanın sabiq üzvü, hazırda isə "Sumqayıt” klubunun baş meneceri kimi çalışan Ceyhun Sultanovdur.
 
- Müsahibələrinizin birində demişdiniz ki, ailəniz sizin futbolla məşğul olduğunuzu məşqlərə qatıldıqdan bir il sonra bilmişdi. Həmin vaxt valideynlərinizin buna reaksiyası necə olmuşdu?
- Düzü, əvvəl bir az etiraz etdilər, amma mənim fikirimin qəti olduğunu gördükdən sonra mənimlə razılaşdılar. Sonradan valideynlərimin də bu idman növünə maraqları yaranmışdı.
 
- Qardaşınız Renat Sulatanov da futbolçu idi. Onda necə, futbola marağı siz yaratmışdınız?
- Yox, biz ümumiyyətlə ailədə beş qardaş olmuşuq və hamımızın da futbola marağı olub. Yəni Renat mənim təsirimlə yox, öz istəyi ilə bu sahəyə üstünlük vermişdi.
 
- Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
- Əslində, həyat yoldaşımın futboldan o qədər də anlayışı yoxdur. Amma evlənərkən mənim futbolçu olmağımla bağlı heç bir problem olmamışdı.
 
- Futbolçu karyeranızda oyun qurucusu olmusunuz. Necə düşünürsünüz, oyun qurmaq daha asan idi, yoxsa ailə qurmaq?
- Çətin sualdır, amma məncə, ailə qurmaq daha çətindir. Çünki oyun zamanı ediləcək bir səhvi sonradan sığortalamaq olar, ancaq ailə qurarkən yalnışlığa yol verilsə, bunun nəticəsi daha pis ola bilər.
 
- Oyun quruculuğundan söz düşmüşkən, pleymeyker kimi sizin üçün hansı hücumçu ilə oynamaq daha rahat idi?
- Mənim üçün Xaqani Məmmədov və Zaur Ramazanov kimi forvardlarla oynamaq daha asan idi.
 
- Yenidən ailə mövzusuna qayıdaq. Ailəniz sevgi üzərində qurulub, yoxsa valideynlərinizin məsləhəti əsasında?
- Sevgi əsasında. Mənim həyat yoldaşım evlənməmişdən əvvəl mənim həkimim olub.
 
- Futbolçu kimi evdən kənarda çox olmusunuz. Hətta İranda legioner həyatı da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?
- Açığı, elə də ciddi problem yaşamamışam. Mən legioner həyatı yaşayanda ailəm burda olsa da, tez-tez yanıma gəlirdilər deyə ciddi problem olmurdu.
 
- Özünüzün edə bilmədiyiniz nə isə varmı ki, onu övladlarınızın etməsini istərdiniz?
- Məsələn, mən futbolçu kimi dünya və Avropa çempionatında çıxış etmək, həmin turnirlərdə uğur qazanmaq istərdim, amma buna nail olmadım. Bunun övladım tərəfindən reallaşdırılmasını istərdim. Ancaq mən qız atası olduğumdan, deyəsən, bu arzularım elə arzu olaraq da qalacaq (gülür – T.M.)
 
- Sözünüzdən belə çıxır ki, oğlunuz olsa, onun futbolçu olmasına etiraz etməyəcəksiniz...
- Təbii ki, onu 100% futbola aparardım.
 
- Futbolçulardan kimlərlə ailəvi münasibətiniz var?
- Xaqani və Füzuli Məmmədov qardaşları, eləcə də Emin İmaməliyevlə ailəvi münasibətimiz var.
 
- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz...
- Ən maraqlı hadisələrdən biri təxminən 16 yaşında başıma gəlmişdi. Zirədəki oyundan qayıdarkən sonuncu qatara gecikdik. Heç avtobusa da vaxtında çata bilmədik və nəticədə bütün komanda ilə yolda qaldıq. Pulumuzun da olmayan vaxtı idi. Sonradan təsadüfən yoldan keçən KAMAZa mindik. KAMAZda yol gedərkən hamı əlindəki çörəyi yeyirdi. Həmin vəziyyətə həm gülürdük, həm də əsəbləşirdik. Hamı da əlindəki çörəyi gizlədirdi ki, heç kim öz çörəyini tez yeyib başqasından istəməsin.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR