CV-lər, müsahibələr,

CV-lər, müsahibələr, "PowerPoint" təqdimatları... - Professional məşqçilərin işə qəbul prosesi necə olur?

Adət etdiyimiz kimi, məşqçi namizədlər də vakansiya olanda müəyyən elektron poçt ünvanına CV-lərini göndərib, cavab gözləyirlər?; İş müsahibələri zamanı onlardan nələr soruşulur?; Joze Mourinyu, Pep Quardiola və Yürqen Klopp kimi elit məşqçilər də müsahibələrdə iştirak edirlər?

2018-ci ilin mayında Arsen Vengerin 22 illik "Arsenal" karyerası bitdi. Fransız mütəxəssisin xələfinin müəyyənləşdirilməsi prosesinin elə də asan olmayacağı əvvəlcədən bəlli idi. Venger qərarı barədə klubu məlumatlandırdıqdan qısa müddət sonra rəhbərlik çalışmalara başlayıb. İlkin siyahı geniş olsa da, insayderlərin məlumatına görə, sonda namizədlərin sayı 8-ə endirilib: Mikel Arteta, Massimiliano Alleqri, Unay Emeri, Tyerri Anri, Yulen Lopeteqi, Ralf Ranqnik, Xorxe Sampaoli və Patrik Vieyra. Ardınca müsahibə mərhələsi başlayıb. Ən yaxşı kostyumlarını əyinlərinə keçirib, saatlarla vaxt sərf etdikləri təqdimat və analiz materiallarını da götürüb, bir-bir "Arsenal"ın ofisinin yolunu tutublar. Sonda prosesdən uğurla keçən namizədin kimliyi bəllidi. Əslində, "Arsenal" nümunəsi futbol üçün unikaldı. Çünki Venger nəticələrdən tam da asılı olmayaraq, öz istəyi ilə getmək fikrinə düşmüş və qərarını açıqlamışdı. Klub isə həmin periodda imicinə xələl yetirmədən, aradakı vasitəçilərə məhəl qoymadan Arsenin əvəzləyicisini tapmaqda qərarlı idi.

Normalda proses başqa formada cərəyan edir. Uğursuz nəticələr bir-birini əvəz edir, mütəxəssislər efirdə tənqidlərə başlayır, qəzetlərin başlıqlarında hər gün sən... Beləliklə, kluba zənglər başlayır, elektron poçt qutusu dolur. Namizədlərin özlərindən çox, ortada mənfəət güdən vasitəçilər məsələyə müdaxilə edirlər. Hətta İngiltərə, Almaniya, İspaniya, İtaliya kimi ölkələrin regional çempionatlarında çıxış edən klublarda belə, baş məşqçi vakansiyası olanda elektron poçt qutusuna 100-ə yaxın CV göndərilir, ofislərə saysız-hesabsız zənglər edilir.

Bütün bu qarışıqlığın içində itib batmaq istəməyən və ən uyğun namizədi müəyyənləşdirmək niyyətində olan klubların strategiyaları olur. Klub hazırda hansı səviyyədədi?; 4-5 il sonra ilə bağlı hədəflər nələrdi?; Klubun hazırda ən çox nəyə ehtiyacı var?; Bu işə nə qədər büdcə ayrıla bilər?; Komanda təcrübəli futbolçulardan ibarət olacaq, yoxsa təməlində gənclər olan heyətin qurulması planlaşdırılır?; Məşqçi, yoxsa menecer? - bu tip sualların cavabları əsasında gedilən yol müəyyənləşdirilir. Bu mərhələdə, güman ki, ən önəmli məsələ məşqçinin xarakteri və klubun kültürünə uyğunluğudu. Çünki həm meydanda, həm də klubdaxili idari məsələlərdə gedişatı müəyyənləşdirən şəxs məşqçilərdi. Rəhbərliklə münasibətlər futbolçular ilə olduğu qədər, bəlkə də, daha çox önəm daşıyır. Prezidentləri, idarə heyətinin üzvlərini sevmək şərt deyil, sadəcə, azından birlikdə işləməyi bacarmaq lazımdı. Təcrübəli futbol idarəçilərinin əksəriyyətinin fikrinə görə, hazırda klublar diktator tipli məşqçilərdən çox, klubu mənimsəyəcək, "kimya"nı pozmayacaq adamların axtarışındadılar. Digər əsas kriteriyaları isə dediyim kimi, namizədin komandanın fəlsəfəsini özündə əks etdirməsi ilə bağlıdı. Əks nümunə varmı? Olur, çox yox, 2 il əvvəl Ronald Kumanın yerinə məşqçi axtarışında olan "Everton" Sem Ellardays və Eddi Hau kimi iki zidd qütbü təmsil edən namizədə siyahısında yer vermişdi.

Adətən müsahibə götürən şəxslərin əksəriyyəti məşqçilər olmur. Hə, bəzi klublarda texniki direktorlar prosesin bir parçası olur, amma əksər hallarda məşqçilərin taleyi texniki işlərlə əlaqəsi olmayan insanların əlində olur.

Müsahibələrin əksəriyyəti iki hissədən ibarət olur. İlk hissədə namizədlərdən bu tip suallar soruşulur: Hazırkı komanda ilə nəyə nail ola bilərsiniz?; Heyətə nə kimi əlavələr edərdiniz?; Komandanın oyun tərzini necə inkişaf etdirə bilərsiniz?; Məşq metodlarınız necədi?; Həftəlik iş prosesinizin qrafiki necədi?; Akademiyadan gələcək oyunçularla bağlı yanaşmanız necədi?; Bir üst diviziona çıxmaq və ya çempionatı üst sıralarda bitirmək üçün nə qədər büdcəyə ehtiyacımız var?

İkinci hissədə isə namizədlər klubun tarixi, azarkeş bazası kimi məsələlərlə bağlı sorğu-sual olunurlar. Məsələn, soruşulur: Azarkeşlərlə bağlı keçiriləcək hansısa bir tədbirdə iştiraka necə baxırsınız?

Amma son illərdə gedişat bir az dəyişib. Artıq top səviyyəni təmsil edən klublar bəzən məşqçilərdən təqdimat hazırlamağı da tələb edirlər. "PowerPoint" məsələsinin ilkin nümunələrindən biri Sem Ellardaysla bağlıdı. İngiltərə millisi 2006-cı ildə baş məşqçi axtaranda namizədlərin sırasında Ellardays da var imiş. Dediyinə görə, analizləri, komanda ilə bağlı planlarını, bir sözlə hər şeyi detallı şəkildə "PowerPoint"də hazırlayıb və müsahibəyə yollanıb. Görüş zamanı federasiya rəsmisi ona otaqda prezentasiya etmək üçün imkan olmadığını deyəndə isə Semin planları suya düşüb.

İndi artıq təqdimatlar məşqçilərin işə qəbulu prosesinin şablonuna çevrilib. Məsələn, 2016-cı ildə baş məşqçi axtarışında olan Belçika Futbol Federasiyası da bənzər addıma əl atmışdı. Namizədlərdən Belçikanın Avro-2016-dakı zəif çıxışı barədə təqdimat hazırlamaları, xüsusilə də Uelslə görüşdə qeydə alınan 1:3 hesablı məğlubiyyəti analiz etmələri və çıxış yolları tapmaları istənilmişdi. Deyilənlərə inansaq, Roberto Martines bu mənada həmkarlarını açıq-aşkar qabaqlayıb. Əvəzində, daha təcrübəli, Premyer Liqa keçmişi olan və adı açıqlanmayan namizədə rədd cavabı verilib. Müsahibə komitəsinin həmin şəxslə bağlı qeydində belə bir ifadə var: "Oyunçuları yatızdıracağından qorxduq". Bu arada, Martineslə bağlı onu deyim ki, 2012-ci ildə təqdimatı ilə onun bütün planlarını alt-üst edən başqa biri var. Onda "Liverpul" ispan mütəxəssislə yanaşı, Brendan Rocersə də şans verib. BR 180 səhifəlik manifestlə idarə heyətinin qarşısına çıxıb və məsələni oradaca bitirib.

Marselo Bielsa bu mövzunu bir başqa səviyyəyə daşıyanlardandı. Məşqçi axtarışında olan "Lids"in icraçı direktoru Anqus Kinnir və futbol şöbəsinin direktoru Viktor Orta Bielsa ilə görüşmək üçün Buenos-Ayresə yollanırlar. Görüş toplam 13 saat davam edir. Sən demə, Bielsa "Lids"in 2017-18 mövsümündə oynadığı 51 matçın hamısını izləyib və analizlərini hazırlayıb. Hər oyunçu ilə bağlı spesifik detallar, onların alternativ mövqeləri, müxtəlif sistemlərə qarşı oynamaq yolları... - bir sözlə, qeydlərdə hər şey var imiş. Sonra Kinnir Çempionşip haqda suallar vermək istəyib, amma peşman olub. Argentinalı mütəxəssis ikinci divizionun digər klublarına aid ətraflı analizləri də onlarla bölüşüb. Həmin gün baş verənləri Kinnirin bu açıqlaması ən yaxşı şəkildə izah edir: "Bielsa "Lids"i bizdən daha yaxşı tanıyırdı".

Maraqlı işə qəbul proseslərindən biri də İan Börçnall adlı gənc məşqçi ilə bağlıdı. O, hazırda "Österşund"da çalışır. Ondan əvvəl isə "Vikinq"də işləyib. Adını çəkdiyim sonuncu kluba işə düzələrkən İana əvvəlcədən 4-5 bir-birindən fərqli insan profilləri göndərilib və onlar haqda geniş analiz hazırlaması istənilib. Daha sonra Osloda klubun baş icraçı direktoru ilə görüşüb, ardınca isə Stavanqerə ("Vikinq"in təmsil etdiyi şəhər) yollanıb. Orada psixoloq 3 saata yaxın onun profillər üzrə cavablarını təhlil edib və kluba uyğunluğunu müəyyənləşdirməyə çalışıb.

Elit səviyyəni təmsil edən, Quardiola, Klopp, Mourinyu kimi məşqçilərin təyinat prosesi bir az fərqlənir. Onlar artıq tipik müsahibə mərhələsini geridə qoyublar. Kiminləsə rəqabət aparmaq, seçim prosesinin parçası olmaq niyyətində deyillər. Amma bu qrupun sıraları elə də geniş deyil. Sözügedən isimlərin əvəzinə, adətən, təmsilçiləri - menecerlər məsələləri həll edirlər. Məşqçilər son etapda rəhbərliklə görüşürlər. Bu isə sadəcə rəmzi xarakter daşıyır.



OXŞAR XƏBƏRLƏR