"Darıca Gənclərbirliyi"nin rəsmisindən cavab gəldi: "Klubu əsassız ittiham etmək yersizdi"

Gənc qapıçı Cavid Qurbanovun Türkiyə klubu "Darıca Gənclərbirliyi"nə keçidi ilə bağlı məsələni yazmışdıq. 16 yaşlı qolkiperi heyətində görmək istəyən klubla danışıqlar da olmuşdu. Sözügedən türk komandasının rəsmisi Nail Zeynalov qapıçının atası İntizar Qurbanovla əlaqə saxlamış onu kluba transfer edəcəklərini söyləmişdi. Müəyyən danışıqlardan sonra razılıq əldə olunsa da son anda məsələ alınmayıb. Belə ki, danışıqlar zamanı Nail bəy onun atasına Bakıya gələcəyini və detalları dəqiqləşdirəndən sonra Cavidi Türkiyəyə aparacaqlarını bildirib. İntizar bəy də futbolçu üçün gələn digər təklifləri geri çevirərək, "Darıca Gənclərbirliyi"nin nümayəndəsinin yolunu gözləsə də klubdan xəbər çıxmayıb. Futbolçunun atası saytımıza açıqlamasında onunla əlaqə saxladığını, mesaj yazdığını, lakin heç bir cavab almadığını bildirib. Nəticədə transfer pəncərəsi bağlanandan sonra uşağın futbolsuz qalacağından ehtiyat edərək "Kəpəz"lə müqavilə imzalayıblar. 
 
Məsələ Sport7.az-da işıqlandırılandan sonra Zeynalov şəxsi "Feysbuk" səhifəsində açıqlama verib. "Darıca Gənclərbirliyi"nin rəsmisi bunları yazıb: "Dostlar, bir məsələyə aydınlıq gətirmək istəyirəm... Xatırlayırsınızsa, 16 yaşlı qapıçı Cavid barədə status yazmışdım. Demişdim ki, uşağın həqiqi potensialı ilə bağlı məlumat toplanır və bu məsələ üçün Bakıya gələcəm. O statusda da, uşağın atasına da gəlib üz-üzə danışandan sonra qəti qərar verəcəyimizi demişdim. Hətta dəfələrlə atasına da deyildi ki, mediaya Cavid artıq Türkiyədədi, yaxud, 3 illik müqavilə bağlanıb kimi açıqlamalar vermək yersizdi... Ancaq və ancaq mən Bakıya gələndən sonra, əgər bu iş rəsmiləşərsə, rəsmi açıqlama verəcəyik...

O ərəfədə belə bir problem də ortaya çıxdı ki, mən Azərbaycanda olduğum tarixdə orda artıq transfer pəncərəsi bağlanmış olacaq. Bu o deməkdi ki, əgər biz üz-üzə danışandan sonra da, hər hansı səbəbdən razılaşa bilməsəydik, uşaq klubsuz qalacaqdı... Biz bu məsuliyyətin altına girə bilməzdik. Bunu da valideyninə bildirdik. İndi uşaq başqa klubla müqavilə bağlayıb. Uğur olsun! Amma klub geri dönmədi-filan kimi söhbətlər yersizdi... Bizim ilk gündən sözümüz bu olub ki, ancaq mən Bakıda həm atası, həm də uşağın özüylə danışandan sonra qəti qərar verə bilərik... Valideyni də riskə getməyib, başqa klubla razılaşıbsa, bu onların təbii haqqıdı. Məntiqlisi də bu idi. Amma klubu da əsassız ittiham etmək yersizdi... Uğurlar..."
 
Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR